"Ermənistanın çətin günləri qabaqdadır" - Zərdüşt Əlizadə
Politoloq Zərdüşt Əlizadə “AzPolitika.info”-ya müsahibəsində Türkiyə-Azərbaycan birgə hərbi təlimləri, azərbaycanlıların Qarabağa qayıdışı, eləcə də dünən Tehranda xarici işlər nazirlərinin “3+3” formatında görüşünün perspektivləri və s. mövzularla bağlı sualları cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Zərdüşt bəy, oktyabrın 23-də Azərbaycan və Türkiyə Silahlı Qüvvələri işğaldan azad olunmuş Qarabağ ərazilərində birgə hərbi təlimlərə start verib. Qarabağ münaqişəsinin başa çatmasından sonra bu cür birgə təlimləri necə qiymətləndirirsiniz? İki ölkənin hərbi əməkdaşlığı bundan sonra hansı səviyyəyə çata bilər?
- Azərbaycan öz suverenliyini bərpa edib. Deməli, bölgədə istədiyini edə bilər. Hərbi təlimlər keçirər, ərazilərini minalardan təmziləyər, tikinti-quruculuq işləri ilə məşğul ola bilər və s. Hər iki ölkəyə hərbi sahədə əməkdaşlıq sərf edir. Hər iki ölkənin ordusu xüsusən də, silahlanma məsələsində bir-birinə yaxınlaşır. Hesab edirəm ki, 10-15 il ərzində Azərbaycan ordusunun istifadəsində keçmiş sovet silahları yox, tamamilə Qərb silahları olacaq. Bizə xoşdur ki, NATO-nun ikinci ən güclü ordusu olan Türkiyə bizim yanımızdadır və bu, bizə inam verir.
- Rusiya sülhməramlıları hələ də Azərbaycan ərazisindədir. Kreml həmişə Cənubi Qafqazı özünün nüfuz dairəsinə aid ərazi hesab edib. Bu baxımdan Türkiyə ilə birgə təlimlər Rusiyada necə qarşılanır? Rəqabət davam edirmi?
- Böyük dövlətlər arasında rəqabət hər zaman davam edir. Siyasətşünaslıqda əlifba kimi bəzi labüd həqiqətlər var. Məsələn, onlardan biri odur ki, ordunun silahlanmasında böyük bir dövlətdən asılılıq varsa, həmin ölkə o silahı istehsal edən dövlətlə sıx əməkdaşlığa məhkumdur. Bu əlifbanı bilməyən dövlətlər hər zaman problemlər yaşayırlar.
- Məsələn, Ermənistan kimi...
- 90-cı illərdə bizim ordumuzda yalnız sovet silahlarından istifadə edilirdi və Rusiya bizim ərazimizin 0,1 faizində hərbi baza yaratmaq istəyirdi. Lakin biz buna qarşı çıxdıq. Nəticədə 15-17 faiz ərazimiz işğal olundu, 7 rayonumuz dağıdıldı, 600 min azərbaycanlı isə yurd-yuvasından didərgin düşdü. Artıq zaman dəyişib. Sən ilk növbədə qonşuluğunda olan dövlətlərlə normal münasibətdə olmalısan. Çünki bu, təhlükəsizlik baxımından vacib bir məsələdir. Diqqət etsəniz, biz NATO ölkəsi Türkiyənin hesabına ordumuzu inkişaf etdiririk, amma Rusiyanı qıcıqlandırmamaq üçün NATO sözündən istifadə etmirik. Digər tərəfdən, bu gün Ermənistan Fransa və Hindistan silahına yönəlir. Bu, onlar üçün problemlər yaradacaq. Hesab edirəm ki, Ermənistanın çətin günləri hələ qarşıdadır.
- Müharibə dövrü arxada qaldı, Azərbaycan bölgənin yenidən qurulmasını, məskunlaşdırılmasını prioritet elan edib. Bu kontekstdə azərbaycanlıların bütün Qarabağa qayıtması məsələsi öz həllini necə tapa bilər?
- Hazırda Azərbaycanın əsas problemi əhalinin Qarabağa qayıdışıdır. Əvvəlki sayda əhalinin geri qayıtması mümkün deyil. Çünki onların bir çoxu artıq Bakıda məskunlaşıblar, həyat tərzləri bura uyğunlaşıb və s. Amma təbii ki, müəyən bir hissəsi geri qayıdacaq. Düşnürəm ki, ən azı 100 min əhali geri dönəcək. Lakin ola bilər, sabah Azərbaycan hökuməti elə bir cazibədar iş görər ki, qısa bir dövrdə 200-300 min insan Qarabağa qayıdar.
- Zərdüşt bəy, bəs ermənilərin qayıdışı necə, realdırmı?
- Əlbəttə realdır. Bildiyiniz kimi, onların tərk etdikləri evlər, mağazalar, binalar Azərbaycan polisi tərəfindən ciddi şəkildə mühafizə olunur. Onlar bir müddət sonra gəlib görəcəklər ki, evləri dağıdılmayıb, hər cür şərait var, yəni yaşamaq mümkündür. Sonra deyəcəklər ki, “mən niyə gedirəm axı?” Deyilənə görə, Qarabağdan 65 min erməni gedib. Hazırda onların bir hissəsi öz qohumlarının evlərində, bir hissəsi də düşərgələrdə yaşayırlar.
- Amma Qarabağdan gedən təxminən 7 minə yaxın erməni qısa müddətdə Ermənistanı tərk edib, Rusiyaya üz tutub...
- Bəli. Burada bir məsələyə diqqət yetirməyinizi istəyirəm. Azərbaycan Qərbin və Ermənistanın “etnik təmizləmə” ittihamlarından xilas olmaq üçün bundan istifadə edə bilər. Təsəvvür edək ki, Azərbaycan tərəfi elan edir ki, biz öz evini, torpağını satmaq istəyən ermənilər üçün şərait yaradırıq. Məsələn, ikiotaqlı evə 20 min dollar, üçotaqlı evə 30-40 min dollar pul təklif edirik. Əvvəl 3-5 erməni evini satsa, aldığı o pulu digərlərinə də göstərsə, onlar sürü halında Qarabağa qaçacaqlar.
- Sizcə, ermənilərin Qarabağda yaşaması üçün hansısa hüquqi bir mexanizm sülh müqaviləsinə daxil edilə bilərmi?
- Xeyr. Azərbaycan sülh müqaviləsində bunu istisna edir. Çünki bu, bizim daxili məsələmizdir.
- Bəs azərbaycanlıların tarixi ərazilərimizə qaytarılması məsələsi necə, sülh müqaviləsində Ermənistanın öhdəliyi kimi nəzərdə tutula bilərmi?
- Bu, gələcək hadisələrlə bağlı olan bir məsələdir. Əgər ermənilər Qarabağa qayıtsa, onları qorumaq üçün xüsusi bir rejim tələb olunsa, bizim də müəyyən tələblərimiz ola bilər. Məsələn, Azərbaycan Qarabağda yaşayacaq ermənilərə təhlükəsizlik zəmanəti verərək, azərbaycanlıların Zəngəzura qayıtmasını tələb edə bilər. Ancaq mən hesab edirəm ki, bu, o halda mümkün olacaq ki, iki dövlət arasında münasibətlər yüksək səviyyədə inkişaf edəcək, qarşılıqlı etnik nifrət aradan götürüləcək və bir-birinə etibar yaranacaq. Bundan sonra isə mədəni əlaqələr başlayacaq. Bu zaman hansısa erməninin Bakıya gəlməsi fövqəladə bir hadisə olmayacaq. Müxbirlər tökülüşməyəcəklər ki, “Bakıya erməni gəlib”.
Baxın, bu gün Azərbaycanda bizimlə eyni hüquqlara sahib olan çoxlu sayda xarici vətəndaş yaşayır. Onların təkcə səsvermədən başqa bütün hüquqları mövcuddur. Ermənilər də bu formada yaşaya bilərlər. Bizneslə məşğul olmaq, Ermənistana gedib-gəlmək istəyirlərsə, qoy gedib-gəlsinlər. Erməni Azərbaycan dilində danışmaq istəmir, qoy danışmasın da. Bu zaman dövlət idarələrində çalışa bilməyəcək. Çünki dövlət idarələrində çalışmaq istəyən şəxs mütləq qaydada Azərbaycan dilini bilməlidir.
- İki ölkə arasında son 30 ildə qanlı qarşıdurmalar olub, azərbaycanlılara qarşı soyqırım törədilib. Belə olan halda, bu iki xalqın birgə yaşayışı necə mümkün ola bilər?
- Hər şey insanın özündən asılıdır. Erməni xalqının pisi də var, yaxşısı da. Azərbaycanda pis insan yoxdur? Bizdə də var. Burada hökumətdən də çox şey asılıdır.
- Hazırda Tehranda xarici işlər nazirlərinin “3+3” formatında görüşləri keçirilir. Bu formatın perspektivini necə qiymətləndirirsiniz?
- İdeya belədir ki, bu format sonradan təşkilata çevrilsin. Gələcəkdə bu format regional bir təşkilat ola bilər. Regional təşkilatın səmərəsi ona üzv dövlətlərin fəaliyyətindən asılıdır. Azərbaycan üçün belə bir format xeyirlidir. Bu formatda Azərbaycan, Ermənistan və Gürcüstan arasında regional əməkdaşlığı inkişaf etdirə bilərik. Burada əsas məqsəd odur ki, bu formatdakı böyük dövlətlər - Türkiyə, Rusiya və İran digər üç kiçik dövlətə maraqlı olan məsələləri birlikdə müzakirə etsinlər.
E. Rüstəmli
E.Bəyməmmədli