8 ay ərzində görülən işlər “Açıq qapı”da

8 ay ərzində görülən işlər “Açıq qapı”da
 

8 ay ərzində istehlakçılara satılan qazın həcmi, payız-qış mövsümünə hazırlıq və görülən işlər “Açıq qapı”da

SOCAR “Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası baş tutub. Bu dəfə cari ilin yanvar-avqust ayları ərzində qeydə alınmış statistik məlumatlar media nümayəndələrinin diqqətinə çatdırılıb. İlk olaraq 8 ay ərzində istehlakçılara satılan qazın həcmini diqqətə çatdıran Birliyin Abonent bazasına xidmət şöbəsinin rəis müavini Vüqar Səmədov bu rəqəmin 4,9 milyard kubmetr olduğunu bildirib. Satılan qazın dəyərinin 100,3%-nin toplandığını qeyd edən qurum rəsmisi bu dövr ərzində yeni qeydiyyata alınmış abonentlərin sayını da açıqlayıb. Yanvar-avqust ayları ərzində 43 073 yeni abonentin qeydiyyata alınması ilə ölkə üzrə istehlakçı sayının 2 554 603-ə çatdığı vurğulanıb.
Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev payız-qış mövsümünə hazırlıq barədə ətraflı məlumat verib. Şöbə rəisi qeyd edilən mövsümə SOCAR “Azəriqaz” İB-nin tam hazır olduğunu bildirib ki, burada da fors-major halları istisnadır. Eldəniz Vəliyev media nümayəndələrinin diqqətinə Birliyin işçi sayında qeydə alınan artımı da çatdırıb. Artıq SOCAR “Azəriqaz” İB-nin ailəsi böyüyərək 10 000 nəfərə çatıb ki, bu da abonentlərə daha sürətli və daha keyfiyyətli xidmətin göstərilməsinə hesablanıb. "Hər atılan addımın səbəbi abonent məmnunluğudur"-, deyə qurum rəsmisi bildirib.
Aksiya daha sonra jurnalistləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

"Paralel.az"

0.0120849609375