Qızım Nurbənizin tamamlaya bilmədiyim portreti
KİÇİK QIZIM NURBƏNİZİN TAMAMLAYA BİLMƏDİYİM PORTRETİ.
Bu porteti çəkəndə Müşfiqabad yaxınığındakı səhralıqda evimizi tikirdik. Arada əsəblərimi yumşaltmaq, problemlərin sıxıntısından yüngülləşmək üçün, pis, xain insanların pisliklərini unutmaq üçün ya şeir yazar, ya şəkil çəgər, ya kiçik yumşaq daşlardan, quru ağac parçalarından heykəlciklər yonardım. Çoxlu belə işlərimin hərəsini bir adama bağışladım, bəzilərini kimlərsə xəlvətcə çırpışdırdılar.
Bu portreti çəkdiyim zaman Nurbənizin 10 yaşı vardı. Özüm də zob əməliyyatından il yarım olardı çıxmışdım, gözlərim, sağlamlığım tam bərpa olmamışdı. Gözlərimdə hədsiz şişkinlik vardı. Heç yerdə iş yox idi, bütün müəssisələri söküd-dağıdıb, metallom kimi, ikinci əl tikinti materialları kimi satırdılar, həyasız məmurlar. Daş karxanalarında işləməyə isə sağlamlığım imkan vermirdi. Bununla belə mən həm də bata-bata nikbin olmağı bacaran adammışam sən demə. Başqası ölüb-gedərdi məmurlarımızın, hüquq mühafizəçilərimizin pisliklərinə psixologiyası dözməyərək.
Üç uşaqla bizi 1 nömrəli Bakı Broyler Quşçuluq fabrikindən aldığımız birotaqlı mənzildən çıxardıb, hələ bircə otağını da hazırlaya bilmədiyim evə qovdular. Otağın birinin üstünə taxta dirəklər atıb, şiferlə reykalara bərkitdik. O zaman -- xüsusən 1990-cı illərin ikinci yarısında pul çox sürətlə süni infilyasiyaya uğradılırdı, tikinti materialları tapmaq da müşkül idi. Güclü külək dağıda bilməsin deyə hər ehtimala qarşı üstdən çoxlu məftillərlə də sarıdıq şiferləri. Qışı elektriksiz, qazsız yaşadıq. Bir köhnə peçimiz vardı, içində təzək, çır-çırpı, şam qozaları, səhra kolları, yaxınlıqdakı mazutlu göldən yığdığımız mazut yandırırdıq.
Şəkilin üzərində bir fasilə ilə cəmi 3 saat işlədim və yarımçıq qalan bu portret düz iyirmi beş il bir küncdə qaldı. Bir-iki gün qabaq Qızım Nurbəniz bu şəkili yada saldı və tapıb gətirərək şəklini belə tələsik çəkdi, feysbukda paylaşdı. Qismət olsa Nurbənizin o zamankı fotoşəkillərinə baxıb portreti bəlkə də tamamlayaram, nə vaxtsa.
Müəllif: Tələt Mərdi-Həqq
"Paralel.az"