Makrondan Azərbaycanın xeyrinə məcburi imza: yeni imkanlar açıldı - Bakının mat gedişadı

Makrondan Azərbaycanın xeyrinə məcburi imza: yeni imkanlar açıldı - Bakının mat gedişadı
 

Son illərdə Azərbaycan diplomatiyası qeyri-adi uğurlara imza atmaqdadır. Rəsmi Bakı demarş olaraq imtina edib iştirakçısı olmadığı əks qüvvələrin toplantı və görüşlərdə diplomatik qələbəsini təmin etmək qabliyyətini beynəlxalq aləmə nümayiş etdirməkdədir. 

Oktyabrın 5-də Qranadada Avropa Siyasi Birliyinin (ASB) növbəti 3-cü Sammitinin və bu Zirvə toplantısı çərçivəsində Almaniya-Fransa-Ermənistan-Avropa İttifaqının iştirakı ilə dördtərəfli formatda keçirilən görüşün yekun nəticələrini Bakının xarici siyasətinin uğuru kimi dəyərləndirmək lazımdır.

Rəsmi İrəvan Bakının həm ASB sammitində iştirakdan, həm də nəzərdə tutulan beştərəfli görüşdən demarş olaraq imtina etməsindən faydalanıb ciddi diplomatik qələbələr əldə edəcəklərini düşünürdülər.  Lakin hər şey onların düşündüyünün əksini ortaya qoydu. Düzdür, Ermənistan hakimiyyəti oktyabrın 5-də keçirilən görüşləri və imzalanan bəyanatı İrəvanın qələbəsi kimi qələmə verməyə cəhd etsə də, Ermənistanın siyasi cameəsi bunu Azərbaycanın qələbəsi hesab edir. 

Birincisi, Qranadada Azərbaycanın iştirakı olmadan imzalanan bəyanat rəsmi Bakının üzərinə hər hansı hüquqi öhdəlik qoymur. İrəvan imza atdığı bəyanatla Azərbaycanın nəinki Qarabağ, eyni zamanda anklavlar da daxil olmaqla ərazi bütövlüyünü tanıyıb. Əgər Ermənistan anklavların qaytarılmasına hər hansı əngəl yaradarsa, o zaman bu gələcəkdə Azərbaycana istənilən, hətta güc tətbiq edərək həmin əraziləri geri qaytarmaq hüquqi əsas yaradır.

İkincisi, bu, hər zaman Azərbaycana düşmən mövqedə olan Fransa və digər anti-Azərbaycan güclər üzərində qələbəsidir. Belə ki, həmin sənədə Azərbaycana qarşı qatı düşmənçilik mövqeyi ilə seçilən Fransa prezidenti Emanuel Makron istəməsə də, məcburiyyət qarşısında qalaraq imza atıb. Bu, Bakının Fransa üzərində təkcə siyasi deyil, həm də mənəvi qələbəsidir. Rəsmi Bakının iştirakçısı olmadığı görüşdə Makron Azərbaycanın maraqlarına xidmət edən ciddi bir sənədə imza atıb. O, yaxşı anlayır ki, belə bir sənədə atmaması, onun üçün hansı acı nəticələrə gətirib çıxara bilər. 

Üçüncüsü, bu eyni zamanda həmin güclərin və ölkələrin gələcəkdə hər hansı formada Azərbaycanın daxili işinə müdaxiləsi və ya  Qarabağ erməniləri kartından istifadə məsələsində onlara qarşı əks arqument kimi ciddi hüquqi sənəddir. 

Dördüncüsü, Azərbaycanın Avropada, beynəlxalq aləmdəki nüfuzunun, Ermənistanın və erməni lobbisinin çarəsizliyinin, gücsüzlüyünün, iflasının göstəricisi hesab etmək olar.
Beşincisi, bunu Bakı və Ankarının Avropada dominant gücə çevrilməsinin göstəricisi kimi qiymətləndirmək olar. Yəni sözügedən hal Bakının Avropada ciddi oyunçu kimi qəbul edilməsinin göstəricisidir. Hətta Makron jurnalistlərin təzyiq vasitəsi kimi Bakıya sanksiyalar tətbiqi ilə bağlı sualına cavabında belə bir taktikanın effektsiz olacağını açıq şəkildə dilə gətirir. O, Azərbaycana qarşı sərt addımlar atılmasını istəsə də, bunun Avropada hansı əks-effekt verəcəyini, Fransanın və özünün hansı reaksiyalarla üzləşəcəyini yaxşı bilir. Bir sözlə, bütün bunlar Fransanın və Makronun iddia etdiyi kimi, nəinki beynəlxalq münasibətlər sistemində, heç Avropada hər hansı təsir gücünə malik olmadığının göstəricisidir. Öz real gücünü hesablamayan Fransanın bu cür cəhdləri nəticədə iflasa uğrayır. Necə ki, artıq biz bunun Afrikada və Cənubi Qafqazda müşahidə etməkdəyik.

İrəvan artıq bütün bunlardan nəticə çıxarmalıdır. Nə qədər ki, destruktiv mövqe sərgiləyib Bakının şərtlərinə uyğun sülh sazişini imzalmaqdan boyun qaçırır. İtirən tərəf Ermənistan olacaq. Burada 44 günlük müharibənin nəticələri ilə bağlı erməni deputat Arsen Torosyanın mövqeyi yada düşür. O deyirdi:

“30 il əvvəl biz dağılmaqda olan bir imperiyanın aqoniyası zamanı yenə ölümü və müharibəni seçməklə səhvə yol verdik, dırnaqrarası qalib və qürurdan kor olduq. 

Biz səhv etdiyimizi etiraf etməliyik. Səhv etdik və 100 ildir və ta indiyədək səhvlərimizi boynumuza almırıq, yerdəki reallığın üzünə baxmaqdan imtina edirik və ölümü seçməyə davam edirik. Bizim obyektiv reallığı rədd edərək, gerçəyi öz şıltaqlığımıza uyğun təhrif edərək eyni səhvləri təkrar etməyə haqqımız yoxdur.

Mövcud reallıq qəbul edilməyincə, o vaxta qədər erməni amili böyük güclərin əlində alət olacaq, Ermənistan isə blokadada qalmaqda davam edəcək. Demək, erməni xalqının iztirabları da bitməyəcək və o, normal inkişaf yoluna çıxıb rifaha qovuşmayacaq”.

İrəvan nəticə çıxarmayacaqsa, bu da onun öz işidir. İrəvan onu da unutmamalıdır ki, 5 oktyabr 2023-cü ildə Qranadada imzaladığı sonuncu bəyanatla hüquqi cəhətdən Azərbaycana hətta “Dəmir yumruq”dan istifadə etməklə sülhəməcburetmə taktikasından istifadə etmək üçün hüquqi zəmin yaradıb.

Mürtəza
Ölkə.Az

 

0.07923412322998