“AZƏRBAYCANIN MÜHARİBƏYƏ BAŞLAMASI ÜÇÜN 3 SƏBƏB VAR” – “Xocalı hava limanını nəzarətə götürməliyik”

“AZƏRBAYCANIN MÜHARİBƏYƏ BAŞLAMASI ÜÇÜN 3 SƏBƏB VAR” – “Xocalı hava limanını nəzarətə götürməliyik”
 

Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik sahəsi üzrə ekspert Sülhəddin Əkbər “AzPolitika.info”-ya müsahibəsində regionda yeni müharibə ehtimalı, Rusiya-Ermənistan münasibətlərində yaşanan gərginlik və bu ətrafda digər sualları cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Sülhəddin bəy, Azərbaycanda və Ermənistanda yeni müharibənin mümkün olduğu barədə hətta rəsmi bəyanatlarda işarələr var. Nikol Paşinyan, Ararat Mirzoyan bunu açıq şəkildə bildiriblər. Sizcə, yeni müharibə Azərbaycan-Ermənistan sərhədində, yoxsa Qarabağda ola bilər?

- Mən 2020-ci ildə üçtərəfli bəyanatın imzalandığı günün səhəri “AzPolitika.info” saytına bildirmişdim ki, bu müharibə yarımçıq qalıb. Həmin gündən bəri də deyirəm ki, Rusiya tərəfindən bizim tam və qəti qələbəmizin qarşısı alınıb. Əgər müharibə yarımçıq qalıbsa, deməli, biz zəfər qazansaq belə, qəti siyasi nəticə gözləmək qeyri-ciddi olar. Görürsünüz ki, nəticəsi də yoxdur. Əgər müharibə yarımçıq qalıbsa, istənilən vaxt yenidən bərpa oluna bilər. Azərbaycanın müharibəyə başlaması üçün 3 səbəb var. Birincisi, Ermənistan və Rusiyanın nəzarətində olan ərazilərimizdə suverenliyimizin bərpası, ikincisi Zəngəzur dəhlizinin açılması, üçüncüsü isə Cənubi Azərbaycan məsələsi...

Bəli, müharibə gözləniləndir. Dediyimiz kimi, müharibə bitməyib, münaqişə də tam həll olunmayıb.Təəssüf ki, biz qarşımızdakı düşməni düzgün qiymətləndirə bilmirik. Bu müharibə Rusiyanın Ermənistan və Qrabağdakı qondarma rejim vasitəsilə bizə qarşı apardığı vəkalət müharibəsidir. Biz bu vəkillərin başını əzəndən sonra onun himayədarı ortaya çıxdı və Xankəndində bizim qarşımızda dayandı. Təxribat törədərək öz helikopterinin Naxçıvan sərhədi yaxınlığında vurulmasını təşkil etdi, Şuşaya və Bakıya “İsgəndər” raketi atdı. Bunlar hamısı Azərbaycanı üçtərəfli bəyanatı imzalamağa məcbur etmək və Rusiya silahlı qüvvələrinin “sülhməramlı” adı altında Qarabağda yerləşdirilməsi üçün qurulan oyun idi. Halbuki, oktyabrın 25-də, yəni müharibənin davam etdiyi bir vaxtda artıq bu “sülhməramlılar” hazır vəziyyətdə Zod istiqamətində dayanmışdılar. Yəni biz anlamalıyıq ki, vəkillərə qalib gəlsək də, hələ ki, himayədarlara qalib gəlməmişik.

Rusiya yeni müharibədə maraqlıdırmı?      

- Rusiya indi Azərbaycanı provokasiyaya çəkərək Ermənistan istiqamətinə yönləndirməyə çalışır. Rusiyanın burada bir neçə məqsədi var. Birincisi, öz məsuliyyət zonasını qorumaq, nüfuzunu itirməmək üçün Azərbaycanı mümkün olduğu qədər Qarabağdan uzaq tutmağa çalışır. Çünki Azərbaycanın Qarabağda əməliyyatlara başlaması, Rusiyanın tamamilə nüfuzdan düşməsi və buradan çıxıb getməsi deməkdir.

İkincisi, Rusiya Azərbaycan vasitəsilə Paşinyan hökumətini nüfuzdan salmaq, “beşinci kolon” vasitəsilə onu devirmək istəyir. Eynilə 2022-ci ilin sentyabr döyüşlərində olduğu kimi...

Üçüncüsü, bizi ABŞ başda olmaqla kollektiv Qərblə qarşı-qarşıya qoymaq istəyir. Çalışır ki, Azərbaycanın beynəlxalq aləmdə imici zərər görsün, bizi “təcavüzkar”, “humanitar böhran yaradan”, “genosidə zəmin hazırlayan” bir ölkə kimi tanısınlar. Eyni zamanda, Azərbaycanın Ermənistan, İran və xüsusən də Fransa ilə olan münasibətlərinin daha da kəskinləşməsini istəyir.

- Belə görünür ki, bizim bu variantda heç bir qazancımız yoxdur...

- Bəli, biz heç nə qazanmırıq. Biz geopolitik razılaşma olmayana qədər əməliyyat keçirsək, bu bizim ziyanımıza işləyəcək.   

- ABŞ, Türkiyə və Avropa İttifaqını nəzərdə tutursunuz?

- Onsuz da Türkiyə bizim strateji müttəfiqimizdir. Pakistan da, İsrail də bizim yanımızda olacaq. Amma bu ölkələr hər nə qədər bizə yaxın olsalar da, geopolitik oyun quran, yeni dünya nizamı yaradan güclər deyillər. Yeni dünya nizamını yaradan güclər – ABŞ, Böyük Britaniya və Çindir. Rusiya artıq bu liqada deyil. Bu oyunçularla razılaşma olmayana qədər əməliyyata getmək mümkün görünmür. 44 günlük Vətən müharibəsində belə bir razılaşma mövcud idi. İkinci bir məsələ ondan ibarətdir ki, biz hələ də daxilimizdəki problemləri həll etməmişik. Biz ilk növbədə öz içimizdə olan düşməni çıxarmalıyıq. Bu gün Azərbaycanın mərkəzində sayı bəlli olmayan qanunsuz silahlı dəstələr var...

- Saylarının təxminən 15-18 min civarında olduğu deyilir...

- Müxtəlif rəqəmlər səsləndirilir. Heç rus sülhməramlılarının da sayı dəqiq deyil. Bu rəqəmlərdən əlavə orada mülki formada nə qədər xüsusi təyinatlı, kəşfiyyatçı, təhlükəsizlik qüvvələri var... Biz daxilimizdə olan həyati təhlükəni ortadan qaldırmadan geopolitik güclərə meydan oxuyaraq necə əməliyyat başlada bilərik?...

- Bəlkə baş verənlər sadəcə Azərbaycanın əzələ nümayişidir?...

- Bəli, bu da ola bilər. Bizim əsas hədəfimiz Qarabağda suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası olmalıdır. Suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etmədən geopolitik dəyişikliklərə səbəb olacaq bir əməliyyata başlamamlıyıq. Bu, strateji baxımdan çox fəlakətli nəticələrə səbəb ola bilər. Bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Orada qeyd olunur ki, Ermənistan silahlı qüvvələri dərhal, qeyd-şərtsiz və tamamilə Azərbaycan ərazisindən çıxarılmalıdır. Üstəlik, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatda bildirilir ki, Rusiya sülhməramlılarının bölgəyə gəlişi ilə paralel olaraq bu silahlı qüvvələr ərazini tərk etməlidirlər. Əgər Rusiya həqiqətən də Azərbaycana yaxındırsa, üçtərəfli bəyanatda öz üzərinə götdüyü öhdəlikləri yerinə yetirsin. Amma biz görürük ki, erməni silahlı qüvvələri Azərbaycan ərazisindən tam çıxarılmayıb, Zəngəzur dəhlizi açılmayıb, Rusiyanın, sülhməramlıların nəzarətində olan kəndlərə bir nəfər belə Azərbaycan vətəndaşı qayıda bilməyib.

- Maraqlı məsələlərdən biri də odur ki, Azərbaycanın Laçın yoluna nəzarəti təmin etməsindən artıq 4 aydan çox vaxt keçib. Oradakı hərbi kontingent nə ilə yaşayır?      

- Əvvəlcədən özünə strateji ehtiyat yaradıb. Digər tərəfdən, ruslar üçün hava məkanı da açıqdır. Ona görə də biz Xocalı hava limanını nəzarətə götürməliyik və orada da Laçın nəzarət buraxılış məntəqəsində olduğu kimi bir məntəqə qurmalıyıq. Hava hücumundan müdafiə sistemlərimiz isə hava məkanını bağlamalıdır. Azərbaycanın icazəsi olmadan o hava məkanına heç bir uçuş vasitəsi daxil olmamalıdır.

Bu gün ən ciddi məsələlərdən biri də bizim təşəbbüsü əldən verməyimizdir. Bu gün gör biz nəyi müzakirə edirik? Bu nəyin nəticəsidir? Azərbaycanın siyasi, diplomatik sahədə, informasiya və psixoloji savaşda təşəbbüsü əldən verməsinin...

- Sizcə, artıq təşəbbüsü əldən vermişik?

- Hər halda əldən verməsək, ABŞ Konqresində sentyabrın 14-də ikinci dinləmələr planlaşdırılmazdı. Bu gün Rusiya “sülhməramlı” adı altında ərazimizə yerləşib, erməni silahlı qüvvələri, separatçı rejim, terrorçu dəstələr bölgəmizdədir, Zəngəzur dəhlizi açılmır, Naxçıvan blokadada qalıb. Lakin bunların heç birini gündəmə gətirən yoxdur. Bu gün beynəlxalq ictimai rəyi formalaşdıran mərkəzlər, medialar bunu gündəmə gətirmir. Bu nə deməkdir? Təşəbbüsü əldən verdiyimizi göstərmirmi? Biz ancaq Ermənistan, Rusiya, Fransa, İran gündəliyini müzakirə edirik. Azərbaycan gündəliyi isə qalıb kənarda.

- Təşəbbüsü yenidən ələ almağımız nə mane olur?

- Burada bizə mane olan əsas qüvvə Rusiyadır. Azərbaycan hələ ki, Rusiyadan çəkinir. Biz Rusiyaya və Ermənistana xəbərdarlıq etməliyik ki, siz BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini və üçtərəfli bəyannamə ilə üzərinizə götürdüyünüz öhdəlikləri yerinə yetirmirsiniz. Onlara vaxt verməliyik və bu müddət ərzində də hərbi təlimlər keçirməliyik. Onlar görməlidirlər ki, niyyətimiz ciddidir. Bu nəticə verməsə, hərbi əməliyyatlara başlamalıyıq. Onların silah-sursat anbarlarının koordinatları bəllidir. Hamısını, eləcə də yanacaq ehtiyatı anbarlarını vurmalıyıq. Bu da nəticə verməsə, hərbi postları, canlı qüvvələri, komanda məntəqələrini hədəfə almalıyıq. Onda görəcəksiniz ki, davranışları necə dəyişəcək. Paralel olaraq axtarışda olanları Baş Prokurorluq həbs edib, Azərbaycana gətirməlidir.

Biz görürük ki, müharibədən cəmi 3 il vaxt keçməsinə baxmayaraq, Qarabağdakı və Ermənistandakı revanşistlər yavaş-yavaş dirçəlməyə başlayıb. Biz bunun qarşısını vaxtında almalıyıq. Buna imkan versək, daha çox enerji, canlı qüvvə və maliyyə xərcəməli olacağıq. Mənə elə gəlir ki, Azərbaycanın atacağı əsas addımlardan biri də Rusiyaya təzyiq olmalıdır. Rusiyaya qapalı kanallar vasitəsilə bildirilməlidir ki, əgər siz Qarabağda seçkilərin keçirilməsinə şərait yaradırsınızsa, biz də bundan sonra sizin nüfuzunuzu qorumayacağıq və öz milli maraqlarımıza uyğun, sizinlə razılaşdırmadan addımlar atmağa başlayacağıq.        

- Sülhəddin bəy, hazırda Rusiya ilə Ermənistan arasında münasibətlər həddən artıq pisdir. 17 sentyabrda İrəvanda mer seçkiləri keçiriləcək. Rəy sorğularına görə, bu seçkilərdə Paşinyanın namizədi uduza bilər. Məlumdur ki, Ermənistan hakimiyyətinin reytinqinə ən güclü zərbə vurmaq imkanı olan qüvvə Azərbaycandır. Ötən seçkilərdə bunun şahidi olduq, bu dəfə Rusiya-Ermənistan gərginliyinin gedişatında Bakı hansı rolu oynaya bilər?

- Paşinyan 44 günlük savaşda təslim olma aktına imza atdıqdan sonra seçkidə qalib gəldi. Bu onu göstərir ki, erməni cəmiyyəti müharibə yox, sülh istəyir. Ona görə də ikinci dəfə Paşinyana səs verdilər. Hazırda Paşinyanın nüfuzu zəifləsə də, reytinq baxımından müxalifətdən öndədir. Paşinyanın reytinqi 13 faiz, müxalifətin isə 8 faizdir.

- Demək, cəmiyyətin əksəriyyəti heç kimə inanmır...

- Bəli, bu ondan xəbər verir ki, cəmiyyətin böyük bir hissəsi siyasi qüvvələrə olan inamını itirib. Paşinyanın əsas səhvi bu oldu ki, müharibədən sonra sülh gündəliyini davam etdirə bilmədi. Ermənistan cəmiyyəti inanırdı ki, Paşinyan onların etimadını doğruldacaq, barışıq olacaq və müharibə tamamilə yekunlaşacaq. Ancaq o, qətiyyətsiz mövqe sərgilədi və ziq-zaq hərəkətlər etdi. Bu da Ermənistan cəmiyyətində tədirginlik yaratdı. Artıq Paşinyana olan inam, necə deyərlər, sönüb. Bunun səbəbkarı da onun özüdür. Paşinyan həqiqətən də Rusiyadan qurtulmaq istəyir. Amma bunun üçün siyasi iradə və cəsarət lazımdır. Digər tərəfdən, şərtlər çox ağırdır. Ermənsitanın sərhədlərini, hava məkanını Rusiya qoruyur. Ermənistanın bütün silahlı qüvvələrində, təhlükəsizlik xidmətində, sərhəd qoşunlarında Rusiyanın agentura şəbəkəsi mövcuddur.

Mən hər zaman deyirdim ki, Azərbaycan əsas əməliyyatını 48 -72 saat ərzində - Rusiyanın müqavimət göstərə, Qərbin isə müdaxilə edə bilməyəcəyi zaman kəsimində etməlidir.

- Bu, nə zaman ola bilər?

- Bu, Ukrayna silahlı qüvvələri Rusiyanın üçüncü xəttini yarıb, operativ məkana, yəni Azov sahillərinə çıxanda mümkün olacaq. Bax, Ermənistan da o vaxtı gözləyir.

- Müstəqillikdən sonra Moskva-İrəvan münasibətlərində bu qədər gərginlik olmayıb, Kreml rəsmiləri açıq-aşkar Paşinyanı cəzalandırmaqla hədələyir. Bu gərginliyin növbəti fazasını necə təsəvvür edirsiniz?

- Rusiya ilə gərginlik, məncə, kuliminasiya həddindədir. Bilirsiniz ki, son dönəmdə iki ölkə arasında bu qədər gərilməyə səbəb olan hadisələr baş verdi. Ermənistan hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu qəbul etməsi üçün parlamentə göndərib. Parlamentin sədri isə deyib ki, bu sənəd böyük ehtimalla ratifikasiya olunacaq. Bu o deməkdir ki, Putin Ermənistana gəldiyi halda həbs olunacaq. Mənə elə gəlir ki, parlamentdə Roma statutu müzakirəyə çıxarılanda biz əsas hadisələrin baş verəcəyini görəcəyik...

Elvin Bəyməmmədli

0.019351005554199