Birləşmiş Ərəb Əmirliklərinin 3 universiteti TOP-1000-də

Birləşmiş Ərəb Əmirliklərinin 3 universiteti TOP-1000-də
 

Henri Kissincer: “Neftə nəzarət edən dünyanı idarə edir”.
İnformasiyaya sahib olan vəziyyətə nəzarət edir (yəhudi atalar sözü).

Bu 2 fikirin biri dünənə, o biri bu günə və sabaha aiddir. Proqnozlara görə neft erasının bitməsinə təxminən 20-25 il vaxt qalıb. Yəqin ki, sonra dünyanı alternativ enerji mənbələrinə malik ölkələr idarə edəcəklər. Bu isə təbii sərvətlərə yox, yüksək elm, təhsil və texnologiyaya, yəni keyfiyyətli insan kapitalına sahib ölkələrin sərəncamında olacaqdır. Dünyanı da məhz onlar idarə edəcəklər. Hərçənd onlar indi də dünyanı idarə edirlər. Əslində bütün neft yataqları da onların nəzarətindədir.
Neft ölkələri bu müddət ərzində yüksək keyfiyyətli təhsil sistemi quraraq, rəqabətədavamlı insan kapitalı yaradaraq yeni dövrün tələblərinə uyğunlaşmağa çalışırlar. Yəni, postneft dövrünə hazırlaşaraq “neft kapitalını insan kapitalına çevirmək” strategiyası reallaşdırırlar. Bir sıra neft ölkələri bu haqda düşünürlər, amma bu heç də hamıda uğurlu alınmır.
Dünyaya nəzər saldıqda XX əsrin ortalarından başlayaraq aparıcı dövlətlərin ən mühüm prioritetləri içərisində insan kapitalının yaradılması xüsusi yer tutur. Bu nəzəriyyə ilk dəfə ötən əsrin 70-ci illərində qərb iqtisadçıları tərəfindən irəli sürülmüşdür.
İşçi qüvvəsinin formalaşması, insanın yaradıcılıq və faydalılıq imkanlarının artırılması bu nəzəriyyənin əsas istiqamətləridir. Müasir dövrdə təbii sərvətlər bolluğu dövlətin əsas göstəricisi sayılmır. Dünya Bankının apardığı araşdırmalar müəyyən etmişdir ki, ABŞ-ın milli sərvətinin 75 faizini insan kapitalı, 21 faizini istehsal, 4 faizini isə təbii resurslar təşkil edir. Avropa ölkələrində isə insan kapitalı 73 faiz, istehsal 22 faiz, təbii resurslar isə cəmi 5 faiz təşkil edir. Rusiyada isə insan kapitalı 40 faiz, istehsal 10 faiz, təbii sərvətlər isə 50 faiz səviyyəsindədir.
Dünya Bankı tərəfindən hazırlanmış Millətlərin sərvətlərinin dəyişməsi adlı hesabatdan məlum olur ki, insan kapitalı qlobal sərvətlərin 64, yüksək gəlirli ölkələrin sərvətlərinin 72, aşağı gəlirli ölkələrin sərvətlərinin isə 41 faizini təşkil etdiyi halda, Azərbaycanda sərvətlərin formalaşmasında insan kapitalının payı cəmi 14 faizə bərabərdir, yəni, aşağı gəlirli ölkələrin göstəricisindən belə təxminən üç dəfə aşağı.
Neft ölkələrindən hələlik yalnız Birləşmiş Ərəb Əmirliyi bu sahədə uğur qazana bilib. BƏƏ insan kapitalının inkişafı məqsədi ilə az vaxt ərzində təhsil sistemində ciddi islahatlar aparıb, böyük həcmli inverstisiyalar qoyublar. Bunun nəticəsində BƏƏ fəaliyyət göstərən 3 universitet dünyanın ən yaxşı 1000 ali təhsil müəssisəsi sırasındadır. Söhbət “Xəlifə Elm və Texnologiya Universiteti”ndən gedir - o, siyahıda 659-cu yerdədir, Şarja Universiteti (739-cu yer) və Nyu-York Universiteti Abu Dabidən (844-cü yer).
“Xəlifə Elm və Texnologiya Universiteti” tədqiqat universitetidir, 2007-ci ildə yaradılıb, 2022-ci ildə QS reytinq cədvəlində isə 183-cü yerdə olub. Təbii ki, cəmi 15 il əvvəl yaradılan iniversitetin belə bir uğuru güclü investisiya və peşəkar idarəçiliyin nəticəsidir (təəssüf ki, bizim universitetlərdə bu amillər zəifdir). Bu universitetin yaradılmasında məqsəd post neft erasında ölkənin biliyə əsaslanan iqytisadiyyatının inkişafını dəstəkləməkdir. Bizdə də bu barədə yaxşı sözlər deyilir, amma 30 ildir belə bir universitet yarada bilmirik.

Aparılan tədqiqat BƏƏ-nin hər bir dövlətinin ən yaxşı universitetlərinin siyahısını təqdim edir. BƏƏ-də aparıcı universitetlər kimi BƏƏ Universiteti, Körfəz Tibb Universiteti, Zayed Universiteti, Ajman Elm və Texnologiya Universiteti, Şarja Amerika Universiteti, Dubaydakı Britaniya Universiteti, Məhəmməd bin Rəşid Tibb və Sağlamlıq Elmləri Universiteti, Ali Texnologiya Kolleci tanınıblar. , Əmirliyin ixtisasartırma Kolleci, Emirates Advanced Studies Kolleci, Məhəmməd bin Zayed adına süni intellekt Universiteti və Ras Al Khaimah Amerika Universiteti.
Məlum olduğu kimi qlobal reytinqdə ABŞ-ın 234 universiteti yer alıb. Ən çox nüfuzlu universitetlər Avropada yerləşir - ümumi siyahının 39,4%-i.
Dünyanın ən çox sayda aparıcı alimlərinə sahib olan universitet Harvard Universitetidir (2113 alim). Bu sıralamada daha sonra Stenford Universiteti (1148), Kaliforniya Universiteti (907), Cons Hopkins Universiteti (805) və Oksford Universiteti (848) gəlir.
Sentyabr ayında 2022-ci il Spear's Schools Index reytinqinə görə dünyanın ən yaxşı 100 məktəbi arasında Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən 10 özəl məktəb yer alıb. Reytinq beynəlxalq təhsil konsaltinq şirkəti Carfax Education və zəngin insanlar üçün Spear’s jurnalı tərəfindən tərtib edilib.
Yaxın Şərqin ən yaxşı 15 məktəbindən 10-u Birləşmiş Ərəb Əmirliklərində yerləşir. Bura Abu Dhabi Brighton College, The British School Al Khubairat, Cranleigh Abu Dhabi, Dubai College, Jumeirah College, Jumeirah English Speaking School, Nord Anglia International School Dubai, NLCS Dubai, Repton School Dubai və Swiss Scientific International School kimi məktəblər daxildir.
Reytinqdə akademik göstəricilər və universitetə hazırlaşan məktəblilərin uğurları ilə yanaşı, həm də məktəblərin yerli və beynəlxalq aləmdə nüfuzu, uşaqların akademik mühitdən kənar həyata hazırlıq səviyyəsi də nəzərə alınıb.

Dos. İlham Əhmədov

"Paralel.az"

0.045320987701416