Universitetlərimiz niyə qlobal reytinqlərdə zəifdir? - Dos. İlham Əhmədov
“NECƏ EDƏK KI, ATM REYTINQINI QALDIRA BILƏK?" (ETN E. ƏMRULLAYAEV)
Universitetlərimiz niyə qlobal reytinqlərdə zəifdir? Çünki, milli universitetlərimiz rəqabətədavamlı deyillər. Çünki, təhsil sistemimiz, təhsil siyasətimiz, bu siyasəti reallaşdıran təhsil menecerlərimiz rəqabətədavamlı deyillər. Bunun bizə nə ziyanı ola bilər? Bu halda yaxın gələcəkdə gənclərimiz, insanlarımız, insan kapitalımız, mütəxəssislərimiz, nəhayətdə isə ölkəmiz rəqabətədavamlı olmayacaq. Hər tərəfdən dost olmayan ölkələrlə əhatə edilmiş dövlət üçün bu perspektivdə ciddi təhlükədir.
Gündən günə qlobal rəqabətin artdığı mürəkkəb dünyada dövlətin və xalqın, gələcək nəsllərin təhlükəsizliyi naminə bizim bu səhvləri etməyə haqqımız yoxdur. Bu səbəbdən bütün ölkələr elm və təhsili milli təhlükəsizliyin əsas elementləri hesab edirlər. Milli təhlükəsizlik haqqında AR Qanununda qeyd edilən kimi, təhsilin keyfiyyət səviyyəsinin, elmi-texniki və intellektual səviyyənin zəifləməsi milli təhlükəsizliyə ciddi təhdiddir.
Universitetlərimiz son illərdə az da olsa müəyyən təşəbbüslərdə bulunurlar.
UNEC-in keçən il öz büdcəsi hesabına alimlərin tədqiqat və layihələrinə qrant verməsi çox yaxşı haldır. Bu ölkədə ilk təşəbbüsdür. Belə təşəbbüsləri digər universitetlər də etməlidir, əgər onlar nəhayət ki, inkişaf etmək istəyirlərsə. Belə müsabiqələri ATM bəlkə də ildə 2 dəfə təşkil etməlidir, çünki, geriliyimizi başqa cür aradan qaldırmaq mümkün deyil. Bu müsabiqələrdə yalnız ATM -nin öz əməkdaşlarının iştirakı kimi şərtlər qoymaq müsabiqənin səmərəsini azaldır. Belə müsabiqələrdə digər universitetlərin tədqiqatçılarının da iştirakı daha məqsədəuyğun olardı.
Əslində bu işi ETN özü etməli idi. 4,5 milyard büdcən ola, ölkənin təhsil siyasətini "reallaşdırasan", amma universitetlərə 30 il ərzində necə qrant verməyəsən? Biz 15 ildir bu məsələni qabardırıq, amma nazirlik ATM-nə qarşı sanki, xəsislik və qısqanclıq edir, sanki dövlətin pulunu dövlətin inkişafının əsasını təşkil edən ali təhsilin inkişafına xərcləmək istəmir.
ETN ATM-nin inkişafını istəmir? Hələ bu azmış kimi, ETN öz yaratdığı fonda ATM-dən zorla pul qoparır. Elə universitet var ki, bu fonda 1,5 milyon manat verməli olub. Amma bu pula ATM elə universitetdaxili qrantlar verməklə inkişaf edə bilərdi.
Təhsil naziri sual edir: "necə edək ki, ATM-nin reytinqini qaldıra bilək?" Çox sadə həlli var bu məsələnin, əgər niyyət və məqsəd olarsa. Biz ATM-nin rəqabətqabiliyyətliyinin bəzi meyarlarını əvvəlki məqalələrimizdə qeyd etmişdik. Beynəlxalq təcrübədə universitetlərin rəqabətədavamlılığı meyarları təxminən belə təyin edilib:
1. Universitetdə təhsilin keyfiyyət səviyyəsi, yəni, universitet ENQA - Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Assosiasiyasının akkreditasiyasından keçibmi?
2. Universitetdə aparılan elmi-tədqiqatlar və onların nəticələrinin kommersialaşdırılması səviyyəsi necədir?
3. İşəgötürənlərin ali təhsil müəssisələrinin məzunlarına olan tələbatı
4. Universitetin qlobal reytinqlərdə yeri
5. Universitetin əsas ixtisaslar üzrə reputasiyası
6. Büdcə hesabına təhsil alan tələbələrin sayı
7. Tələbələrin xaricdə təhsil imkanları (tələbə mobilliyi)
8. Universitet yataqxanalarında yerlərin sayı
9. Universitetin rəqəmsal transformasiya vəziyyəti
10. Universitetin distant təhsil imkanı
Bu meyarlarla milli ATM-mizə nəzər salsaq, görərik ki, universitetlərimiz beynəlxalq səviyyədə rəqabətədavamlılığı deyillər.
Son illər ETN orta məktəblərə və məktəb müəllimlərinə qrantlar verir. Bəs ATM-nə niyə qrant verilmir? Halbuki ATM-nin problemləri məktəb problemlərindən dəfələrlə çoxdur, mürəkkəbdir və 30 ildə də nazirlikdən heç bir dəstək almayıblar. Problemlər isə illərlə qalaqlanıb yığılır.
ATM sərbəst maliyyə vəsaitlərini yerli-yersiz olaraq təmtəraqlı təmir- tikinti işlərinə yox, nəhayət ki, real inkişafa, elmi tədqiqatlara, elmi jurnalların dərcinə, beynəlxalq konfransların təşkilinə yönəltməlidirlər. ETN isə ölkədə elmin inkişafına yönəli büdcə pullarını universitetlərə istiqamətləndirməlidir. 30 il ərzində universitet elminin təşkilinə ayrılan pullar reallıqda bir universitetin ehtiyacını ödəməyə heç kifayət etməzdi. Bizdə uzun müddət ərzzində 50 universitetdə elmin inkişafına ildə cəmi 2 milyon manat ayrılırdı, indi isə bu rəqəm məlum deyil, ETN bunu gizli saxlayır.
Niyə, xarici ölkələrdə 5-10 il əvvəl yaradılan universitetlər reytinqlərdə yüksək yerlər tuta bilir, bizim 100 yaşlı universitetlərimiz isə heç nə ilə fərqlənə bilmirlər? Bu gün dünya universitetləri 4-cü nəsl, 5-ci nəsl universitet modelləri, sahibkar universitet modeli, rəqəmsal universitet modelləri qurduqları halda, bizdə hansı model, hansı nəsl model universitetlər qurulub?
50 universitetimizdən heç birində keyfiyyətli distant təhsil modeli qurulmayıb, müasir səviyyədə keyfiyyətin təminatı sistemi yoxdur, KTS beynəlxalq akkreditasiyadan keçməyib. Hələ də heç bir universitetmiz “Tədqiqat Universiteti” (TU) statusu ala bilməyib, baxmayaraq ki, NK hələ 2017-ci ildə bu meyarları təsdiq edib. Məlum strategiyaya görə 2026-cı ildə 2 ATM bu statusu qazanmalıdır. Baxmayaraq ki, NK-nin təyin etdiyi meyarlar beynəlxalq tələblər baxımından xeyli sadədir, amma heç bunu da ödəyən ATM hələ yoxdur.
Sovet vaxtı bizim universitetlər 2-ci nəslə aid idi. Bu model öz dövrünün tələblərinə cavab verirdi. İndi isə universitetlərimizin əksəriyyəti 1-ci nəsl universitetləri səviyyəsinə eniblər. Çünki, əksər universitetlərimizdə real olaraq tədqiqatlar aparılmır. TN adı indi dəyişib ETN olsa da, nə nazirlikdə, nə də ATM-də elmi abu-hava, elmi mühit yaranmadı. Əvvəllər ATM-də professor- müəllim heyəti elmi fəaliyyətə görə də maaş alırdılar. İndi bu işə görə nəinki pul almırlar, əksinə öz məqalələrinin dərcinə görə pul ödəməli olurlar (xaricdə dərc edilərsə, daha baha olacaq).
Son illər nazirliyin göstərişi ilə bir çox ATM-də müəllimlər dərsi olmayan günlərdə də gəlib universitetdə tabelə imza atmalı olurlar. Bu nə irrasionallıqdır ? Bu minlərlə müəllimin əlavə vaxt, pul və enerji itkisinə səbəb olur. Şəhərdəki tıxacda həftədə 2 dəfə əlavə olaraq şəhərin bir başından o biri başına gəlmək, tabelə imza atmaq, geri qayıtmaq, ən azı 2-3 saat vaxt itkisidir, pul məsrəfidir. Bunu bir il üçün hesablayanda ciddi itkidir. Hanı rasional düşüncə? Kimin xeyrinədir bu? Bu boş yerə itirilən vaxtı müəllim öz inkişafına, məqalə yazmağa, dərslərə hazırlaşmağa sərf edə bilərdi. Yollara sərf etdiyi pulu isə ildə 3-4 məqalənin dərcinə sərf edə bilərdi.
Digər ölkələrdən fərqli olaraq hələ də bizdə 3-cü nəsl universitetlər yoxdur, belə getsə deyəsən yaxın 10 ildə heç olmayacaq da. Biz deyəsən vaxtı ilə 2-ci nəsl universitetdə oxuyub, indi isə 1-ci nəsl universitetdə işləyirik. Universitetlərimizdə bu səbəblərdən innovasiyalar və yeni biliklər yaranmır, əlavə pul qazanılmır.
ETN ATM problemlərinin həllində dəstəkçi ola bilmirlər. Bu qurum sanki məktəblərə məsuldur, maarif nazirliyi funksiyasını icra edir (qəbul imtahanlarının nəticələri orta təhsilin "keyfiyyəti və səmərəsi"ni sübut etdi).
Ali təhsil sistemi sanki qalıb tam dəstəksiz. Bu nə məntiqdir, nə idarə etmədir belə? Ona görə də qlobal reytinqlərdə universitetlərimizin mövqeyi çox zəifdir.
"Paralel.az"