İrəvan Rusiyanı ŞANTAJ EDİR

İrəvan Rusiyanı ŞANTAJ EDİR
 

Baş nazir Paşinyan və spiker Simonyan Moskvanı açıq mətnlə ittiham edən fikirlər səsləndiriblər, hətta Kremlin Ermənistanda çevriliş planı olduğunu da gizlətmirlər

Rəsmi İrəvanın Rusiya XİN sözçüsü Mariya Zaxarovanın bəyanatına bir neçə günlük susqunluqdan sonra cavab verməsi İrəvan-Moskva münasibətlərində hazırkı gərginliyi üzə çıxarır.

Belə ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan erməni İTV-yə müsahibəsində Zaxarovanın Laçın yolundakı hazırkı vəziyyəti “Ermənistanın Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanımasının nəticəsi” kimi qiymətləndirməsini absurd adlandırıb, Rusiyanı ittiham edib. 

Simonyan öncə deyib ki, bəs təkcə İrəvan yox, Rusiya tərəfi də Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, bunu Putin müharibədən sonrakı müsahibəsində dilə gətirib. “Rusiya bununla deməyə çalışır ki, o, 9 noyabr bəyanatında nəzərdə tutulduğu kimi, artıq qarant deyil?

Əgər belədirsə, o zaman bunu birbaşa söyləmək lazımdır”, – deyə Simonyan Moskvanı sözünü tutmamaqda qınayıb: “Deyək ki, erməni tərəfi hansısa bəyanatla çıxış edib, amma 9 noyabr 2020-ci il tarixli bəyanat var ki, orada üç ölkənin imzası var, orada Laçın yolunun eni 5 km olan ərazi olduğu, onun Rusiya sülhməramlılarının nəzarətində olduğu bildirilir. İndi sual olunur: bu ərazi kimin nəzarəti altındadır və Rusiya sülhməramlıları haradadır?”

Simonyan Zaxarovanın “Qarabağı tanıdınız” açıqlamasını Paşinyan hakimiyyətinin devrilməsinin siqnalı kimi də qəbul etdiklərini məlum müsahibəsində gizlətməyib. O, Rusiyanın Ermənistanla niyə belə davranması sualına xeyli dağınıq cavab verib. Bunu həm “Rusiyanın Ukraynada çox çətin vəziyyəti, həm də Ermənistan ərazisindən keçən dəhlizlərin uzunmüddətli perspektivlərində geosiyasi maraqları olması ilə” izah edib.

Spikerin Ermənistan hakimiyyətinin Rusiyanı regiondan sıxışdırıb çıxarmağa çalışması ilə bağlı ittihamlara cavabı da maraqlıdır. “Danışıq dili ilə desək, biz bunu deyirik, əgər sənin (Rusiya – red.) bizi qorumaq öhdəliyin varsa, o zaman bizi qoruyun və deməyin: siz bəyanat verdiniz, ona görə də sizi qoruya bilmərik”. Simonyan Paşinyan hakimiyyətinin istefaya getdiyi zaman Rusiyanın Ermənistana kömək edəcəyi iddiasına da çox iddialı reaksiya verib: “Bu gün Ermənistanda seçilmiş, demokratik hökumət var ki, bu, görünür ki, regionda “pis” nümunədir”. Simonyan demək istəyib ki, guya regionda Ermənistan demokratik ölkə kimi pis nümunədir, onu bu səbəbdən yıxmaq istəyirlər.

Rusiya sülhməramlıları ilə bağlı tənqidləri əsassız hesab edirik - Rusiya  XİN - 11.08.2022, Sputnik Azərbaycan

Ermənistanın baş naziri Nikol Paşinyan da Rusiyanı yenə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxa biləcəyi ilə təhdid edib. Paşinyan “La Repubblica” qəzetinə müsahibəsində bir sıra sənədləri ratifikasiya etməməsini və ona qoşulmamasının səbəbini açıqlayıb: 

“Ermənistan ictimaiyyətində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) praktikası ilə bağlı dərin məyusluq yaranıb və cəmiyyət bunu yaşamaqda davam edir. Hesab edirəm ki, bu, göz qabağındadır”, – Paşinyan qeyd edib. “Ən azı deyə bilərəm ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi üzrə funksionallıq və danışıqların mümkünlüyü baxımından sizin təsvir etdiyiniz vəziyyət böhrandan xəbər verir. Düşünürəm ki, bu problem təkcə Ermənistanın deyil, Kollektiv Təhlükəsizlik Təşkilatınındır.

İzahatlara gəldikdə, bunlar çox fərqli ola bilər, amma heç olmasa bizim nöqteyi-nəzərimizdən izahların vacib olmadığını və bu baxımdan Ermənistan ictimaiyyətinin KTMT praktikasına qarşı dərin məyusluq yaşadığını və bunun davam etdirdiyini düşünürəm”, – Paşinyan vurğulayıb. “Bu, həm də Ermənistanın 2022-ci ilin payızında İrəvanda keçirilən KTMT sammiti zamanı bir sıra sənədləri ratifikasiya etməməsinin və ya ona qoşulmamasının səbəbidir”, – baş nazir əlavə edib. Paşinyan “Bir gün yuxudan oyanıb görə bilərik ki, Rusiya bölgədə yoxdur” ifadəsini də işlədib.

Yəni həm baş nazir, həm spiker ötən həftə Kremlə necə var “döşəməyə” çalışıblar. Bu da öz növbəsində Moskva-İrəvan xəttində gərginliyin daha da artmasını nümayiş etdirir. Qərbin qoruduğu Paşinyan iqtidarı Rusiya qarşısında nə qədər duruş gətirə biləcək, bu məsələnin özü də düşündürücüdür. Lakin fakt budur ki, müttəfiqlər artıq düşmənə çevrilirlər, bu da Azərbaycana irəliləmək üçün fürsət pəncərəsi açır…

0.061674118041992