"Elmlər doktoru", "Professor", "Akademik" deyib yuxarı başa keçirdiklərimiz
Əyri yollarla özünü tutmuş, AAK-dan aldığı elmlər doktoru-alim diplomu ilə gözə kül üfürən cahil və görməmiş, sadəcə, adama oxşamaqdan başqa, heç bir insani keyfiyyəti olmayan Mamed Pıtraqlı mənə susmağı tövsiyə edir: "Sən İsa Həbibbəyli və digər vəzifəliləri, alın təri ilə (?!!!) pul qazanan akademikləri, professorları, ümumən, alimizmi tənqid etmək əvəzinə, tərifləsəydin, indi evin də olardı, pulun da, üstəlik, maşının da, hələ bir iş şəraitin də. Yeri gəlmişkən, akademik Möhü Pulaboğulansoyun pul kisəsi Səyka Sətəlcəhənnəmliyə dediklərini sizə xatırladım. O deyirdi: "Bu İdris Abbasovu bacardıqca sıxışdırmalıyıq. Şəraiti olmaya-olmaya iş qoydu ortaya, olduq 3 qəpiklik, elm tarixinə qrantyeyən, dövlət əmlakını mənimsəyən, rüşvətxor, oğru-plagiator kimi düşdük. Halbuki ən az mən yemişdim, cəmi 25 min və bir dənə də 5 otaqlı mənzil... Öz aramızdır, Səyka, ən çoxunu sən yedin, 50 min bir, 75 min bir, sonuncu dəfə də 120 min. Yeyirik, yaxşı edirik, buna söz yox. Əməlli bir işimiz də yoxdur, qoyaq ortaya. 30 il əvvəl bir yazı var idi, üzə çıxardım ki, üz ağardam, dərhal haradan köçürdüyümü car çəkdi, əbləh. Bəli, onun göz açmasına imkan verməməliyik. Sıxışdırmaq, yoxsulluqla imtahan etmək, psixi gərginliyə salmaq, iyrəndirmək və s. Bəlkə bezib rədd ola gedə. Deyirəm, Səykacan, gör, indi onun şəraiti olsa, nələr edər, olarıq lap 1 qəpiklik. Akademik bosumuz tapşırıb ki, maksimum o əbləhin boynundan basaq, macalı olmasın işləməyə, getsin xəstəliyi və yoxsulluğu ilə əlləşsin, kirayə axtarmaqla məşğul olsun...Canı çıxıb ya rüşvət alıb, fırıldaqçılıq edib bizə qoşulmalı, ya da zülm çəkib gəbərməlidir. Guya təmiz adam olub?! Bosumuzun bir qəşəng sözü var e. Deyir, təmizdir? Ha-ha-ha, eyb etməz, çirkləndirərik, çirklənməzsə, "jizn" yaşadıb gəbərdərik".
Mamed Pıtraqlı dərindən nəfəs alaraq davam etdi:
"Nə qədər adam o pulyeyən, büdcəgir, cibgir, oğru və yeyimcil akademik boslardan faydalanıb. Sən isə düzgünlük axtara-axtara düzdə qalmısan. Bu yolla heç nəyi həll edə bilməyəcəksən, əksinə, üstünə bir ad qoyub səni günahkar çıxaracaqlar. Pul onlarda, səlahiyyət onlarda, üzədurandan tutmuş, qoluzorluya qədər dəstələri var. Akademşəbəkə ilə zarafat olmaz. Haqq, ədalət isə o dünyada olacaq. Unutma ki, tənqid etdiyin İ.Həbibbəylini vəzifəyə ölkə Prezidenti təyin edib. Ona görə də, tənqidi tərgit, keç tərifə. Sənə qalmayıb ölkənin problemi. Harada dağılar, dağılar. Bacar, başını qoru!"
Bəli, nə qədər ki, belə "tupoy", zay düşüncəli kəlpeysərlərə, oğru, əliəyri və dələduzlara, misilsiz ziyanverci kəmsavad və cahillərə "elmlər doktoru", "professor", hətta "akademik" deyib yuxarı başa keçirəcəyik, onları dövlətin vəsaiti və xalqın qanı ilə bəsləyəcəyik, bir xalq olaraq üzümüzə heç vaxt Günəş döğmayacaq, əksinə, rəzilləşdikcə rəzilləşəcəyik.
PS. Maddi cəhətdən doyumsuz AAK yetkililərinin arxa qapıdan belə ziyanlı tipləri diplomlaşdırıb cəmiyyətin canına daraşdırması bir başqa fəlakətdir. Qurumun "imtina" açıqlaması isə sadəcə çirkin prosesin stimullaşdırılması cəhdindən başqa bir şey deyildir.
Professor İdris Abbasov
"Paralel.az"