"Hökumətin çağırışı yerinə yetirilmədi" - Plastik qablar nə dərəcədə zərərlidir?

 

Bu gün marketlərdə kartondan və plastik materialdan hazırlanan qab satışı ilə tez-tez rastlaşırıq. Bəs bunların istifadəsi insan orqanizminə necə təsir göstərir?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bakıvaxtı.az-a xatırladıb ki, illər öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İqtisad Nazirliyinin plastik taralardan imtina ilə bağlı  təklifləri olub. Eyyub Hüseynov hesab edir ki, plastik çəngəl, boşqab, stəkan əvəzinə karton materialında olan qablardan istifadə etmək daha faydalıdır.

 

Eyyub Hüseynov: Artıq plastik əvəzinə karton stəkanların istehlakına üstünlük verilir

Onun sözlərinə görə, lakin burada bir məsələ var ki, kartondan bıçaq, çəngəl düzəltmək olmur. Ona görə də Rusiyada istehsal edilən taxtadan, ağac qabığından hazırlanmış bıçaqların Azərbaycana gətirilmə təşəbbüsləri də var: “Ancaq həddən artıq kiçik bir səviyyədədir. Və təəssüflər olsun ki, hökumətin bu çağırışı tam yerinə yetirilməyib. Gərək yerli bir zavod açılsın, yaxud biznes qurumları dəstəkləsin bu işi".

AİB sədri onu da qeyd edib ki, indi çarəsizlikdən plastik stəkanlardan imtina edilir və bu, çox yaxşı haldır: "Artıq plastik əvəzinə karton stəkanların istehlakına üstünlük verilir. Karton stəkanların qida üçün orqanizmə heç bir zərəri yoxdur. Lakin istifadə etməzdən əvvəl yaxalayıb istehlak etmək daha yaxşı olar".

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Qida məsələləri üzrə ekspert, baş mütəxəssis Ağa Salamov isə bildirib ki, plastik qablar həm təbiətə, həm də insan orqanizminə zərərlidir. Onun sözlərinə görə, plastik qablar çürüməyən material olduğu üçün təbiətdə əsrlərlə qala bilir. Təbiətdə qalmağının da ziyanı odur ki, ilk növbədə dəniz məhsullarına, balıqlara, təbiətdə yaşayan heyvanlara, torpağa zərərləri var: "Suda parçalanmış qalıqları yem kimi qəbul edən balıqlar ertəsi gün bizim süfrəmizə plastik balıq olaraq gəlib çatır. Bu səbəbdən də dənizin ortasından ovlanan balıqları yemək daha məsləhətlidir".

A.Salamovun dediyinə görə, insanlara da zərəri odur ki, birinci növbədə xərçəng xəstəliyinin yaranmasına gətirib çıxarır: “Bisfenol A plastik şüşələrin tərkibində olan kimyəvi maddədir. İkincisi suyun PH dəyərinə mənfi təsirini göstərir. İnsanlar sudan lazım olan PH dəyərini ala bilmir. Və zamanla da xəstəliklər baş alıb gedir".

Ağa Salamov: plastik qablar həm təbiətə, həm də insan orqanizminə zərərlidir

Müsahibimizə görə, rəngli şüşələrdə satılan sular alternativ variant ola bilər. Bunlar da Günəş şüalarından uzaqda olmalıdır: "Günəş şüaları da suyun PH dəyərinə təsir edir. Və faydasız olur. Bu səbəbdən biz su içərkən Günəş şüasından uzaqda olan və şüşə qablarda satılanlardan istifadə etməliyik. Lakin kofe və müxtəlif şirələr, qida üçün nəzərdə tutulan xüsusi qablar var ki, onların təhlükəsi yoxdur. Həm də bu qablar Günəş şüalarını keçirmir. Onların insan orqanizmi üçün zərəri yoxdur. Lakin plastik qabda kofe içsəniz, istiliyin təsirindən Bisfinol A daha da aktivləşər və burada kimyəvi zəhərlənmə baş verə bilər. Bu da özünü anında göstərmir. Amma müəyyən zaman kəsiyində büruzə verir".

Qeyd edək ki, Azərbaycanda birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi bu gündən qadağan edilib. Bununla bağlı “Ətraf mühitin mühafizəsi haqqında” qanuna dəyişiklik edilib.

Qanuna əsasən, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağandır.

Qanunun müddəaları polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən qüvvəyə minib.

Birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanlara münasibətdə isə qanun 2021-ci il iyulun 1-dən qüvvəyə minib.

İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni maddəyə əsasən, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 4000 manatadək cərimə ediləcək.

Digər yeni maddəyə əsasən, yuxarıda nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 4000 manatdan 5000 manatadək cərimə ediləcək.

Xəyalə Rza

0.053189039230347