“Baba və nənə”lərini darda qoyan ermənilər – Azərbaycan bu qocaları da “xilas” edəcək
Ən yeni tarix. Maraqlı faktlar
Bu gün təkcə Azərbaycanın yox, bütün dünyanın diqqəti Xankəndi şəhərindədir. Sözsüz ki, bu da təsadüfi deyil. Xankəndinin separatçılardan təmizlənməsi ilə Azərbaycan ərazilərindəki erməni terroruna son qoyulur, Qarabağ müharibəsi Azərbaycanın haqlı qələbəsi ilə sona çatır. Əslində, Azərbaycanın uzun illər apardığı mübarizə işğal olunmuş torpaqlarımızın azadlığı ilə yanaşı, həm də bütövlükdə erməni faşizminə qarşı aparılan mübarizə idi. Bu mübarizənin, bu müharibənin son akkordları Xankəndi şəhərində çalınır...
Xankəndi şəhəri deyəndə göz önünə gələn ilk mənzərələrdən biri də şəhərin girişinə yaxın ərazidə qoyulmuş “Biz dağlarımızıq”, yaxud da “Biz və bizim dağlar” abidəsidir. Uzun illər, xüsusilə də 1990-cı illərdən sonra Qarabağda yaşayan (məskunlaşan) ermənilər bu abidəni yetərincə təbliğ edə biliblər.
Əvvəlcə abidənin qoyulduğu 1967-ci ildə Xankəndidə baş verən hadisələri xatırlayaq. 1967-ci ilin əvvəllərindən başlayaraq Dağlıq Qarabağda, xüsusilə də Xankəndi şəhərində erməni millətçilərinin torpaq iddialı məkrli niyyətləri daha qabarıq şəkildə özünü büruzə verib. Bölgədə yaşayan ermənilər havadarlarının planlarına uyğun olaraq milli ədavəti qızışdıraraq, planlarının həyata keçməsi üçün ən çirkin əməllərə belə əl atıblar. Yay aylarında baş verən hadisələr isə pik nöqtəsinə çatıb. Xocavənd rayonunun Qaradağlı kəndində azərbaycanlıların və ermənilərin birgə təhsil aldıqları orta məktəbdə bir erməni uşağı yoxa çıxıb. Səhəri gün vəhşicəsinə qətlə yetirilmiş uşağın meyiti yol kənarından tapılıb. Bu hadisədən bir neçə gün sonra heç bir əsas olmadan həmin məktəbin direktoru Ərşad Məmmədovu və daha iki azərbaycanlı müəllimi həbs ediblər.
Xankəndi şəhərində üç azərbaycanlının məhkəməsi keçirilib və onlara ölüm hökmü verilib. Məhkəmədən sonra “qatil” azərbaycanlıları dustaqlar üçün nəzərdə tutulmuş xüsusi avtomobildə müvəqqəti saxlama təcridxanasına apararkən ermənilər yolda həmin maşını saxlayıblar, hər üç azərbaycanlını günün günorta çağında, hamının gözü qarşısında yandırıblar. Bu hadisə Xankəndidə gərginliyi daha artırıb və məsələyə respublika rəhbərliyi müdaxilə edib. Hadisənin səhəri gün Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundov, Nazirlər Sovetinin sədri Ənvər Əlixanov, Ali Sovetin sədri Məmməd İsgəndərov Dağlıq Qarabağa gəliblər. Şuşada fövqəladə qərargah yaradılıb. Həmin ərəfədə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri general-mayor Heydər Əliyev də Xankəndinə gəlib. O, digər respublika rəhbərləri kimi Şuşada deyil, 14 günlük ezamiyyəti dövründə Xankəndi şəhərində qalıb. İki həftə gərgin araşdırmalardan, əməliyyat tədbirlərindən sonra Heydər Əliyev cinayətin kimlər tərəfindən törədildiyini bütün sübut və dəlillərlə ortaya qoyub. Həmin erməni məktəblisini elə ermənilər özləri qətlə yetiriblər. Qətl məqsədli şəkildə törədilib ki, cinayəti azərbaycanlıların üstünə atsınlar və vilayətdə gərginlik yaransın. Heydər Əliyev bu cinayətin üstünü yüksək peşəkarlıqla açıb və 39 erməni ən ağır cəzalara məhkum olunublar.
Bu hadisədən bir neçə ay sonra Xankəndidə yaşayan ermənilər növbəti bir gərginliyə imza atıblar. Bu dəfə onlar tarixi saxtalaşdırmağa cəhd ediblər. Onlar respublika rəhbərliyi qarşısında Xankəndinin girişində “Baba və nənə” (tatik-babik) abidəsinin ucaldılması ilə bağlı təklif irəli sürüblər. Bu ideyanın əsas müəllifləri Zori Balayan və yazıçı Baqrat Ulubabyan olub.
Abidənin hazırlanması və qoyulması ərəfəsi gərgin keçib. Onun ilk adı “Baba və nənə” olub. Yəni, söhbət erməni babalarından və nənələrindən gedib. Həmin dövrdə Azərbaycan hökuməti bu ada etirazını bildirib. O cümlədən abidənin Xankəndi şəhərinin giriş hissəsinə qoyulmasına da Bakı razılıq verməyib. Amma bu narazılığa baxmayaraq, ermənilər həmişə olduğu kimi yenə də Moskvada özlərinə havadar tapa biliblər. Abidənin adının əvvəlki kimi “Baba və nənə” saxlamaq isə mümkün olmayıb.
Moskvada niyə məhz belə adın qoyulması sualına ermənilər cavab verə bilməyiblər. Daha doğrusu əsl məqsədlərini çatdırmağa cürət etməyiblər. “Biz və bizim dağlar” adının qoyulmasını isə onlar belə əsaslandırıblar ki, Qarabağ uzunömürlülər məkanı olduğundan bu abidədə yaşlı insanlar təqdim olunur. Bu, ermənilərin Moskvaya cavabı olub. Əslində isə millətçi ermənilər “Biz və bizim dağlar” adında da Qarabağın onlara məxsus olmalarını tarixə sırımaq istəyiblər.
Abidənin müəllifi əslən Xocavənd rayonundan olan Sarkis Baqdasaryandır. Baqdasaryan abidəni hazırlayarkən baba və nənə seçimində “çətinlik” çəkməyib. Məhz abidədəki yaşlı adamlar onun öz baba və nənəsinin əksidir. Abidənin hündürlüyü 9 metrdir.
Abidənin qoyulduğu ərəfədə Xankəndidə azərbaycanlılarla ermənilər arasında növbəti mübahisələr və qarşıdurmalar yaranıb.
Qondarma “DQR” yaradıldıqdan sonra ermənilər bu abidəni özlərinə simvol seçiblər. Bir xankəndili kimi deyə bilərəm ki, bu abidə 1980-ci illərin sonlarına qədər şəhərin ən baxımsız yerlərindən biri olub. Ətrafını kol-kos basmış bu ərazi adətən erməni əyyaşlarının məskəninə çevrilib.
2013-cü ildə abidədə əsaslı şəkildə təmir və bərpa işləri aparılıb, ətrafı abadlaşdırılıb. Bu missiyanı isə öz üzərinə Rusiyada iş adamı kimi tanınan, adı tez-tez məhkəmələrdə, korrupsiya işlərində hallanan Karen Avaqumyan götürüb.
Bu il noyabrın 1-də abidənin qoyulmasının 56 ili tamam olur. Yəqin ki, həmin tarixdə “Biz və bizim dağlar” yerlə yeksan olacaq. Artıq “Baba və nənə”nin də Xankəndidən qaçan öz nəvələri kimi getmək vaxtı yetişib. Ermənilər “ulu”larını özləri ilə aparmağa həvəs göstərmədilər, onları darda qoydular. Amma eybi yox, Azərbaycan bu qocaları da “xilas” edəcək...
İlham Cəmiloğlu
"Paralel.az"