“Heç yerə getmirəm, Azərbaycanda yaşayacam...”

“Heç yerə getmirəm, Azərbaycanda yaşayacam...”
 

İlk dəfə hekayələri mətbuatda çap olunanda sovet dönəmi idi. Moskvada deyirdilər ki, “Çingiz Abdullayev kimdir ki, siyasi detektiv yazıb? Ona deyin ki, gedib qoyunları ilə məşğul olsun, bazarda göyərti satsın”. 1988-ci ildə “Mavi mələklər” adlı ilk kitabı işıq üzü görəndə isə, onu Mərkəzi Komitəyə çağırıb banditdən, milisdən yazmasını, amma siyasi detektiv qələmə almamasını tövsiyə ediblər. Bu işin sovet yazıçısının çörəyi olmadığını bildiriblər...

Deyir ki,- “Onlar düşünürdülər ki, azərbaycanlının belə ağlı olmaz, siyasi detektivi ancaq yəhudi yaza bilər. Dedim, yazacağam. Onda mənə dedilər, çalış onlardan yaxşı yaza bildiyini sübut edəsən. Görünür, sübut etmişəm ki, Rusiyanın hər bir şəhərində, hər bir kitab mağazasında mənim kitablarımdan ibarət ayrıca rəf var. Buna sevinmək lazımdır. Fəxrlə deyirəm: kitablarım xeyli dildə nəşr olunub. Təzəlikcə bilmişəm ki, mənim kitablarımı erməni dilinə qanunsuz tərcümə edib Xankəndi və İrəvanda da oxuyurlar. Ermənilər Azərbaycan yazıçısını oxuyur, azərbaycanlılar isə deyir, iki xalq yazıçısının kitablarını yandıraq. Azərbaycanda cəmi 4 xalq yazıçısı qalıb. Onların da kitablarını yandırsaq, nə olar?”

Rusdilli ailədə böyüyüb boya çatıb. Ata tərəfdən ulu babası hələ 1890-cı illərdə Bakıda vəkil köməkçisi olub. Atası Abdullayev Akif Abdulla oğlu isə İkinci Dünya Müharibəsinin iştirakçısı olub. Müharibədən sonra Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsində çalışıb. Daha sonra Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri vəzifələrində işləyib...

Bu gün yazıçıya azərbaycan dilində sərbəst danışmamasını irad tutanlar unudurlar ki, həqiqətin məxsus olduğu dil yoxdur- hansı dildə desən də, həqiqət elə həqiqətdir…

“İlk romanım olan “Mavi mələklər”i xaricdə yazmışam. Əllə yazmışdım. 23 yaşımda yazmağa başladım, 25 yaşımda bitirdim. Nəşriyyat dedi, bunu qəti çap edə bilmərik. Soruşdum niyə, dedilər, Dövlət Təhlükəsizlik Komitəsi icazə vermir. Neçə ildən sonra o vaxt nazir olan Nazim İbrahimov dedi ki, mən kömək edəcəyəm. Azər Mustafazadə Mərkəzi Komitədə şöbə müdiri idi. Onlar birləşib nə etdilər bilmirəm, amma 28 yaşım olanda icazə aldılar. Nəhayət kitab 30 min nüsxə ilə çıxdı və bir həftəyə satıldı. Çox böyük qonorar aldım. 29 yaşımda zəng vurdular ki, istəyirik, kitabı təkrar nəşr edək. 100 min tirajla çap olundu. İkinci nəşrin qonorarını alanda fikirləşirdim, bu pula ömür boyu yaşaya bilərəm. Mavi mələklər bir müddət sonra Krasnodarda 500 min tirajla üçüncü dəfə nəşr olundu.”- söyləyir.

Haqqında söhbət açdığım Çingiz Abdullayev 1959-cu ildə Bakı şəhərində dünyaya gəlib. 1976-cı ildə 189 nömrəli məktəbin rus dili bölməsində orta təhsili bitirərək, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub. 1981-ci ildə orada ali təhsilini rus dilində başa vuraraq, hüquqşünas ixtisasına yiyələnib. 1981-ci ildə əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi kimi başlayıb. Bir müddət sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, Kominist Partiyasının Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışıb. 1989-cu ilin fevralında Azərbaycan Yazıçılar İttifaqının katibi seçilib. 1988-ci ildə "Beynəlxalq təcavüz problemləri" mövzusunda rus dilində dissertasiya müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. 1991-ci ildə yenidən rus dilində "Beynəlxalq cinayət problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib və hüquq elmləri doktoru elmi dərəcəsinə yiyələnib. Xidmətlərinə görə bir sıra orden və fəxri adlara layiq görülüb...

Deyir ki,- “Pul həmişə insanlar üçün önəmli olub. Çox vaxt düşünürlər ki, pulun olanda hər şey yaxşı olacaq. Məsələn, qızın yaxşı ərə gedəcək, oğlun yaxşı evlənəcək, yaxşı vəzifə ala bilərsən, yaxşı maşının, evin olacaq və s.. Pul xoşbəxtlik üçün etalon deyil. Mənə bir nəfər dedi, siz cavanları aldadırsınız, pul hər şeydən üstündür. Dedim, onda qızının gözlərini sığorta etdir, nə isə olsa, yaxşı pul alarsan. Adam övladının gözünü neçəyə ala bilər? Adamın atası-anası yanındadır, uşaqlar sağlamdır, bundan yaxşı nə var? Amma başqa bir həqiqət də var ki, bəli, pul olmayanda yaşamaq çətindir. Çox pul olanda adam onu yox, o səni idarə edir. İkincisi də, baxır pulu necə qazanırsan. Həkim gözləyirsə ki, rüşvət verməsələr, əməliyyata girməyəcəyəm, bu, haram qazanılan puldur. Mən bir dəfə demişdim, rüşvət almaq fahişəlikdir. Əgər öz vicdanını satırsansa, sənə nə demək olar? Bədənini də yox, vicdanını satırsan. Bu dəhşətdir. Axı sənin uşaqların da bilir ki, sən harada oğurluq edib, yalan danışırsan.”

Onu sevməyən insanlar da var. Doğrudur, bunun səbəbini müxtəlif arqumentlərlə izah etməyə çalışırlar, amma unudurlar ki, insanın mahiyyəti dilində yox, əməllərindədir. Prokuror ailəsində böyüyən çox harın adamları görmüşük. Adamı tapdalayıb keçməyə də hazırdırlar, lakin Çingiz Abdullayev öz əməyi, istedadı, bacarığı, intellekti ilə tanınan, məşhurlaşan prokuror balalarındandır. Onun hansı dildə danışması, fikirlərini ana dilində hansı tərzdə ifadə etməsi elə də önəmli deyil. Əsas odur ki, başdan ayağadək azərbaycanlıdır...

“Son 20-25 ildə Azərbaycanda qonorar almırdım. Alanda da Qarabağ cəmiyyətlərinə və uşaq evlərinə bağışlayırdım. Bunu bilənlər var. Yalnız xaricdən qonorar alırdım. Təəssüf ki, Rusiyada da kitablara görə vergi çoxdur. Əgər öz yazıçılarından 10 faiz alırlarsa, xarici müəlliflərdən 38 faiz vergi tuturlar. Mən Azərbaycanda qonorarı son vaxtlar alıram. Bu proses “Qanun” nəşriyyatından başladı. İndi də “TEAS Press” Nəşriyyatı mənim kitablarımı çap edir, mənə qonorar verir. Çıxan və çıxacaq kitablarımın qonorarlarını almışam. Hazırda İngiltərə və Türkiyədə də müqavilələr imzalanıb. Çünki “TEAS Press” hər iki ölkədə mənim kitablarımı nəşr edəcək. Bir dəfə filmim çəkiləndə mənə 50 min dollar qonorar yazmışdılar. Nazir Polad Bülbüloğlu zəng vurdu ki, Çingiz müəllim, gəlin, dəhşətli bir şey olub. Getdim, dedilər, 35 faiz vergi verməlisən. Məndən 17,5 min dollar vergi aldılar. Sonra Vergilər Nazirliyindən, televiziyadan zəng vurdular ki, siz yaradıcı insanlar arasında ən çox vergi verən nümunəvi adamsınız, sizi çəkmək istəyirik. Bəlkə mən də o pulu verməzdim, amma nə etmək olar, hesabdan çıxarılır. O vaxt “ANS” gəldi çəkməyə, dedim, kül mənim başıma ki, ən çox vergini mən ödəmişəm. Bu “julik” məmurların heç biri vergi vermir, yazıçının qonorarından alırlar. İndi Azərbaycanda kitablar 500 nüsxə ilə çıxır. İkincisi də açıq danışaq, yaradıcı insan təvazökar ola bilməz. Bizim çox az yazıçılarımızın kitabları xaricdə çap olunur. Azərbaycanda çıxan kitablardan da böyük qonorar ala bilməzlər. Çox sağ olsun “TEAS Press” ki, mənim kitablarımı çıxarır, yaxşı qonorar verir. Azərbaycanda iki-üç yazıçı qonorar alır. Məsələn, bilirəm ki, Elçin Hüseynbəyliyə verirdilər. Azərbaycan yazıçılarının qonorar ala bilməməsi o demək deyil ki, onlar istedadsızdırlar. Xeyir! Türkiyədə 4-5 yazıçı yaxşı qonorar alır. Rusiyada isə 12-13 belə müəllif var. Azərbaycandan təkcə mənəm. Bu faciədir, amma həqiqətdir.”

Bəli, ədəbiyyat sahəsində dünyada yeganə azərbaycanlı olan bu adam həm də qürur yerimizdir. Onu usandırmaq, yalan şaiyələrlə insanların gözündən salmaq nadanlıqdır...

Deyir ki,- “Yəqin fikirləşirlər ki, Çingiz niyə bu qədər kitab yazır. Haqqımda bəzən yalan şeylər yazırlar. Mənim nə mağazam, nə kafem, nə restoranım və şadlıq evim var. İndi kimin bir az pulu var, şadlıq evi açır. Mən pis biznesmenəm. Bütün qazancım kitablardan və kinolardandır. Bəzən mənim açıq danışmağımı qəbul etmirlər. Deyirlər, qorxmursan, heç kimdən asılı deyilsən, ona görə danışırsan. Mən Yazıçılar Birliyindən aldığım maaşı paylayıram. Oxucu kitab oxuyanda onun müəllifinə inanmalıdır. 29 milyon insan kitablarımı alıb oxuyub. Əgər onlar bilsə ki, mən yaltaqlanıram, kiminsə xoşuna gəlmək istəyirəm, onlar məni oxumayacaqlar.”

Doğrudur, hər bir insan öz ana dilində gözəl danışmağı bacarmalıdır. Bəli, Çingiz Abdullayev öz ana dilində hamı kimi danışa bilməsə də, fəqət o, danışanda hamı onu başa düşür. O qədər gözəl, pafoslu danışanları görmüşük ki, mahiyyəti Çingiz Abdullayevin kölgəsində qalır...

“Bir neçə il əvvəl də söhbətlər olmuşdu ki, guya Azərbaycanı tərk etmək istəyirəm. Bunu indi də qəsdən yazırlar. Mən yenə də deyirəm, yadda saxlasınlar: Heç yerə getmirəm, Azərbaycanda yaşayacam.”

Elman Eldaroğlu

"Paralel.az"

0.018038034439087