Tarix seçimi və “Qiyamət günü” müharibəsi…

Tarix seçimi və “Qiyamət günü” müharibəsi…
 

HƏMAS bu gün səhər tezdən gözlənilmədən İsrailə dəniz və qurudan hücum edib, havadan çoxsaylı raket zərəbləri endirib. Bu hücumlar nəticəsində İsrailin bir sıra yaşayış məntəqləri vurulub və 35 İsrail hərbçisinin əsir götürüldüyü bildirilib.

HƏMAS niyə məhz bu gün İsrailə qarşı belə genişmiqyaslı hərbi əməliyyat keçirdi?

HƏMAS-ın oktaybrın 7-də İsrailə hücumu simvolik məna daşıyır. Belə ki, HƏMAS-ın hücumu israillilərin “Qiyamət günü” adalandırdığı Misir-Suriya-İsrail müharibəsinin 50-ci ildönümü gününə təsadüf edir. Müharibə 1973-cü ilin oktyabrın 6-da israillilərin “Yom-Kipurda” yəhudi təqviminin ən müqəddəs günündə başlayıb. Həmin gün Misir və Suriya İsrailin 1967-ci ildə “Altıgünlük” müharibənin gedişində ələ keçirdiyi əraziləri geri qaytarmaq istəyirdi. Ona görə də Misir Sinaya, Suriya isə Colan yüksəkliklərinə hücum etdi. Hücum edən qoşun say tərkibinə görə NATO-nun Avropadakı qüvvələrinə bərabər olub.   

Ölüm-dirim uğrunda gedən müharibə 3 həftə davam edib və oktyabrın 24-də İsrailin qeyd-şərtsiz qələbəsi ilə başa çatıb. İsrail həmin müharibədə böyük itkilər verib.  Sonradan bu müharibə israillilər tərəfindən “Qiyamət günü” müharibəsi adını alıb. 

Əgər 50 il bundan öncə başlayan müharibənin əsas hədəfi “Altıgünlük” müharibənin əvəzini çıxmaq idisə, təbii ki, HƏMAS-ın da bu gün hücumunun müəyyən bir hədəfi olub.

Birincisi, niyyət İsrailə ağır və dağıdıcı zərbə vurmaqla qisas almaq olub. Yəni “Qiyamət günü” müharibəsinin 50 illiyi günündə bunu israilli politoloq Menni Korsunski təbirincə desək “sürpriz” kimi dəyərləndirmək olar. 

İkincisi isə bu hücumun müəyyən mesajı olub. Artıq Livandakı “Hizbullah” silahlı qruplaşması bununla bağlı açıqlama verib. HƏMAS-ın bu addımı dəstəkləyib. Eyni zamanda bəyan edib ki, bu hücum İsraillə münasibətlərini normallaşdırmaq istəyənlərə bir xəbərdarlıq mesajıdır. 

Bildiyimiz kimi son vaxtlarda Ərəb dünyası, başda Səudiyyə Ərəbistanı olmaqla digər aparıcı ərəb ölkələri ilə İsrail arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılmaqdadır. Təbii ki, ərəb ölkələri ilə İsrail arasında münasibətlərin normallaşması, bir çox gücləri və ölkələri ciddi narahat etməkdədir. 

Ərəb ölkələri ilə İsrail arasında münasibətlərin normallaşmasından ilk növbədə narahat olan və buna qarşı çıxan Tehrandır. İstər bu gün İranı Ali rəhbəri Seyid Əli Xamneyinin X (tvitter) səhifəsində “Sionist varlıq ölür” mesajı, istərsə də Tehranın nəzarətində olan “Hizbullah”ın “bu İsraillə münasibətlərini normallaşdıranlara xəbərdarlıqdır” mesajı dediklərimizin bariz nümunəsidir. Təbii ki, burada Yaxın Şərqdə gərginliyin yenidən alovlanmasını istəyən digər güclərin də marağı istisna deyil.

İsrailin bu hücuma sərt cavabı və qarşı tərəfə ağır bədəl ödətdirəcəyi də gözləniləndir.

Mürtəza. Ölkə.az

 

0.085507869720459