BAKI şəhidləri - Atıcı əsgər Murad Əliyev
2001-ci il 13 martda Binə qəsəbəsində dünyaya gələn Murad
Əliyev 5 uşaqlı ailənin üçüncü övladı idi. Binə qəsəbəsindəki
136 №li tam orta məktəbdə doqquzillik təhsil aldıqdan sonra
101 nömrəli peşə-ixtisas məktəbində tam orta təhsilini bitirmiş,
sürücülük ixtisasına da yiyələnmişdi.
Zəhmətsevər idi Murad. İşləmək, ailəsinə dayaq olmaq, öz
qazancı ilə yaşamaq istəyirdi. Həm də həqiqətsevər idi. Kiminsə
xoşuna gəlmək üçün yalandan gülümsəməzdi. Olduğu kimi,
göründüyü kimi idi Murad. Heç vaxt haqqı nahaqqa verməyən
Murad xalqımıza qarşı, vətəninə qarşı haqsızlıqla da barışa
bilmirdi.
“Görürsən kimsə yalan danışır, nəsə düz hərəkət etmir, susuruq
çox zaman. O susmazdı. Fikrini bildirərdi. Yalandan kimisə,
nəyisə tərifləməzdi. Mənə onunla bölüşmək, söhbətləşmək rahat
idi. Dost idik. Onunçün darıxsam da, bilirəm ki, qəhrəmandı, ən
uca zirvədədi qardaşım”. Bunları söylədi bacısı Dilbər.
2019-cu ilin aprelində həqiqi hərbi xidmətə çağırılır. Əvvəl
Ağcabədidə, sonra Beyləqanda xidmət edir. Hələ Beyləqanda
702 nömrəli hərbi hissədə xidmət zamanı həmlə taboruna keçir.
Həmlə taborunda olmaq həmişə öndə olmaq deməkdir.
Həmişə öndə olan atıcı əsgər idi Murad. Döyüş tapşırıqlarını
yerinə yetirəndə də, hücumda da birincilərin sırasındaydı.
Atası Hüseyn Əliyev: 5 övladım olsa da o bir başqaydı mənim
üçün. Bilmirəm hansı sözlərlə onu təqdim edim. Çox şən,
hazırcavab, bacarıqlı idi. Mən kəmhövsələyəm bir az.
Baxışımdan, adını bircə dəfə çəkməyimdən nə istədiyimi bilirdi.
Ona hirslənə bilmirdim. Çox həssas idi. Ümumiyyətlə, hamıyla
dil tapırdı. Hərbi xidmətdə də az zamanda hamıyla dostlaşmışdı.
Döyüş yoldaşları da ondan ürəkdolusu danışırlar. Onlara qulaq
asanda oğlumla daha çox qürur duyuram. Hər gün ona “çox sağ
ol, oğul” deyirəm...
Hazırcavab, məğlub olmağı sevməyən, cəldliyi, bacarığı ilə
seçilən Murad Əliyev əsgəri xidmətdə də belə idi.
“Çətinliyindən asılı olmadan, güllə altında olsa da verilən
tapşırığı yerinə yetirməli idi. Qorxusu yox idi elə bil”-deyir
döyüş dostları.
Anası Reyhanə xanım oğlunun həqiqi hərbi xidmətdən
qayıtmasına hazırlaşırdı: Bir həftəyə gəlməli idi. Xidmət
zamanı daha tez-tez zəng edirdi. Müharibə başlayan dönəmlərdə
azaldı zəngləri. Müharibə başlayanda xəbər vermədi. Döyüşdə
olduğunu demədi. Demə lap ilk hücumda olanların sırasında
olub. Çox narahat idik. Bir də oktyabrın 7-də danışdıq. Gülə-
gülə danışırdı. Özümdən asılı olmadan ağladım. Yenə
zarafatyana dedi:“Ana, niyə ağlayırsan? Bax o azad olunan
yerlər var ha, onların hamısını mən azad eləmişəm. Mən
torpaqları ermənilərdən alıram, sən ağlayırsan”. Oktyabrın 31-də
danışdıq son dəfə... Bilirsiz, Murad hələ sağ idi, mən hər şəhidə
ağlayırdım. Şəhidlik ən uca məqam olsa da, övlad acısıdı.
Mənim oğlum ləyaqətli övlad idi. Başımızı əyəcək bir hərəkəti
olmadı. Ölümü də ləyaqətli oldu. Bir arzum var ki, xalqımız
bundan sonra müharibə görməsin.
Hamının yaddaşında gülə-gülə qalıb: gülərüzlü Murad kimi.
Həyatın aləlvan göründüyü yaşda idi. Həyatın üzünə gülən vaxtı
idi. Bir arzusu da vardı Muradın : Şuşaya getmək. Elə Şuşa
uğrunda döyüşlərdə də “Daha ölsəm də olar” deyirmiş
həyatsevər Murad. Şuşanın azadlığı uğrunda gedən ağır
döyüşlərdə noyabrın 5-də şəhid olur Murad Hüseyn oğlu Əliyev.
Üzündə təbəssüm, gözlərində sevinc.
Azərbaycanın ərazi bütövlüyü uğruna savaşan, noyabrın beşinə
kimi qələbə dolu günləri yaşayan Murad Azərbaycan prezidenti
İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”,” İgidliyə görə”,
“Cəbrayılın azad olunmasına görə”,”Füzulinin azad olunmasına
görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad
olunmasına görə” medallarına layiq görülüb.
“Döyüş yoldaşlarının söhbətlərindən bildik ki, xidmət zamanı da
sevilib Murad. Öz cəsurluğu ilə seçilib. Ölümdən heç kəs qaça
bilməz. Hamı ölür. Necə yaşamaq önəmlidi. Murad insan kimi
yaşadı, qəhrəman kimi öldü. Seçilmişlərdən oldu. Şəhidlər ruhən
ölmürlər. Onlar həmişə bizimlədir. Onlar həmişə bizim inam,
güvən yerimiz olacaq”. Bunları söyləyən Rəna Əliyeva Muradın
bibisi qızıdır.
Böyük qardaşı Valehin sözlərinə görə Murad savaş zamanı tez-
tez zəng etmirdi. Döyüşlər haqqında valideynlərinə heç nə
demirdi. “Həmişə şən idi, zarafat edirdi. Arada mənimlə
bölüşürdü. Şikayətlənməyi sevmirdi Murad. Ürəkli oğul idi.
Mən təkcə qardaşımla deyil, bütün döyüşçülərlə, qazilərlə,
şəhidlərlə fəxr edirəm. Müqəddəs amal uğrunda döyüşdülər,
qalib oldular – dedi Valeh Əliyev.
Şəhidlərin şəkilləri paylaşılır sosial şəbəkədə: hamısının üzündə
təbəssüm var. Hamısı gülümsəyir. Hərdən düşünürəm ki,onların
hər biri Muradın anası Reyhanə xanıma dediyi sözləri deyir biz
ağlayanda: “ Ağlamayın, biz torpaqları azad etmişik ki, siz
ağlayasız”?
Ailənin sönbeşiyi Məhəmməddir: qardaşım elə bil həm atam,
həm qardaşım, həm dostum idi. Mən onunla fəxr edirəm.
Böyüyəndə onun kimi qorxmaz əsgər olacam.Torpaqlarımızı
bütün düşmənlərdən qoruyacam.
Məhəmməd danışır. Mən gözlərindən işıq yağan Məhəmmədin
səsindəki inamı görürəm. Müharibələrə qarşıyam, yer üzünə
sülh arzulayıram. Amma bu arzunun gerçəkləşməsindən əmin
deyiləm. Vətəni düşmənlərindən qoruyacaq oğulların varlığına
əminlik isə çox əvəzsiz duyğudur.
Kamalə Abiyeva
"Paralel.az"