Müzəffər Ali Baş Komandan

Müzəffər Ali Baş Komandan
 

Nadir şah Əfşardan sonra Azərbaycan qələbə sevincinə həsrət qalmışdı. Zaman-zaman işğal olunduqca, ərazisi kiçilərək, balaca bir ölkəyə çevrilmişdi. Qarabağ Azərbaycana məxsus olduğuna baxmayaraq, ermənilər orada öz bildikləri kimi hərəkət edir, “Arsax” adlı qondarma respublika qurmuşdular. Ermənistanı dünyaya təcavüzkar ölkə kimi tanıtdırmağa çalışsaq da, uzun müddət idi ki, içimizdə məğubiyyətin ağrı-acısını yaşayırdıq. Dünya bizi- bir ovuc erməniyə məğlub olmusunuz- deyə, qınayırdı...

İti zəkası, dərin ağlı, parlaq təfəkkürü Onu həmişə möhtəşəm göstərir. Duyğusal və ruhən şən olması ilə bərabər, emosional insandır. Gözəl yaddaşı var, diqqətindən heç nə yayınmır. Gözlənilməz hadisələr Onu təəccübləndirmir, təsadüfün zəruriyyətdən yarandığını yaxşı bilir. Zahirən ciddi və sərt görünsə də, əslində mərhəmətlidir, necə deyərlər, ipək kimi qəlbi var. Hadisələrin mahiyyətini məntiqlə şərh edir və qəbul etdiyi qərarları vaxtından əvvəl açıqlamır. Ürək qızdırdığı insanlara qarşı zarafatcıl, səmimidir. Dost seçimində tələsmir, real keyfiyyətlərə əsaslanır...

Bəli, məhz Onun rəhbərliyi altında Qarabağ işğaldan azad olundu, müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin edildi. Səbrli insandır. Nizam-intizama ciddi fikir verir. Qərar verməkdə tələsmir. Qərar verdisə təzyiqlərə məhəl qoymadan həyata keçirir. Tərifə və ya biganəliyə fikir vermədən məqsədinə doğru irəliləyir. Gücünə, intelektinə yaxşı bələddir. Şəxsiyyətini sevdirməyi, ürəkləri fəth etməyi bacarır. Lider olmaq Onun alın yazısıdır. Strategiyası, xalqını xoşbəxt, ölkəsini firəvan görməkdir...

Ulu Öndər Heydər Əliyev Onun haqqında deyirdi: - "Üzümü sizə - həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellekt, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firəvanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm"...

Bəli, O, Ulu Öndərin bütün ümidlərini doğrulda bildi. Ölkəmizin ərazi bütövlüyünü təmin edərək, Azərbaycan tarixində böyük siyasətçi, sarsılmaz lider, məğlubedilməz sərkərdə kimi yer aldı...

Zaman keçəcək, əsrlər ötəcək, nəsillər bir-birini əvəzləyəcək. Amma Onu- işğal olunan torpaqları azad edən Xalqının Xilaskarı, düşmən üzərində zəfər çalan Rəhbərlərdən biri kimi həmişə sevəcəklər.
Bu elə bir zəfərdir ki, Azərbaycan xalqı iki yüz ildən çox həsrətini çəkib. Döyüşüb, amma heç zaman nail ola bilməyib. Zəfərin, təntənən, bayramın mübarək, Azərbaycan!..

Elman Eldaroğlu

"Paralel.az"

0.015201807022095