“Güllələrə qənaət etməyin” – Beriyanın sonuncu “tədbir”i və sonuncu göstərişi...
Ən yeni tarix. Maraqlı faktlar.
“Güllələrə qənaət etməyin” – Beriyanın sonuncu “tədbir”i və sonuncu göstərişi...
SSRİ-də olduğu kimi sosialist düşərgəsində olan ölkələrdə də etiraz aksiyaları, nümayiş və mitinqlərə cəhd halları, o cümlədən insan ölümləri ilə nəticələnən texnogen qəzalar, yanğınlar və bu kimi digər hadisələr ictimaiyyətdən gizli saxlanılıb. Elə 1953-cü ilin iyun günlərində Almaniyada (Almaniya Demokratik Resbuplikası) baş varən hadisələri də gizli saxlamağa cəhd ediblər. Hansı ki, həmin hadisələr zamanı təkcə sovet odrusunun 32 əsgəri həlak olub və onların ailələrinə ölüm səbəbləri olduğu kimi çatdırılmayıb.
Hadisə İosif Stalinin vəfatından sonra baş verib və təkcə Almaniyada deyil, bütövlükdə Avropanın sosialist məkanında böyük gərginlik yaradıb.
Maraqlıdır, Şərqi Almaniyada baş verən hadisələrin səbəbi nə olub?
17 iyun 1953-cü ildə ərzaq məhsullarının qiymətlərinin qalxmasından sonra paytaxt Berlində şəhər sakinləri etiraz əlaməti olaraq küçələrə axışıblar. Etirazlar sosial problemlər fonunda başlasa da sonradan siyasi xarakter alıb. Mitinq və nümayişlərdə siyasi şüarlar səsləndirilib, Şərqi Almaniya ilə Qərbi Almaniyanın birləşdirilməsi tələbləri də irəli sürülüb.
Etiraz dalğaları ölkənin digər bölgələrində də başlanıb. Təxmini hesablamalara görə etirazçıların ölkə üzrə ümumi sayı 1 milyonu keçib.
Berlindəki Nazirlər Evinin qarşısına toplaşan etirazçılar hökumət nümayəndələrini danışıqlara çağırıblar və qətiyyətlə növbədənkənar seçkilərin keçirilməsini tələb ediblər.
Hökumət nümayəndələrindən sənaye naziri Fris Zelbman nümayişçilərdən çəkinməyərək etirazçı kütlənin qarşısına çıxıb. Nazir iş saatının uzadılması ilə bağlı qəbul edilmiş qərarın ləğv edildiyini bəyan etsə də bu, qiyamçıları sakitləşdirməyib. Heç bir vəd, heç bir təklif, həyata keçiriləcək yeni qiymət siyasəti qiyamın qarşısını ala bilməyib.
Bölgələrdə radio qovşaqları, qəzet redaksiyaları qiyamçılar tərəfəindən ələ keçirilib, hökumət əleyhinə təbliğat aparılıb.
İyunun 23-nə kimi qiyamçıların etirazlarla müşayiət olunan fəaliyyət dairəsi daha geniş miqyas alıb. Vəziyyətin nəzarətdən çıxaraq pik həddə çatması ölkədə böyük xaos yaradıb. Son çıxış yolu kimi Almaniya Demokratik Respublikasındakı sovet qoşunlarından istifadə etmək qərarına gəlinib.
20 mindən artıq sovet hərbçisi və 600-ə yaxın zirehli texnika şəhərə yeridilib. Qiyamçıların etiraz səsi onlara açılan atəşlərlə susdurulub.
Berlində keçirilən əməliyyata şəxsən həmin dövrdə SSRİ daxili işlər naziri vəzifəsini daşıyan Lavrenti Beriya rəhbərlik edib. Onun telefonla Berlindəki sovet qoşunlarının komendantı general-mayor Pyotr Dibrova tapşırığı aşağıdakı kimi olub:
“Güllələrə qənaət etməyin. Qiyamçılara qarşı amansızlıq və qəddarlıq nümayiş etdirməklə vəziyyəti sabitləşdirin...”
Bu, Lavrenti Beriyanın keçirdiyi sonuncu tədbir olub və yəqin ki, “hər şeyə qadir narkom” heç ağlına da gətirməyib ki, 3 gün sonra, iyunun 26-da ona qarşı “Kreml qiyamı” qaldırılaraq həbs olunacaq.
Qiyam zamanı 250 ictimai bina dağıntılara məruz qalıb. O cümlədən polisin, dövlət təhlükəsizlik xidmətinin 5 inzibati binası, həmkarlar ittifaqının binası da nümayiçilər tərəfindən dağıdılıb.
Qiyamçılar həmçinin 12 həbsxanaya da hücum edilər. Hücumlar zamanı 1400 məhbus çəzaçəkmə yerlərindən qaçmağa nail olub.
Qiyamın yatırılmasında 75 nəfər nümayişçi həlak olub, yüzlərlə insan müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Hadisə ilə bağlı diqqət çəkən məqamlardan biri də odur ki, qarşıdurma zamanı 32 nəfər sovet əsgəri də güllələnib. Onları güllələyən isə elə sovet ordusunun zabitləri olub. Şahidlərin ifadələrinə görə, onlar dinc əhaliyə atəş açmaqdan imtina etdiklərinə görə komandirləri tərəfindən güllələniblər.
Berlin hadisələri ilə bağlı bu günə qədər də bir çox gizli məqamlar var. Açılmış cinayət işi ilə bağlı bir çox qovluqların “məxfi” qrifli olması gizlinlərini açmağa hələ ki imkan vermir.
Amma ortada olan bir fakt var ki, həmin hadisələrdən sonra hökumət qəbul etdiyi bir çox qərarları dəyişib, qiymət siyasətinə yenidən baxıb, fabrik və zavodlarda iş rejimi əvvəlki vaxtda olduğu kimi müəyyən edilib.
Almaniya hökuməti uzun illər bu hadisənin mətbuatda işıqlandırılmasına imkan verməyib. Amma hadisənin canlı şahidlərini susdurmaq mümkün olmayıb. 1990-cı illərdə həm Almaniyada, həm də bir sıra ölkələrdə Berlin hadisələri ilə bağlı silsilə yazılar dərc edilib, hadisənin bütün təfərrüatları ictimaiəyyətə açıqlanıb.
İlham Cəmiloğlu
"Paralel.az"