İşçisinin məhkəməyə verdiyi ifadə Arzu Rəhimovu çətin duruma saldı...

İşçisinin məhkəməyə verdiyi ifadə Arzu Rəhimovu çətin duruma saldı...
 

General Arzu Rəhimovun rüşvətə görə həbs edilən kadrlarının məhkəməsi başlayıb. Bu həbslər təzə başlayanda A.Rəhimovun da saxlanılmasının an məsələsi olduğu deyilirdi. Amma gözlənilən baş vermədi. Məsələn, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin rüşvət almaqda ittiham olunan sabiq rəisi Rahim Ağayev cinayət törədibsə, bundan Arzu Rəhimovun xəbərinin olmaması və xəbərinin olub, tədbir görməməsi onu hüquqi məsuliyyət altına alır. Bəs məhkəmələrdə Rəhimov dindirilə bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan AĞ Partiyanın sədri Tural Abbaslı deyib ki, artıq Azərbaycanda yüksək rütbəli məmurların həbs olunmaması ənənə halını alıb.

O bildirib ki, həmin məmurlar sadəcə, tutduqları vəzifədən azad olunurlar:

“Lakin onların müavinləri və yaxud köməkçiləri tutduqları posta görə qısa və uzun müddətli həbs olunurlar. Böyük əksəriyyəti də aldıqları cəzanın bir hissəsini çəkdikdən sonra ya əfvə düşürlər, ya cəzaları yüngülləşdirilir, ya da azadlığa buraxılırlar. Azərbaycanda rüşvət və korrupsiyaya görə cəza sistemi effektiv deyil, bu məsələdə məhkəmə sisteminin işləmədiyini bilirik. Burada ən azından Akif Çovdarov kimi bir nümunə var. Çovdarov talanla, rüşvət, korrupsiya ilə həbs olunsa da, lakin bir neçə il sonra azadlığa çıxdı. Ali Məhkəmə də qərar verdi ki, bu, onun halal puludur. Bu baxımdan düşünmürəm ki, hazır ki, insidentdə fərqli yanaşma olsun”.

Tural Abbaslı

T.Abbaslı A.Rəhimovun məhkəmədə dindiriləcəyinə inanmadığını deyib:

“Çünki indiyə qədər nə Müdafiə Naziriyi, nə “Tərtər işi”, nə də MTN işi ilə bağlı belə faktlar yoxdur. Buna görə də, onun dindirilməsini gözləmirəm. Hər halda, Rəhimovun cəzası işdən azad olunması idi o da baş verdi. Odur ki, dindirilməlidirmi? Təbii ki, dindirilməlidir. Amma dindiriləcəkmi? İnanmıram”.

Vəkil Mehman Muradlı deyib ki, Arzu Rəhimovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olduğu dövrdə rüşvətin olması hər kəsə məlumdur.

Mehman Muradlı

Vəkil bildirib ki, burada konkret olaraq korrupsiya məsələsi  üzə çıxıb:

“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin və digər şöbənin əməkdaşları rüşvət aldığı üçün həbs ediliblər. Bir məsələ var ki, əgər istintaq orqanı tərəfindən əməkdaşın rüşvət almasının A.Rəhimovun göstərişi ilə olduğu sübuta yetirilməyibsə, o halda Rəhimovun hər hansı bir məsuliyyətə cəlb olunması və digər məsələ haqda danışmaq doğru olmaz. Hər halda onun əlinin olması müəyyən edilmədiyi üçün adamı nə şahid, nə təqsirləndirilən, nə də şübhəli şəxs qismində məsuliyyətə cəlb etməyiblər”.

Zaira Akifqızı

0.025975942611694