44+1 günlük savaşdan sonra “sülhməramlı” tragikomediya

44+1 günlük savaşdan sonra “sülhməramlı” tragikomediya
 

3 il sürən 44+1 günlük müharibədə erməni separatizminin kapitulyasiyası, Azərbaycanın Qarabağ üzərində suveren nəzarətini bərpa etməsi prosesinin sona yaxınlaşması və İrəvanın Moskva ilə iplərini qırmaqda israrı Cənubi Qafqazda geosiyasi paradiqmanı qəfil hallara salmaqla kökündən dəyişir.
Etnik ermənilərin Qarabağdan kütləvi köçündən və qanunsuz erməni silahlı birləşmələrinin tərksilah edilməsindən sonra Rusiya sülhməramlı kontingenti (RSK) Qarabağda tragikomik vurnuxma ilə məşğuldur. Faktiki olaraq RSK-nın bölgədə 5 il müddətinə yerləşməsini nəzərdə tutan 10 noyabr Üçtərəfli bəyanatının 4-cü müddəasının tətbiqinə erkən xitam verdirəcək yetərli zəmin və əsaslar yaranıb. Gerçəkdən RSK-nın mandatı hazırda qeyri-müəyyən, anlaşılmaz, düşdüyü situasiya isə məzhəkəvaridir. Məsələn, Rusiya Müdafiə Nazirliyinin RSK-nın əsas məqsədinin “Qarabağdakı silahlı dəstələrin təhvil verdiyi silah, hərbi və xüsusi texnikanın saxlanıldığı anbarların keşiyini çəkmək” olduğuna dair son açıqlamasını hər hansı sülhməramlı missiyaya parodiya saymaq olar
RF XİN başçısı Sergey Lavrov isə “Russia in Global Affairs” jurnalında dərc etdirdiyi və dünyanın “kardinal və tektonik dəyişikliklər yaşaması”ndan bəhs edən nataraz məqaləsində yazır: “Artıq İrəvanla Bakı öz aralarında iki ölkənin suverenliyinin qarşılıqlı tanınması məsələsini həll ediblər, dinc həyatın qurulmasının, etimadın möhkəmlənməsinin vaxtı çatıb. Rusiya sülhməramlı kontingenti buna hər vasitə ilə töhfə verməyə hazırdır". Və bu “töhfəverən” çox acıqlıdır ki, “özünün geosiyasi ambisiyalarının qayğısına qalan Brüssel hazırda "vasitəçilik xidmətləri"ni Azərbaycanla Ermənistana sırıyır, Vaşinqtonla birlikdə Cənubi Qafqaza qeyri-sabitlik gətirir”.
Lavrovun müavini Mixail Qaluzinə görəsə, Qarabağda RSK-nın fəaliyyəti ona görə başa çatmayıb ki, “Qarabağda qalan erməni sakinlərin özlərini rahat hiss etməsi məsələsi var” və “Qarabağdan çıxanların hansısa mərhələdə qayıtmaq qərarı verəcəyi istisna olunmur”.
RSK-nın mövcudluğu isə “əlavə sakitlik faktoru” imiş. “Dahiyanə” arqumentdir, aydındır ki, qalan ermənilər özlərini əbədi rahat hiss etməyəcək və RSK da “qayıtma mərhələsi”ndə sonsuzadək eşənək atacaq...
Görünür, Qaluzin anlayıb ki, bir az ayıb edib və ya ağını çıxarıb, daha yekə arqimentə ehtiyac var. Odur ki, deyib: “Rusiya Cənubi Qafqazda “mühüm sabitləşdirici rolunu icra etməkdə davam edəcək”, çünki “İrəvanla Bakının münaqişəsinə nöqtə qoyulmayıb” və
Kreml “vicdanlı vasitəçi kimi” iki qonşusu arasında ”möhkəm, balanslı razılaşmalar əldə olunmadan” işini bitmiş saya bilməz...
Bakı münaqişənin bitdiyini və Qarabağ məsələsinin daxili işi olduğunu deyir, Moskva isə keysi keysə ( Qarabağ mövzusunu Bakı-İrəvan sülh danışıqlarına) qatır, kontekstlə manipulyasiya edir - “İrəvanla Bakının münaqişəsinə nöqtə qoyulmadığını” iddiasını “arqumentləşdirmək” üçün Qaluzin sülh sazişinə Qarabağ faktorunu “pərçimləyir”: “Sülh sazişində Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələlərinin aydın ifadə olunması vacibdir”.
Daha sonra Putin “vicdanlı vasitəçi” və “töhfəverən” olduğuna inandırmaq üçün iki rus hərbi gəmisini qeyri-rəsmi dostluq səfəri, RF Təhlükəsizlik Şurasının təhlükəli katibi Nikolay Patruşevi isə rəsmi dostluq ziyarəti ilə Bakıya göndərir...

Paşinyan isə küsüb İrəvanda üzü qərbə, arxası şərqə oturub. Qranadaya gedir, Bişkekə getmir. Üstəlik, MDB sammitinə Ararat Mirzoyanı da buraxmır, XİN başçısının müavinini göndərir. Vaxt vardı Paşinyan Putinin dalınca Uzaq Şərqə uçardı, 9 may paradında arxasına düşərdi. İndisə 3 il əvvəl yalvarıb çağırdığı RSK-ya deyir ki, Qarabağdan çıxanda Ermənistana gəlmə, get Rusiyaya!..
Münaqişə bitib, amma Putinin davası bitməyib. Qarabağdakı köçdən sonra planları pozulan və manevr imkanları məhdudlaşan Rusiyanın münaqişənin “nöqtəsi”ni qoymaması regionda dominant iştirakını saxlamaq üçün “yarımçıq qalmış işi” başa çatdırmaq israrı ilə bağldır. Putin yatıb-durub yuxusunda Kiyevdə Zelenskini asdığını, İrəvanda Paşinyanı devirdiyini görür...
Azərbaycan üçün Qarabağ münaqişəsi bitib, qalıb erməni ilə sülh məsələsi. Gec-tez Bakı ilə İrəvan arasında bir sülh sazişi imzalanacaq, çox sənədlərə qol çəkiləcək. Amma Azərbaycanla Ermənistan arasında gerçək sülh, barışıq, anlayış uzaq üfüqlərdə belə çətin görünür...

Qəzənfər Həmidoğlu

"Paralel.az"

0.059791088104248