Mingəçevir su anbarı ilə bağlı ermənilərdən etiraf

Mingəçevir su anbarı ilə bağlı ermənilərdən etiraf
 

Bu gün Qəzza ətrafında baş verən hadisələr bütün dünyada olduğu kimi, Azərbaycanda da birmənalı qarşılanmır. Rəsmi Bakı Qəzzada mülki əhalinin bombalanmasına, humanitar fəlakətin yaradılmasına etiraz edib, Fələstinə maliyyə yardım göndərib.

İslam həmrəyliyinə hər zaman sadiq qalan ölkəmizin Fələstin xalqının dövlətçilik mübarizəsini dəstəklədiyini qeyd edən Xarici İşlər naziri Ceyhun Bayramov, Azərbaycanın beynəlxalq hüquq normaları, habelə müvafiq BMT qətnamələrinə uyğun olaraq İsrail-Fələstin münaqişəsinin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olması ilə iki dövlət prinsipi əsasında həllinə tərəfdar olduğunu qeyd edib. C.Bayramov Fələstin probleminin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həllinə nail olmaq üçün rəsmi Bakının səylərini davam etdirəcəyini bildirib.

Buna baxmayaraq bəziləri hələ də Azərbaycanı dövlət olaraq, HƏMAS-ı dəstəkləmədiyinə görə qınayırlar.

Lakin İsrailin Azərbaycanla xüsusi, müstəsna münasibətlərinə, xarici siyasət, təhlükəsizlik və hərbi təminat məsələsində ölkəmizə göstərdiyi misilsiz dəstəyə nəzər yetirəndə, xüsusilə də İranın ölkəmizdəki şəbəkəsindən qaynaqlanan bu cür tənqidlər öz qüvvəsini itirir. Təkcə onu qeyd etmək yetər ki, hələ də Ermənistanda 44 günlük müharibədə Azərbaycanın İsraildən aldığı silahlar və qələbəmizdə onların oynadığı rol müzakirə olunmaqdadır...

“AzPolitika.info” xəbər verir ki, Ermənistan Milli Konqres partiyasının sədr müavini Levon Zurabyan 44 günlük müharibə günlərində erməni ordusunun Azərbaycanın mülki obyektlərinə etdiyi cinayətkar hücumlardan və Azərbaycanın İsraildən aldığı silahların həmin hücumların qarşısının alınmasında uğurla istifadə olunmasından danışıb.

Zurabyan etiraf edib ki, ermənilər Mingəçevir su anbarını raket zərbələrilə partlatmaq istəyib. Bu hərbi cinayət baş tutacağı təqdirdə, Azərbaycanda böyük fəlakət yaşana, böyük ərazilər su altında qala, bəlkə də yüz minlərlə insan həyatını itirə bilərdi.

Zurabyan bildirib ki, bunun qarşısı İsrailin bütün dünyada yalnız Azərbaycana verdiyi “dəmir günbəz” sayəsində alınıb: “2016-2020-ci illərdə Azərbaycana İsraildən böyük həcmdə silah daxil olub. “Dəmir günbəz” sistemini İsrail yalnız Azərbaycana verib, başqa heç kimə. Niyə? Çünki bu sistem Mingəçeviri 44 günlük müharibədə endirilən zərbələrdən qorumalı idi. Bundan başqa İsrail(Azərbaycana) PUA-lar, Ermənistanın rəqəmsal xəritələrini, yüksək dəqiqlikli “Lora” raketlərini verib. Yəni, Azərbaycana onun qələbəsi üçün kömək göstərilib”.

Göründüyü kimi, ermənilər İsrailin Azərbaycan üçün əhəmiyyətini bizim bəzi insanlardan daha yaxşı anlayırlar...

C.Məmmədov

0.031773090362549