Bakı və İrəvan arasındakı 8 kənd necə həll ediləcək?

Bakı və İrəvan arasındakı 8 kənd necə həll ediləcək?
 

Qazağın işğal altında olan 7, Naxçıvanın bir kəndi məsələsi yenidən gündəmə gəlib. Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin İctimai TV-sinə müsahibəsində onların da Azərbaycanda 8 kəndinin olduğunu bildirib.

Müzakirə olunan kəndlərin Azərbaycana qaytarılmasının əvəzində həmin kəndlərin Ermənistana verilməsi tələbini irəli sürüb. Bu günlərdə Prezident İlham Əliyev də sözügedən mövzuya diqqət çəkib.

Bəs getdikcə uzanan və sülh prosesində maneəyə çevrilən amil kimi dəyərləndirilən bu məsələ hansı şəkildə həll edilməlidir? Bu problemin effektiv həlli istiqamətində necə bir addım atmaq hər iki tərəf üçün daha məqsədəuyğun olar?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Samir Hümbətov bildirib ki, bu məsələyə artıq aydınlıq gətirilib:

“Qazaxın işğalda olan 7 kəndi və Naxçıvanın bir kəndi ilə bağlı məsələyə artıq aydınlıq gərtirilib. Nikol Paşinyan özü də etiraf edib ki, bunlar Azərbaycan ərazisidir. Prezident İlham Əliyevin də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı bu məsələyə toxunması ondan xəbər verir ki, Azərbaycan bu ərazilərini geri istəyir. Həmin kəndlərin ümumilikdə təqribən 500 kvadrat kilometrə qədər ərazisi var. Daha dəqiq rəqəmi ölçü prosesində biləcəyik. Burada bir məsələ var. Əgər Ermənistan həmin anklavları Azərbaycana geri qaytaracaqsa, oradan ölkəyə daxil olmanın necə olacağı, hansı şəkildə tənzimlənəcəyi müəyyənləşdirilməlidir”.


Samir Hümbətov

Politoloq kəndlər məsələsinin fərqli variantda həllinin mümkün olduğunu deyib:

“Bunları nəzərə alaraq hesab edirəm ki, məsələdə alternativ variantlar müzakirə edilə bilər. Zəngəzur bölgəsində Naxçıvanla Azərbaycanın qərb rayonlarını birləşdirəcək yol 40 kilometrdir. Məsələn, həmin kəndlərin ərazisi dəqiq hesablana, bu rəqəmə uyğun olaraq dəhlizdəki yolun eninə olan ərazisinin təxminən 1 kilometrlik hissəsində dəyişiklik edilə bilər. Amma Ermənistan tərəfi kəndlərdə məskunlaşma baxımından Azərbaycan tərəfinə təhlükəsizlik üçün təminat verdiyini deyərsə, o zaman məsələ həll olar. Başqa heç nəyə ehtiyac qalmaz”.

S.Hümbətov 8 kənd məsələsinin iki ölkə arasında problemə çevrilməsinin tarixə söykəndiyini qeyd edib:

“Əslində sözügedən kəndlərin ərazisi və ətrafı 1919 və 1920-ci illərdə Azərbaycanın tərkib hissəsi olub. Lakin sonradan SSRİ rəhbərliyi digər ittifaq ölkələrində olduğu kimi burada da qarışıq vəziyyət yaradıb ki, birlik dağıldıqdan sonra xalqlar uzlaşa bilməsinlər. Eyni vəziyyət Mərkəzi Asiyada da var. O səbəblə düşünürəm ki, belə bir vəziyyətdə çıxış yolu ya ərazilərin qarşılıqlı şəkildə dəyişdirilməsi, ya da təhlükəsizliyə tam təminat verilməsidir”.

Ayşən Mustafa

0.014310121536255