Təhsilimizin gələcəyini kimlər proqnozlaşdırır? -dos. İlham Əhmədov
Qlobal təhsilin gələcəyi ONLAYN təhsildir. 2030-cu ildə onlayn təhsil bazarının tutumu trilyon dollarlarla ölçülə bilər.
Süni intellektin inkişafı və bunun təhsildə geniş tətbiq imkanları bu ehtimalı gücləndirir. Yaxın gələcəyin ən zəngin texnoloji şirkəti qlobal onlayn təhsil bazarının lideri olacaqdır, bu şirkət həm də dünyanın ən zəngin şirkəti olacaq. Bizim payımız bu bazarda hələlik 0 dollardır. Bu gedişlə 2030-cu ildə də ehtimal ki, belə olacaq. Amma vətəndaşların xarici universitetlərdə keyfiyyətli onlayn təhsilə kütləvi axını hər il ölkədən 100 milyonlarla dollar xaricə axınına səbəb olacaq. ETN distant təhsilə son 20 ildə olan arxaik yanaşması və strateji səvhləri nəticəsində ölkənin ali təhsil bazarı tam çökə bilər.
Bəs bizdə təhsilə dair belə strateji araşdırmalar, planlamalar aparılırmı? Təhsilə dair proqnozlar verilirmi? Kimlər edir bunu,
hansı qurum bu işə məsuldur? Niyə bizə belə tədqiqatlar və onların nəticələri heç yerdə rast gəlmir?
AR NK 23. 09. 2023 tarixli qərarı ilə AR ETN strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı təsdiq edilib. Qərarın verilməsinin səbəbi yəqin ki, AMEA-nın institut və bəzi qurumlarının ETN-nin tabeliyinə verilməsidir. Bu siyahıda əvvəldən də ETN-nin nəznində olan 2 qurumun adı diqqətimi cəlb etdi. Daim təhsil sistemində gedən prosesləri diqqətlə izləyən tədqiqatçı kimi bu qurumların adlarını ilk dəfə idi görürdüm. Bunlar “Peşə Təhsilinin İnkişafı Fondu” (2020-ci ildə yaradılıb) və Elm və Təhsil Nazirliyinin nəzdində “Təhsil sisteminin inkişafı və proqnozlaşdırılması problemləri üzrə” elmi tədqiqat laboratoriyası (2017-ci ildə yaradılıb). İndi PHŞ kimi fəaliyyət göstərir.
Sözün düzü Təhsil sisteminin inkişafı və proqnozlaşdırılması problemləri bir tədqiqatçı kimi daim bizi maraqlandırıb, bu sahədə son 20 ildə xeyli məqalələr yazmış, proqnozlar vermişik. Bu səbəbdən ETN-nin nəznində olan laboratoriyanın işi ilə tanış olmaq istədim. İnternetdə (o cümlədən sosial şəbəkələrdə) bu qurumun nə ünvanı, nə saytı, nə gördüyüy hər hansı işi, nə təşkil etdiyi və ya iştirak etdiyi tədbir, nə də layihə və tədqiqat adı rastıma çıxmadı. Maraqlıdır bu qurum fəaliyyət göstəririmi, yoxsa fəaliyyətini dondurub. Bu qurumun məşğul olduğu istiqamət milli təhsilimiz üçün çox vacibdir, təəssüf ki, ortalıqda iş hələ də yoxdur.
Digər qurum isə 2020-ci ildə təsis edilən “Peşə Təhsilinin İnkişafı Fondu” dur. Bu qurumun da eyni ilə İnternetdə (o cümlədən sosial şəbəkələrdə) fəaliyyəti üzə çıxmadı, yalnız 2020-ci idə bəzi saytlarda belə bir qurumun yaradılması barədə məlumat verilib. Bu istiqamət də təhsil sistemi üçün çox əhəmiyyətlidir, xüsusən də nəzərə alsaq ki, peşə təhsili bu gün çox aktualdır və bu sahədə hələ görüləsi işlər çoxdur. Bu qurumların işi barədə görəsən hardan məlumat almaq olar? Bilən varmı?
Milli təhsilin strateji inkişaf problemləri və onun qlobal inşaf trendləri kontekstində planlaşdırılması və proqnozlaşdırılması çox zəruridir. Əks halda təhsildə qalan az-çox nə varsa, onu da itirə bilərik.
Bu elmi tədqiqat laboratoriyası kimi.
"Paralel.az"