Gəlin, düzgün suallar qoymaqla, düzgün müzakirələr aparaq

Gəlin, düzgün suallar qoymaqla, düzgün müzakirələr aparaq
 

Təhsil naziri Emin Əmrullayev: "düzgün suallar qoymaqla və bunun ətrafında müzakirələr aparmaqla təhsil sistemini daha sürətli inkişafa təhrik etmək olar".

Bəli, çox yaxşı fikirdir, doğurdan da əgər düzgün suallar qoyulsa, onu eşidən olsa, bu sualı müzakirə edən olsa, müzakirədə düzgün təkliflər olsa, müzakirə düzgün yekunlaşsa, bunun icrasına yaxşı maliyyə ayrılsa və icrası üçün səriştəli kadrlar tapılsa, təhsil sistemini daha sürətli inkişafa təhrik etmək olar. Bu qədər sadə.

Bəs niyə təhsil sistemi daha sürətli inkişafa təhrik edilmir? Yəqin düzgün sual verənlər azdır, onları eşidənlər lap azdır (əgər varsa). Deməli, əvvəlcə düzgün sual qoyulmalıdır. Necə deyərlər, problemin düzgün qoyuluşu, onun həllinin 50 %-dir.
Bu ərəfədə təhsil naziri Emin Əmrullayev başqa bir daha maraqlı fikir bildirib:
" Elə ali təhsil müəssisələri var ki, onların verdiyi diplomlarla müəllimlərin işə qəbulu (MİQ) imtahanı verənlər çox vaxt minimum bal yığmır. Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) bu istiqamətdə tədbirlər görməyə başlayacaq. Cəmiyyətdə həqiqətən də yalançı diploma ehtiyac yoxdur. Keyfiyyət mədəniyyətinə keçidi həyata keçirməliyik".

Bu fikirlər də maraqlıdır. Nazirin yuxarıda dediklərinə əməl edərək, sonuncu fikirlərlə əlaqədar suallar qoymaq istəyirəm. Görün düzgün sualdır ya yox?
Sual 1. Bəs bu diplomu vaxtı ilə TN tabelində olan ATM-ləri verməyibmi?
Nazir hər dəfə dəyişəndə, nazirliyin öhdəlikləri sıfırlanır məgər? Necə olur ki, SSRİ dağıldı, onun verdiyi diplomları tanıyırıq, amma hər dəfə nazir dəyişəndə, komanda dəyişəndə əvvəlkiərin diplomlarını tanımırıq? Yalançıdır, saxtadır v.s. Saxta diplomlar artıq çoxdan dövriyyədən çıxıb. Yox, əgər sahibinin savadsız olduğunu iddia edirlərsə, savadsız adam necə diplom alıb? Deyək ki, o vaxtı nazirlik düz işləməyib, bu işlərə göz yumub deyə, indi müəllimlər niyə işsiz qalsın ki?
Siz indi düz işləyin, neqativlərə göz yummayın, bundan sonra məzun olan müəllimlər TKTA-nın da peşəkarlığı hesabına keyfiyyətli hazırlansınlar. Əvvəllər TKTA yox idi, tələbələr keyfiyyətli hazırlanmırdı, düzgün sual verməyə imkan verilmirdi. İndi şükür neçə ildir ki, sual verməyə də imkan var, cavab almağa da, TKTA da var (hərçənd az vaxtda 6-7 sədri dəyişib), komanda da var. Daha təhsildə keyfiyyət yaxşı olar yəqin.
Sual 2. Bəs bu il 150- 200 balla universitetə qəbul olanlardan keyfiyyətli kadrlar yetişəcəkmi? TKTA bu haqda nə düşünür. Buna təminat verirmi?
Əvvəllər ATM-nə qəbul olunanlar 50% ball yığaraq ATM qəbul edilirdilər, 4-5 il sonra isə MİQ imtahanında 25 % ball yığırdılar. İndi qəbul olanlar 25 % ball yığanlardır, 4 ildən sonra onlar MİQ-də 50+ % ball yığa biləcəklərmi?
Sual 3. Əvvəlki illərin tələbələrinin (hansı ki, indi MİQ-dən kəsilirlər) heç olmasa attestatı, tələbə bileti həqiqi idi, onlar pis-yaxşı 350- 400 balla ATM qəbul olunmuşdular, amma onlardan keyfiyyətli kadr hazırlaya bilmədik, bəs indikilərin attestatı da, tələbə bileti də standart tələblərdən çox aşağıdır (toplanan ball 50 % yox, 25 %-dir, yəni əslində attestat da , tələbə bileti də "yalançıdır"), bunlardan keyfiyyətli kadr hazırlaya biləcəyikmi? Onların alacağı savad və diplomlar keyfiyyətli ola bilərmi? TKTA necə baxır bu işlərə görəsən? Ölkədə vahid qiymətləndirmə sistemi niyə yoxdur hələ də?
Bəlkə bunlar məzun olana qədər nazirlikdə yenə də komanda dəyişdi, yenə əvvəlki öhdəliklər sıfırlandı. Onda yeni komanda deməzmi ki, ay məzunlar, sizin yalançı diploma ehtiyac yoxdur, çünki, sizin attestatınız yalançı olub. Sizə attestat düşmürdü. İndi yenidən bir dəfə də qəbul imtahanı verin, attestatınızı təsdiqləyin (yəni, 50 % ball yığın), yaxşı ball yığanlar daha sonra MİQ imtahanı versinlər, sonra sizin iş məsələnizə də baxarıq. Mümkündürmü bu versiya? Təbii.
Bilmirəm düzgün suallar qoya bildim ya yox, amma istərdim ki, suallarda səhv varsa, korreksiya etsinlər, amma mənə düzgün cavablar versinlər. Çünki, təhsil sistemini daha sürətli inkişafa təhrik etmək lazımdır, çox gecikmişik.

Dos. İlham Əhmədov

"Paralel.az"

0.013363838195801