Dünya mediası Qarabağ bölgəsində başlanan antiterror tədbirlərindən yazır -FOTO
Dünyanın müxtəlif ölkələrinin tanınmış KİV-ləri Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə bağlı xəbərlər yayımlayıb.
Məqalələrdə Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərdə başladılan lokal xarakterli antiterror tədbirlərinin məqsədinin 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi olduğu bildirilib.
“Daily Pakistan” nəşrində yayımlanan xəbərdə Azərbaycanın Qarabağ bölgəsində antiterror tədbirləri həyata keçirməyə başladığı qeyd olunub, Azərbaycanın dövlət qurumlarının, o cümlədən Müdafiə Nazirliyinin antiterror tədbirləri ilə bağlı məlumatları diqqətə çatdırılıb. Azərbaycan Müdafiə Nazirliyinin məlumatında lokal xarakterli antiterror tədbirləri çərçivəsində yalnız legitim hərbi obyektlərin və hərbi infrastrukturun yüksək dəqiqlikli silahlarla hədəfə alındığının və sıradan çıxarıldığının bildirildiyi vurğulanıb.
Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən atəş vasitələrinin yaşayış yerlərinin yaxınlığında yerləşdirilməsini nəzərə alaraq, ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa dair çağırış etdiyi də qeyd olunub.
Xəbərdə bildirilib ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra üçtərəfli Bəyanat imzalansa da, Ermənistan həmin dövrdən sonra dəfələrlə atəşkəs rejimini pozub. Həmçinin qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin qanunsuz birləşmələrinin və Qarabağdakı separatçıların Azərbaycanın həmin ərazilərdə inşa etdiyi yolda və tuneldə basdırdığı minaların partlaması nəticəsində mülki şəxslər və polis əməkdaşları həlak olublar.
ABŞ-ın CNBC televiziyasının elektron versiyasında yayımlanan məqalədə də Azərbaycanın Qarabağ bölgəsində konstitusiya quruluşunu bərpa etmək və Ermənistan silahlı qüvvələrinin birləşmələrini ərazidən çıxarmaq üçün antiterror tədbirlərinə başladığı qeyd olunub. Bildirilib ki, Azərbaycanın Müdafiə Nazirliyi yaydığı bəyanatda lokal xarakterli tədbirlərin məqsədinin Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi olduğu bildirilib. Qeyd edilib ki, Azərbaycan mülki şəxslərin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb.
Almaniyanın “Süddeutsche Zeitung” qəzetində yayımlanan məqalədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatlarına istinad edilib. Bildirilir ki, Azərbaycan bölgədə konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirir. Antiterro tədbirlərinin məqsədi 2020-ci ildə baş vermiş sonuncu müharibədən sonra əldə edilmiş atəşkəs razılaşmasına əsasən, erməni hərbi birləşmələrinin bölgədən çıxarılmasını təmin etməkdir.
Alman Radiosunun saytında yerləşdirilən məqalədə qeyd edilib ki, antiterror tədbirlərinin məqsədi Ermənistan silahlı qüvvələrinin Qarabağdakı birləşmələrinin tərk-silah edilməsi, onların bölgədən tamamilə çıxarılmasıdır. Həmçinin Azərbaycan tərəfindən Qarabağın erməni əhalisinin təhlükəsiz əraziyə təxliyəsi üçün humanitar dəhlizlərin və məntəqələrin yaradıldığı qeyd olunub.
Məqalədə Azərbaycanın işğaldan azad edilən ərazilərdə mina partlayışı nəticəsində dörd polis əməkdaşının və iki mülki şəxsin həlak olmasına görə Ermənistan silahlı qüvvələrinin birləşmələrini və Qarabağdakı terrorçuları ittiham etdiyi bildirilib.
Böyük Britaniyanın “The National News” nəşrində yayımlanan xəbərdə Azərbaycan Müdafiə Nazirliyinin məlumatına istinad edilərək, antiterror tədbirlərinin əsas məqsədinin Ermənistan silahlı qüvvələrinin Qarabağdakı birləşmələrinin tərk-silah edilməsi, onların bölgədən tamamilə çıxarılması olduğu vurğulanıb.
“Telegraph” qəzetində yayımlanan məqalədə bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyi yaydığı məlumatda mülki əhali və mülki infrastruktur obyektlərinin hədəfə alınmadığını, yüksək dəqiqlikli silahların tətbiqi ilə yalnız legitim hərbi hədəflərin sıradan çıxarıldığını bəyan edib. Xəbərdə, həmçinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlamasına da yer verilib. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalinin nümayəndələri ilə Yevlax şəhərində görüşə hazır olduğu diqqətə çatdırılıb. Həmin açıqlamada “Antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır”, - tələbi xüsusi vurğulanıb.
Rusiya mətbuatı da Azərbaycan Ordusunun antiterror tədbirlərinə geniş yer ayırıb. “Moskovskiy Komsomolets” qəzetində dərc olunan məqalədə bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyi lokal xarakterli tədbirlərin Qarabağda sülhün bərqərar olması və Ermənistan silahlı qüvvələrinin qanunsuz birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması məqsədilə aparıldığını bəyan edib.
“İzvestiya”, “Forbes.ru” nəşrlərində yerləşdirilən yazılarda isə Azərbaycan Ordusunun yalnız Ermənistan silahlı qüvvələrinin legitim hərbi hədəflərinə və hərbi obyektlərinə zərbələr endirdiyi, mülki əhalinin və obyektlərin hədəfə alınmadığı vurğulanıb.
“Kommersant” və “RBK”nın yaydığı xəbərlərdə Azərbaycanın antiterror tədbirlərinə başlamasının Ermənistan tərəfindən Azərbaycan ərazilərinin mütəmadi atəşə tutulması və ərazilərin yenidən minalanması ilə əlaqələndirildiyi qeyd olunub. Bildirilib ki, Azərbaycan Ermənistan ordusunun Qarabağdakı qanunsuz hərbi birləşmələrini tərk-silah etmək, azad edilmiş ərazilərə qayıtmış dinc əhalinin təhlükəsizliyini təmin etmək niyyətindədir.
İspaniyanın “EFE”, “Rtve”, “Notimerica”, “Infobae”, İtaliyanın “Libero Quotidiano” portallarında yayımlanan informasiyalarda Azərbaycan Müdafiə Nazirliyinin altı nəfərin, o cümlədən dörd polis əməkdaşının terror aktları nəticəsində həlak olmasından sonra antiterror tədbirləri həyata keçirdiyini qeyd edilib. Xəbərdə Azərbaycan Prezidenti Administrasiyasının erməni silahlı dəstələrinin ağ bayraq qaldırmayana, bütün silahları təhvil verməyənə və qanunsuz rejim özünü buraxmayana qədər antiterror tədbirlərinin davam etdiriləcəyi bildirilib. Yazılarda, həmçinin Azərbaycanın Qarabağın erməni əhalisi ilə danışıqlara hazır olduğu da qeyd edilib. Məqalələrdə Azərbaycan Müdafiə Nazirliyinin mülki əhalinin təxliyəsi üçün humanitar dəhlizlər yaratdığı da xüsusi vurğulanıb. (Azərtac)
"Paralel.az"