İkiüzlü, qərəzli və riyakar Qərb obyektiv ola bilməz 

İkiüzlü, qərəzli və riyakar Qərb obyektiv ola bilməz 
 

Azərbaycan öz ərazisində separatizmə son qoyan ölkə kimi tarixə düşdü. Bu reallığı beynəlxalq aləm, hətta Ermənistan belə etiraf edir. Çünki başqa yolları da yoxdur. Ermənistanın baş naziri Nikol Paşinyanı təmtəraqla qarşılayan Avropa Parlamentinin bu məsələyə toxunmaması onun da reallığı qəbul etməsi anlamına gəlir. Təsadüfi deyil ki, Paşinyan da Avropada Parlamentində Qarabağ mövzusuna geniş yer vermədi. Lakin məsələ ondadır ki, Qərb, xüsusən də Fransa və himayəsində olan təşkilatlar, dövlətlər “Roma papasından artıq katolik olmaq” funksiyasını öz üzərilərinə götürməyə çalışırlar. Onlar Ermənistanı silahlandırıb yeni müharibəyə təhrik edirlər.

Uzun illər Rusiyanın Qafqazda forpostu rolunu oynayan İrəvan da kor-koranə şəkildə bu yolla getməyə çalışır. Başa düşmür ki, növbəti müharibə Ermənistanın bir dövlət kimi məhvinə gətirib çıxara bilər. Ermənistanı sülh yolundan çəkindirən bu qüvvələr hər vəchlə bölgəni yeni gərginliyə sövq edirlər. Beynəlxalq hüquq prinsipləri ilə təsbit olunan ərazilərində suverenliyini bərpa etməklə yanaşı, 100 illik separatizmə son qoyan Azərbaycana minnətdar olmaq əvəzinə, onlar ölkəmizi “etnik təmizləmə”də ittiham edirlər. Halbuki, bunu sübuta yetirən bir fakt, bir dəlil belə yoxdur.

Fransa və əlaltıları müstəmləkə təfəkkürünü davam etdirir, özləri barədə ağır korrupsiya ittihamlarına cavab verməkdənsə, artıq arxivə atılan Qarabağ münaqişəsini yenidən alovlandırmağa cəhd göstərirlər.

Gəlin, Qafqazda əbədi sülh və əmin-amanlığa qarşı çıxan anti-Azərbaycan qurumların siyahısına nəzərə salaq; bu sırada liderlik korrupsiya ittihamları ilə üzləşən, erməni lobbisindən yemlənən Avropa Parlamenti və Avropa İttifaqına məxsusdur. Halbuki, korrupsiya yuvası kimi tanınan bu qurumlarda ötən ilin dekabrında ortaya çıxan rüşvət qalmaqalı beynəlxalq əks-səda doğurmuşdu. Avropa Parlamentinin Yunanıstandan olan vitse-prezidenti Yeva Kayli milyonlarla dollarlıq korrupsiya cinayətində ittiham edildi. Bu səbəbdən də korrupsiyalaşmış deputatlardan ibarət Avropa Parlamentindən ədaləti və beynəlxalq hüququ ayaqlar altına salan istənilən addımı gözləyə bilərik.

Oktyabrın 17-də Avropa Parlamentinin Ermənistanın baş naziri Nikol Paşinyana xüsusi münasibəti, onun qurumun iclasındakı çıxışında qeyri-ciddi bəyanatlar səsləndirməsinə geniş imkanlar yaratması da Avropanın ikiüzlü siyasətini bir daha ortaya qoydu.

Qatı azərbaycanofob və ermənipərəst mövqe ortaya qoyan Fransa bu məsələdə mərkəz rolunu oynayır. Ola bilsin, onun diktəsi ilə Azərbaycana qarşı qərəzli olan təşkilatların sırası gələcəkdə genişlənsin, lakin əvvəlkilər kimi bunlar da effektsiz olacaq.

Bir fakt gün kimi aydındır; Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasəti və onun uğurları əksər hallarda ikili standartları ilə diqqətdə olan ölkələr və beynəlxalq qurumlar tərəfindən qısqanclıqla qarşılanır. Görünən odur ki, Ermənistanın əsas havadarı və himayəçisi funksiyasını öz üzərinə götürən Fransa bu qurumları və dövlətləri azərbaycanofob fəaliyyətə keçməyə məcbur edib. Onlar Azərbaycanla Ermənistan arasında qarşıdurma başlayandan bəri qərəzli və ikili mövqedən çıxış ediblər, işğalı həyata keçirən Ermənistanla işğala məruz qalan Azərbaycan arasında fərq qoymadan ədalətsiz mövqe sərgiləyiblər.


Belə olan halda biz hansı Avropaya inteqrasiya etməliyik - beynəlxalq prinsipləri ayaq altına atan, islamofob, miqrantlara qarşı sərt mövqe ortaya qoyan Avropayamı? Axı, hansı inteqrasiyadan söhbət gedə bilər? Müsəlmanlara və digər dinlərdən olanlara, miqrantlara ikili standartlar tətbiq edənlərlə bir olmalıyıqmı? Təbii ki, yox. Əgər sentyabrın 19-20-də həyata keçirilmiş antiterror tədbirlərinin mahiyyətinə və nəticəsinə ədalətlə yanaşılsaydı, yenə nəsə düşünmək olardı. Amma təəssüf ki, bunu hələ müşahidə etmirik.

Yeri gəlmişkən, Fransaya və ona qulbeçəsi olan qurumların islamofob, irqçi və müstəmləkəçi siyasəti Prezident İlham Əliyevin dahiyanə şəkildə səsləndirdiyi fikirlərlə ifşa edilib. Ölkə Prezidenti Bakıda bu gün “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətində bəyan edib ki, məhz Fransada neokolonializm meyilləri ilə paralel olaraq irqçilik və islamofobiyanın da geniş vüsət aldığını müşahidə edirik.

 

Dövlət başçısı qeyd edib ki, bu gün burada təmsil olunan insanların bəziləri müxtəlif formada təzyiq və ayrı-seçkiliyə, irqçi hücumlara məruz qalır. Prezidentin sözlərinə görə, daxildə bu cür narahatedici və təhlükəli meyillərlə mübarizə aparmalı olan Fransa hakimiyyəti başqa dövlətlərə dərs keçməyə, digər ölkələrin daxili işlərinə qarışmağa cəhd edir:

“Qanlı cinayətlərlə zəngin kolonializm tarixinə görə utanmalı olan Fransa törətdiyi vəhşiliklərə görə üzr istəmək əvəzinə, digər ölkələrdə uydurma etnik təmizləmələrdən danışır. Bu ölkə BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olur”.

Təəssüflə qeyd etməliyik ki, Avropa dövlətləri, eləcə də onların müvafiq qurumları bir dəfə də olsun nə Fransanın, nə də onunla həmrəy olan təşkilatların mövqeyini tənqid edən bəyanat və yaxud qərar qəbul edib.

Sadəcə, başa düşmək istəmirlər ki, ikili standartlara əsaslanan siyasətləri ilə ölkələr arasında vacib amil olan etimad mühitini sıfıra endirmiş olurlar.

“Report” İnformasiya Agentliyi

 

0.016635179519653