Bilsəniz pis olmaz
İlk Xalq yazıçımız və ilk Xalq artistimiz erməni olub...
Firuz Mustafa
Bilənlər bilir: Azərbaycanda Xalq yazıçısı fəxri adına ilk dədə erməni Aleksandr Şirvanzadə (1859-1935-ci illər arası yaşayıb) layiq görülüb- özü də 1930-cu ildə. Yalnız aradan 30 il keçəndən sonra ilk dəfə milli Azərbaycan yazıçısı Süleyman Rəhimova (1960-çı ildə) Xalq yazıçısı adı verilib.
A.Şirvanzadəyə bu fəxri ad veriləndə bizim böyük ədiblərimiz C.Məmmədquluzadə, Ə.Haqverdiyev, A. Şaiq hələ sağ idi. Amma nədənsə onlar “unudulmuşdu”.
İndi isə bilməyənlər üçün başqa bir nəsnəni deyim:
Azərbaycanın ilk Xalq artisti də erməni olub.
Bəli, bəli, düz oxudunuz. İndiyəcən çoxları elə bilirdi ki, ilk Xalq artistimiz Hacıağa Abbasov olub. Amma sən demə, Azərbaycanın ilk Xalq artisti erməni Ovanes Abelyan (1865-1936) imiş. Düzdür, o da H.Abbasovla eyni ildə (1932-ci il) bu ada layiq görülüb, amma əvvəlsə onun “fərmanı” çıxıb.
p.s. Həm Şirvanzadə, həm də Abelyan Azərbaycanda (Şamaxıda) doğulub, Ermənistanda dəfn olunub.
"Paralel.az"