Mədəniyyət Baş İdarəsinin rəisi niyə məhkəməyə verildi? – İLGİNC
Xəbər verdiyimiz kimi Gürgən Mədəniyyət Evinin sabiq direktoru İlham Şahverdiyev Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevi məhkəməyə verib.
İbrahim Əliyevi məhkəməyə verən sabiq direktor işə bərpa olunması ilə bağlı iddia qaldırıb. İşə isə Səbail Rayon Məhkəməsində baxılır.
“Bizə məlumat daxil olmayıb”
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, İlham Şahverdiyevin işə bərpa edilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etməsi barədə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə məlumat daxil olmayıb:
“İlham Ağadadaş oğlu Şahverdiyev 01.04.2021-ci il tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Gürgən Mədəniyyət evinə müvəqqəti sosial məzuniyyət yerinə mədəni-kütləvi tədbirlər üzrə təşkilatçı vəzifəsinə müddətli əmək müqaviləsi əsasında təyin edilib və 01.03.2022-ci il tarixinədək həmin vəzifədə çalışıb. İşçi İ.Şahverdiyev və işəgötürən – Gürgən Mədəniyyət evinin rəhbərliyi arasında hər hansı bir mübahisə olmayıb”, – deyə Mədəniyyət Nazirliyinin cavabında qeyd edilib.
AzToday.az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Gürgən Mədəniyyət Evinin sabiq direktoru İlham Şahverdiyev vaxtilə çalışdığı qurumda yaranmış əmək mübahisəsi ilə bağlı Səbail Rayon Məhkəməsinə müraciət etdiyini deyib:
“Mirzağa Əliyev adına Mədəniyyət Evində təsərrüfat müdiri kimi çalışırdım. İxtisara düşdüm. Halbuki 47 il əmək fəaliyyətim varsa, işlə təmin olunmalıydım. Bir müddət sonra Gürgən Mədəniyyət Evində çalışmağa başladım. 2021-ci il mart ayının 18-i məzuniyyətim tamam olurdu. Martın 1-də işdən çıxarıldığımı öyrəndim. Mühasibatlıqdan soruşuram, deyirlər müdirlə danış. Müdirdən soruşuram, “sən işdən azadsan” deyir. Deyirəm “mən martın 18-nə qədər məzuniyyətdəyəm”. Bir də baxıram ki, adımdan saxta arayış yazıb sənədin arasına atırlar. Məni Gürgən Mədəniyyət Evinə göndərdilər. Orada da baxdılar və bildirdilər ki, vaxt tamam olub və sizi işə 1 il müddətinə götürmüşük”.
“Qanun pozuntusu aşkarlanıb, lakin…”
İlham Şahverdiyev iddia edir ki, Bakı şəhər Mədəniyyət Baş İdarəsi qanun pozuntusu edərək adına saxta arayış çıxarıb:
“Müdir mənim adıma saxta ərizə yazıb sənədin içinə qoyub. Əmək müfəttişliyinə ötürəndə əlində tutmuşam. Bununla bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etdim. Qurum qanun pozuntusunu aşkarlayıb, işə bərpa olunmağımla bağlı məsələ qaldırdı. Amma əməl edən yoxdur.
Çarəsiz qalıb Səbail Rayon Məhkəməsinə müraciət etdim. 1 il 7 aydır, iddia ərizəm qəbul olunmur. Yuxarı dövlət üurumlarının hamısına rəsmi ərizə ilə müraciət etmişəm. Ayrıca, məhkəmə qarşısında da iddia qaldırmışam. Nəqliyyat Nazirliyinin işçisini gətirib Mədəniyyət müdiri qoyublar, mən buna nə deyim?”, – deyə İlham Şahverdiyev əlavə edib.
Bitməyən qalmaqallar
Qeyd edək ki, son vaxtlar Bakı şəhər Mədəniyyət Baş İdarəsinin adı bir çox qalmaqallarda çəkilir. İddialara görə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev vəzifəsindən sui-istifadə edərək qanunazidd qərarlar qəbul edir. Onun təhsilsiz şəxsləri rəhbərlik etdiyi Baş İdarənin tərkibindəki mədəniyyət ocaqlarında işə götürdüyü, çəxsi əmri və idarənin daxili qərarları ilə işçi qəbulu həyata keçirdiyi bildirilir.
Belə ki, İbrahim Əliyevin 14.12.2022-ci il tarixində imzaladığı 164 nömrəli əmrinə əsasən idarənin hazırladığı qanunlara görə sadəcə sertifikatı olan və ya heç bir sənədi olmayan adamlar da idarənin balansına daxil olan müəsisələrdə ödənişli və ödənişsiz formada idman dərsləri verə bilərlər.
Halbuki İdman haqqında qanunun 48-ci maddəsinə əsasən idman üzrə ali və orta ixtisas təhsili olmayan insanlar bu sahə üzrə pedoqoji dərs verə bilməzlər.
Xatırladaq ki, İbrahim Əliyev bundan əvvəl Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini vəzifəsində çalışıb.