“Cəzalandırmalıyıq ki, o biri futbolçulara da dərs olsun”

“Cəzalandırmalıyıq ki, o biri futbolçulara da dərs olsun”
 

Ötən gün Birinci Liqada baş tutan "Karvan” - "Mingəçevir” matçı qalmaqalla yadda qaldı. Belə ki, matçın ikinci hissəsində komandaların bəzi üzvləri arasında dava düşdü. Nəticədə "Mingəçevir”in məşqçisi Sönməz Quliyev və futbolçular Elçin Qasımovla Elvin Əlizadə qırmızı vərəqə ilə meydandan qovuldu. "Karvan”dan isə kapitan Müşfiq Teymurov eyni cəzanı aldı. Deyilənə görə, qalmaqalı da məhz Teymurov başladıb. O, rəqib azarkeşlərə qeyri-etik jest etdiyi üçün Mingəçevir təmsilçisinin üzvləri onun üzərinə hücum edib. Nəticədə həmin futbolçular təcavüzkar davranış əsası ilə meydandan qovulub.

Qalmaqalla bağlı "Mingəçevir”in baş məşqçisi Samir Məmmədov Qaynarinfo-ya açıqlamasında bunları deyib:

"Günah bizim futbolçularda olmayıb. Rəqib futbolçular bizim azarkeşlərə qarşı nalayiq hərəkət etdi. Bu səbəbdən də oyunçularımız özlərini saxlaya bilmədilər və nəticədə belə vəziyyət yarandı. Baş hakim Rövşən Rəcəbov da bunların hamısına göz yumdu. Məşqçimiz Sönməz müəllim də qırmızı vərəqə aldı. Onun heç bir problıemi yox idi. Nə söyüş söyüb, nə də başqa bir şey. Sadəcə, hakimə "Karvan”ın futbolçusuna qırmızı vərəqəni niyə əvvəldən göstərməməsi ilə bağlı etirazını bildirib. Gərginliyin yüksək olacağı əvvəlcədən məlum idi. Çünki Yevlax bizim rayona yaxındır, derbi matçı idi. Yenə də vəziyyətin bu həddə çatmasına səbəb Rövşən oldu. Futbolçu azarkeşə söyürsə, bu birbaşa qırmızı vərəqə deməkdir. Bunu hamımız bilirik. Futbolçunun da sarı vərəqəsi var idi. Səhv etmirəmsə, yan hakim də Rövşənə futbolçunun azarkeşi söydüyünü dedi. Ancaq baş hakim oyunçunu yanına çağırıb sadəcə, heç bir vərəqə göstərmədən xəbərdarlıq etdi. Yalnız davadan sonra baş hakim ikinci sarı vərəqə ilə futbolçunu qovursa, bu, nə dərəcədə düzgündür? Hətta bundan sonra futbolçu yenə çevrilib azarkeşlərə söydü. Bizim futbolçuların hərəkətlərinə gəlincə, artıq öz tədbirlərimizi görmüşük. Onları cərimələyəcəyik. Çünki bu bizim üçün "minus” sayılır. Bununla yanaşı, qərarlar çıxdıqdan sonra apelyasiya şikayəti vermək istəyirik”.

"Karvan”ın baş məşqçi Kənan Kərimov da qalmaqla səbəb olan futbolçunu cəzalandıracaqlarını dedi:

"Məsələni araşdırdım. Düzdür, futbolçumuzdur, etdiyi səhvə görə onu çox danlamışam. Oyunun gərginləşdiyini görmüşdüm deyə onu əvəz etmək istəyirdim. Qalmaqal da məhz həmin vaxt baş verdi. Özünün dediyinə görə, azarkeşlər onu təhqir edib. Bu da cavabında nəsə nalayiq söz deyib, ya hansısa işarə göstərib. Əlbəttə, azarkeşlərin təhqirlərinə heç bir reaksiya verilməməli idi. Təbii ki, Müşfiqlə bağlı tədbir görəcəyik. Onu cəzalandırmalıyıq ki, bu digər futbolçulara da dərs olsun”.

Kərimov mingəçevirlilərlə dost münasibətləri olduğunu da bildirdi:

"Kimlərsə aranı gərginləşdirə bilər. Biz azarkeşlərin ağzını yuma bilmərik. Sosial şəbəkələrdə də nəsə yaza, bizim adımızdan istifadə edə bilərlər. Bizim "Mingəçevir” rəhbərliyi ilə dostluq münasibətlərimiz var. Neçə ildir bir-birimizi tanıyırıq. Oyundan sonra Müşfiqi rəqib komandanın paltardəyişmə otağına aparıb, onlardan üzr istətmişəm. Futbolçuları, rəhbərləri də bunu təsdiq edə bilər”.

 

0.069516897201538