“Ermənistan-ABŞ təlimləri İrəvanın Moskvaya vurduğu xəyanətkar zərbədir” - Rusiyalı analitik
“Ermənistan-ABŞ birgə hərbi təlimləri Rusiyaya açıq çağırışdır. Bu, İrəvanın Moskvaya vurduğu xəyanətkar zərbədir. Rusiya bundan mütləq nəticə çıxarmalıdır”.
Bunu APA-nın Moskva müxbirinə müsahibəsində rusiyalı hərbi və siyasi analitik Yevgeni Mixaylov bildirib.
Onun sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan bir ölkənin Rusiyaya bu cür münasibət göstərməyə haqqı yoxdur.
“Şübhə yoxdur ki, ABŞ-Ermənistan birgə hərbi təlimləri Rusiyaya açıq çağırışdır. Hansı ki, Rusiya Federasiyası yüz ildən çoxdur ki, həm erməni xalqının, həm də Ermənistan dövlətçiliyinin təhlükəsizliyinin zəmanətçisidir. Düşünürəm ki, KTMT üzvü olan bir ölkənin amerikalılarla birgə təlimlər keçirərək Rusiyaya bu qədər xəyanətkar zərbə endirməyə haqqı yox idi. Bundan öncə Ermənistan KTMT təlimlərində iştirakdan imtina etmişdi. Guya ki, KTMT təlimlərində iştirak üçün əməlli səbəb tapılmamışdı. Amma faktiki olaraq Rusiyanın düşməni olan, NATO blokunun əsas ölkəsi ABŞ-la birgə hərbi təlimlərə səbəb tapıldı. Aydındır ki, burada Moskvanın Ukraynadakı xüsusi hərbi əməliyyatın keçirilməsinə başının qarışmasından istifadə olunur”, - rusiyalı ekspert vurğulayıb.
Mixaylovun fikrincə, ermənilərin ardıcıl təxribatlarından rəsmi Moskva mütləq nəticə çıxarmalıdır.
“Ermənilərin Qarabağdakı Rusiya sülhməramlılarına qarşı təxribatı, Rusiyanın Gümrüdəki hərbi bazası önündə mitinqi, Ermənistan Baş nazirinin xanımı Anna Akopyanın Kiyevə səfəri, indi isə biz ABŞ-la təlimləri görürük. Fikrimcə, rəsmi Moskva İrəvanın bu addımlarından lazımi nəticəni çıxarmalıdır. Çünki Ermənistanda Rusiya istehsalı silahlar, radioelektron mübarizə sistemləri var ki, Rusiya bu sistemlərdən Ukrayna münaqişəsindəki əməliyyatlarda istifadə edir. Ermənistan faktiki olaraq hərbi sirləri Rusiyanın düşməni ilə bölüşəcək. Sonra nələrin baş verəcəyini bilmirəm. Amma aydındır ki, Rusiya bu vəziyyətdən müəyyən nəticələr çıxaracaq, ya da Ermənistana təzyiq göstərəcək. Amma bilmirəm ki, Rusiya əleyhinə açıq siyasət yürüdən ölkəyə necə diplomatik təzyiq göstəriləcək. Ermənistanın bu siyasəti NATO ilə yaxınlaşmaqdan ibarətdir. Artıq İrəvana Şimal Alyansına üzv olmaq təklif olunur. Baxaq görək, Rusiya Ermənistana münasibətdə özünü hələ ki çox diplomatik aparan Azərbaycanla birlikdə İrəvanı sülhə məcbur etmək üçün vasitə tapacaq və məcbur edəcək ki, İrəvan Qərbin Rusiyaya və Azərbaycana qarşı oyunlarında iştirak etməkdən imtina etsin”, - rusiyalı hərbi-siyasi analitik fikrini yekunlaşdırıb.