Güneylilərdən antiterror tədbirləri ilə bağlı bəyanat

Güneylilərdən antiterror tədbirləri ilə bağlı bəyanat
 

Xarici ölkələrdə yaşayan Güney Azərbaycandan olan milli fəallar Qarabağda həyata keçirilən antiterror tədbirlərini dəstəkləyirlər.

Report.az xəbər verir ki, bu barədə güneyli soydaşlarımızın yaydıqları bəyanatda bildirilib.

Milli fəalların bəyanatında vurğulanıb ki, Qarabağ bölgəsində qanunsuz yerləşdirilən Ermənistan hərbi birləşmələri son zamanlar təxribat fəaliyyətlərini genişləndirib, minalardan təmizlənən ərazilərdə partlayıcı vasitələr yerləşdiriblər.

Bəyanatda qeyd olunub ki, erməni quldur dəstələrinin Xocavənd rayonunda basdırdıqları minaların partlaması nəticəsində sentyabr ayının 19-da bir neçə nəfər həlak olub. Eyni gündə Daxili İşlər Nazirliyinin əməkdaşlarını daşıyan maşının minaya düşməsi nəticəsində bir neçə polis əməkdaşı həlak olub, xəsarət alanlar olub:

"Azərbaycan dövlətinin də dəfələrlə bəyan etdiyi kimi, Ermənistan silahlı qüvvələrinin Qarabağ bölgəsindəki varlığı 10 noyabr 2020-ci il tarixində imzalanan Üçtərəfli bəyanatın maddələrinə zidddir, bölgədə sülh və əmin-amanlıq üçün ciddi təhlükə yaradıb.

Şübhəsiz ki, Üçtərəfli bəyanatın həyata keçirilməsi Qarabağda törədilən geniş xarakterli təxribatların qarşısının alınmasına və Ermənistan silahlı qüvvələrinə bağlı birliklərin silahsızlaşdırılaraq ərazidən çıxarılmasına səbəb olacaq. Eyni zamanda Qarabağa qayıdan dinc əhalinin, orada çalışan işçilərin və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması, sərhədlərin toxunulmazlığını, bölgədə sülh və əmin-amanlığın yaranmasını təmin edəcək".

"Milli fəallar olaraq, Ermənistanı Üçtərəfli bəyanata sadiq qalmağa, bu dövlətə bağlı bütün silahlı birliklərin Azərbaycan torpaqlarını tərk etməsini tələb edirik. Dünya birliyini isə Azərbaycana qarşı erməni təxribatlarını qınamağa, Azərbaycan əhalisinin təhlükəsizliyini qorumağa, bölgədə barışın qorunması üçün çalışan soydaşlarımızı müdafiə etməyə çağırırıq. Bir daha bu haqlı mücadilədə Azərbaycan dövlətinin və xalqının yanında olduğumuzu, əlimizdən gələn hər cür yardımı və dəstəyi əsirgəməyəcəyimizi bildirir, Müzəffər Ordumuza uğurlar diləyirik", - bəyanatda qeyd olunub.

 

0.011107206344604