“Ölkədə inflyasiya yüksəkdir” – İqtisadçı
Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, bu ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 111,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 113,4 %, qeyri-ərzaq məhsulları üzrə 110,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,2 % təşkil edib.
Adətən deyilir ki, Azərbaycandakı inflyasiya əsasən idxal edilmiş inflyasiyadır.
Məlumdur ki, bahalaşma ilə mübarizədə, ərzaq və qeyri-ərzaq məhsulları, o cümlədən dərmanlar gömrük rüsumundan azad olduğu təqdirdə qiymətlər aşağı çəkilir. Son dövrlərdə belə proses olmadığı üçün inflyasiyanı sabitləşdirən amillərin nə olması maraq doğurur.
İqtisadçı Xalid Kərimli bildirib ki, 11.7 faiz inflyasiya səviyyəsi yüksəkdir, aşağı deyil.
O deyir ki, zatən Statistika Komitəsi inflyasiyanın aşağı düşdüyünü, deflyasiya prosesinin getdiyini, ucuzlaşmanın olduğunu demir: “Komitə cari ilin son 8 ayını keçən ilin müvafiq dövrü ilə müqayisə edib. Burada qida məhsulları üzrə inflyasiya ortalama 13,4 faiz qeydə alınıb. Nəzərə almaq lazımdır ki, qida məhsullarının indiki 13.4 faiz artımı, ötən il qeydə alınan 21-22 faiz artımın üzərinə gəlir. Yəni ötən il 22 faiz artım qeydə alınmışdısa, bu il də onun üzərinə 13,4 faiz artım əlavə olunur. Hökumət qiymətlərin düşdüyünü yox, dolayısilə inflyasiyanın sürətinin azaldığını vurğulayır.
Yay mövsümü ilə əlaqədar olaraq meyvə-tərəvəz məhsulları üzrə ucuzlaşma qeydə alınıb. Bu, son 1-2 ayda qiymətlərin bir qədər də aşağı düşməsinə imkan verib. Amma ümumi şəkildə inflyasiya yüksəkdir. Mərkəzi Bankın hədəfi odur ki, inflyasiya 4 faiz ətrafında olsun. Bu baxımdan demək olar ki, inflyasiya Mərkəzi Bankın hədəfindən 3 dəfə çoxdur.
Nəzərə almaq lazımdır ki, 2020-ci ildən sonra qiymətlər artan templə davam edir. Hökumətin hər il açıqladığı inflyasiya səviyyəsi əvvəlki illə müqayisə olunur. Bu o deməkdir ki, 2019-cu illə müqayisədə qiymətlər kəskin artıb”.
İqtisadçı hesab edir ki, insanlar ucuzlaşmanı real həyatda hiss edirlər: “Mart ayında pomidorun kilosu əhaliyə 8-9 manata təklif olunurdu, indi kilosu 1-2 manatdır. Çörəyin qiyməti yanvarda 0.70 AZN idi, indi 0.60 AZN-dir. Obyektiv olsaq deyə bilərik ki, insanlar ucuzlaşmanı real həyatda hiss edirlər. Amma 2019-cu illə müqayisə etsək, heç kəs deməz ki, qiymətlər o dövrlə müqayisədə daha azdır”.
Xalid Kərimli deyir ki, dünyada baş verən proseslər inflyasiyanın aşağı düşməsinə təsir edən amildir: “BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı məlumata görə, dünya üzrə ərzaq qiymətləri indeksi iyulda bir qədər artdıqdan sonra avqustda ucuzlaşıb. Ötən ilin mart ayında ərzaq qiymətləri pik səviyyədə idi, müqayisədə 26 faiz aşağı düşüb, bunun da təsirlərini yavaş-yavaş hiss edirik. Doğrudur, ucuzlaşma arzuolunan səviyyədə olmasa da, müəyyən qədər hiss olunur”.
Ekspertin fikrincə, inflyasiya ilə mübarizədə idxal olunan mal və məhsulların əlavə dəyər vergisindən azad olunması mühüm rol oynayır: “Taxıl, buğda, qida istehsalında istifadə olunan avadanlıqlar, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı, o cümlədən bir sıra istiqamətlər üzrə əlavə dəyər vergisindən azad olunmalar var. Amma buna baxmayaraq inflyasiya yenə də yüksəkdir.
İyulun 11-də 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Prezident qeyd etmişdi ki, inflyasiyanın ikirəqəmli olması bizi düşündürməlidir: “Ümid edirəm ki, ilin sonuna qədər inflyasiya birrəqəmli səviyyəyə düşə bilər.
Burada təbii səbəblərlə yanaşı, subyektiv səbəblər də vardır. Onlar daha ciddi araşdırılmalıdır və ilin sonuna qədər atılacaq addımlarla bağlı təkliflər verilməlidir. Çünki Azərbaycanın bütövlükdə iqtisadi potensialı fonunda inflyasiyanın 12 faiz səviyyəsində olması, arzuolunan deyil”.
Subyektiv səbəb sırf ölkənin iqtisadiyyatında olan rəqabət strukturu və idxalın monopoliyası, buradakı razılaşmalarla əlaqədardır. Hesab edirəm ki, İqtisadiyyat Nazirliyi bu istiqamətdə daha aktiv nəzarət işləri həyata keçirməlidir”.