“Erməni işi”ndə Game Over... 200 illik “qara zolaq”dan çıxdıq

“Erməni işi”ndə Game Over... 200 illik “qara zolaq”dan çıxdıq
 

İkinci Qarabağ müharibəsindən sonra postsavaş dönəmi, sülh prosesi ilə bağlı fərqli təxminlər və gözləntilər vardı. Bölgədəki hərbi-syasi konyunktura, beynəlxalq geosiyasi situasiya, diplomatik prioritetlər və oyunlar Azərbaycanın meydanda qazandıqlarını sadəcə danışıqlar, masadakı manevrlərlə təsbit etməsini problemli edirdi.
Müharibə bitmiş, sülh isə yoxdu, üstəlik, həm uduzan tərəf, həm də geosiyasi oyunçular tərəfindən sülh prosesinin əngəllənməsi Azərbaycanın hərbi-siyasi hakimiyyətini postsavaş dönəmi üçün eskalasiya və eksseslərlə – hərbi gərginlik, sülhə məcbur etmə ilə hədəfə getməyi (tam deokkupasiya) modelləşdirməyə məcbur etdi.
Və 2020-ci ilin payızındakı Zəfər – meydandakı böyük hərbi uğur pessimistcəsinə boylandığımız 2025-ci ilə qədər deyil, əlverişli qlobal və regional konyunkturada geosiyasi şansın da bizə yar olmasıyla 3 ilə 2 sıçrayışla ( 2020-ci ilin 8 noyabr – Şuşa təntənəsindən 2023-cü il iin 23 aprelinə - Laçın dəhlizindəki posta və ordan 19-20 sentyabrın lokal antiterroru ilə Xankəndiyə!) tam hərbi-siyasi tarixi Qələbənin təsbiti ilə bitdi...
Samvel Şahramanyanın qondarma qurumun buraxılması barədə imzaladığı “sərəncam” Azərbaycan qanunvericiliyi və beynəlxalq hüquq baxımından kağız parçası olsa da, "Dağlıq Qarabağ (Artsax) Respublikası"ının ləğvini özlərinin elan etməsi və bununla da 35 illik Qarabağ davasında erməni iddiasının, bir əsrdən artıq davam edən “Miatsum”, “Böyük Ermənistan”, “Dənizdən dənizə” kimi erməni azar, illüziya və xülyalarının süqutunu özlərinin etiraf etmələri yalnız ərazi bütövlüyümüzün bərpası və Qarabağ üzərində suverenliyimizin tam təmin edilməsi baxımından önəm kəsb etmir. Bu misilsiz tarixi hadisə, böyük milli uğur “200 illik erməni qara zolağı”nı Azərbaycan tarixinin epizoduna çevirən, müstəqil Azərbaycan dövlətinin və xalqının taleyində yeni epoxa və üfüqlər açan, bəlkə də milli kimliyimizin qumaşına effektiv korrektələr edəcək mühüm dönüş anıdır.
İsti-isti olduğu üçün bu anı tam anlamır, milli sevinc və qurur anlamında ləzzətini tam çıxara bilmirik.
Amma erməni aləmi – Qarabağdan qaçanından tutmuş, İrəvanda başını itirəninə və Parisdə hikkələninə kimi 2023-cü ilin payızında sərt və qəfil gerçəyi anladı ki, Game Over... erməni dramı bitdi, özü də bu dəfə birdəfəlik! 

Qəzənfər Həmidoğlu

"Paralel.az"

 

0.046759128570557