“Qarabağın TŞ-yə çıxarılması üçün yeni cəhd nəticəsiz başa çatacaq” - İlham Əliyev Makrona

“Qarabağın TŞ-yə çıxarılması üçün yeni cəhd nəticəsiz başa çatacaq” - İlham Əliyev Makrona
 

Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

“Caliber” xəbər verir ki, söhbət zamanı Fransa lideri öz ənənəvi üslubunda Ermənistanı müdafiə etməyə və ölkəmizin Qarabağ bölgəsi ilə bağlı mövzuları şərh etməyə çalışıb. Prezident İlham Əliyev isə qeyd edib ki, Qarabağ və Qarabağ ermənilərinin problemləri Azərbaycanın daxili məsələləridir.

Dövlət başçısı həmçinin xatırladıb ki, sentyabrın 19-da Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisinə və hərbi qulluqçularına qarşı terror aktı törədib. Buna cavab olaraq Azərbaycan ən yüksək səviyyədə həyata keçirilən antiterror tədbirlərinə başlayıb. Proses Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin və digər qanunsuz erməni silahlı birləşmələrinin tərksilah edilməsi ilə başa çatıb.

Bundan başqa, Makronun diqqətinə çatdırılıb ki, sentyabrın 21-də Azərbaycanın mərkəzi hökumətinin səlahiyyətli nümayəndəsinin Azərbaycanın Qarabağ bölgəsində yaşayan etnik ermənilərin nümayəndələri ilə Yevlaxda görüşü keçiriləcək, onların reinteqrasiya məsələləri müzakirə olunacaq.

Bildirilib ki, ermənilər vaxtilə Azərbaycanın təkliflərini və onun reinteqrasiya proqramını qəbul etsəydilər, hadisələr başqa cür inkişaf edəcəkdi. İlham Əliyev həmçinin Makrona açıq şəkildə bildirib ki, Fransanın BMT Təhlükəsizlik Şurasındakı (TŞ) təşəbbüsü nəticəsiz başa çatacaq daha bir mənasız təşəbbüsdür.

Paralel.az

0.016627073287964