Tullantıların çeşidlənməsində təbliğat və məsuliyyət vacib amillərdir
Kəskinləşən “tullantı böhranı”ndan bu və ya digər formada bütün ölkələr əziyyət çəkir. Daha az inkişaf etmiş ölkələrdə bu xroniki xarakter daşıyır. Funksiyasını itirmiş və yararsız hala gəlmiş hər cür material zibil adlanır. Zibillərin ətrafa zərər verməməsi üçün düzgün çeşidlənməsi və emalı lazımdır.
Qablaşdırma maddələri və yemək artıqları xaricində batareyalar, boya artıqları, işıqlandırmada istifadə edilən müxtəlif lampalar, təbii və ya sintetik hazır şablon məhsulları, kağız və müxtəlif törəmələri, elektron əşyalar və s. evlərdə istifadə edilən hər şey zaman keçdikcə tullantı halına gəlir. Məişət tullantılarının təkrar emala yararlı ola bilməsi üçün zibillərin çeşidlənməsi şərtdir.
Məişət tullantıları əmələ gəldiyi mənbəyə görə belə təsnif olunur:
- bərk məişət tullantıları;
- maye məişət tullantıları;
- təhlükəli məişət tullantıları;
- məişət xarakterli sənaye tullantıları (divar boyası və s.);
- evdə istifadə olunan tibbi tullantılar;
- ictimai iaşə müəssisələrinin tullantıları;
- ticarət və müəssisələrin tullantıları və s.
Məişət tullantılarının çeşidlənməsi dünyada, xüsusilə də Azərbaycanda (tullantılar qarışıq şəkildə evlərdə toplanır) mühüm sosial-iqtisadi və ekoloji problemlərdən biridir. Ümumiyyətlə, tullantılar dedikdə məhsulların istehsalı və istehlakı prosesində yaranmış zibillər, qalıqlar, eləcə də istifadəyə yararsız maddələr başa düşülür. Məişət tullantılarına məhz məişətdə yaranan təhlükəli- təhlükəsiz tullantılar aiddir.
Tullantılar əgər düzgün sortlaşdırılarsa paradoksal əhəmiyyətə malikdir. Belə ki, bir tərəfdən tullantılar ətraf mühitə və sağlamlığa zərərdirsə, digər tərəfdən enerji mənbəyi və yeni xammal olaraq çox sərfəlidir.
"Liberal İqtisadçılar Mərkəzi" İctimai Birliyinin əməkdaşları tərəfindən həyata keçirilən "Təbiətdə zibil yox, tullantı - xammal var" layihəsi çərçivəsində monitorinqlər zamanı qarşıya maraqlı məqamlar çıxır. Yasamal və Səbail rayonlarının tullantı məntəqələrində apardığımız monitorinqlər nəticə çıxarmağa əsas verir ki, tullantıların idarə edilməsində əsas problem əhali faktorudur.
Belə ki, monitorinq apardığımız paytaxtın mərkəzi rayonlarında şəhər əhalisi tullantıların çeşidlənməsi və toplanması qaydalarına əsasən əməl etmir. Amma məsələyə digər tərəfdən yanaşdıqda, rəsmi olaraq tullantıların toplanması və çeşidlənməsi barədə bir qaydanın olmasına da heç bir yerdə rast gəlmədik. Tullantı məntəqələrinə tullantı gətirən şəhər sakinlərinə verdiyimiz suallardan biri də bu olurdu ki, siz haradasa tullantıların çeşidlənməsi və toplanması qaydaları ilə tanış olmusunuzmu? Respandentlərin 100%-i bu suala mənfi cavab verib. Lakin öyrəndiyimiz dünya təcrübələrinin hamısında bərk məişət tullantılarının idarə edilməsi (BMTİE) prosesində intensiv ictimai kampaniyalar əsas yerlərdən birini tutur.
İctimai kampaniyalar nədir? Bu sahədə ictimai kampaniya dedikdə tullantıların toplanması və çeşidlənməsini əhali arasında təbliğ edən tədbirlər nəzərdə tutulur. Belə tədbirlər həm kampaniya xarakteri daşıya bilər, həm də proqmatik formada həyata keçirilə bilər.
Məsələn, hər hansı şirkət, QHT, dövlət qurumu və ya BMTİE ilə məşğul olan şirkət əhali arasında tullantıların çeşidlənməsi və toplanması qaydalarını təbliğ edən bukletlər və ya broşurlar paylaya bilər. Televiziyalarda, internet portallarında, küçə banerlərində və s.-də maarifləndirici video-çarxlar verilə bilər. Belə kampaniyaları adətən özəl şirkətlər həvəslə təşkil edirlər. Ona görə də BMTİE ilə məşğul olan şirkət xidmət müqaviləsi bağladığı hər bir şirkətə müəyyən güzəştlər qarşılığında belə kampaniyaların keçrilməsi öhdəliyini qoya bilər. Digər tərəfdən, BMTİE ilə məşğul olan şirkət bu işə əsaslı investisiya qoymalı, kampaniyaların əsas hissəsini maraqlı tərəf kimi özü həyata keçirməlidir.
Lakin tullantıların çeşidlənməsi və toplanması qaydaları barədə orta məktəb proqramına dərs vəsaitinin salınması proqmatik tədbir kimi dəyərləndirilir. Almaniyada və alman şirkətinin Rusiyanın Mardoviya vilayərində BMTİE ilə məşğul olarkən bu tədbirə əl atılıb. Bu tədbir bir neçə il ərzində öz bəhrəsini verməyə başlayıb. Müşahidələr göstərib ki, orta məktəbdə tullantıların çeşidlənməsi və toplanması təlimini keçən şagirdlərin tullantıya münasibəti dəyişib, onlar qaydalara daha dəqiq əməl etməyə cəhd göstərir, başqalarına nümunə olmağa çalışırlar. Bunun çox səmərəli bir tədbir olduğu oz təsdiqini tapıb. Düşünürük ki, Bakı şəhərində BMTİE prosesində bu proqmatik tədbirdən mütləq istifadə edilməlidir. Peşəkar bədii vasitələrlə broşurlar hazırlanmalı və Təhsil Nazirliyinə təklif edilməlidir ki, müvafiq sinifdə uşaqlara bu dərs vəsaiti kimi keçirilsin.
BMTİE-də əsas amillərdən biri də aydın qanunların olması və o qanunlar vasitəsi ilə hər bir vətəndaşın üzərinə tullantıların çeşidlənməsi və toplanması barədə məsuliyyətin qoyulmasıdır. Tutaq ki, bu gün bir neçə sakin tullantını çeşidləmir və heç onu tullantı qutusuna da atmır. Belə vətəndaşların qarşısında zəif ictimai qınaq və tullantı qutularının yanında dayanan sosial işçilərdən (onlar bütün tullantı məntəqələrində olmur) başqa heç bir maneə yoxdur. Olsa da həmin vətəndaşların məsuliyyətə cəlb edilməsi üçün hüquqi baza mövcud deyil. Bu problem bu gün qarşımızda ciddiyyəti ilə dayanır. Yəni bir tərəfdən təbliğ etməliyik, digər tərəfdən isə vətəndaşa məsuliyyət öhdəliyi müəyyən etməliyik.
BMTİE-də üçüncü əsas amil şəffaf ödəniş sistemi və adekvat qiymətlərin olmasıdır. Monitorinqlər zamanı respondentlərə verdiyimiz suallardan biri də o idi ki, ayda tullantıların daşınmasına nə qədər xərc çəkirsiniz. Demək olar ki, heç kim bu suala aydın cavab verə bilmədi. Bu isə onunla əlaqədardır ki, tullantı pulu o qədər kiçik məbləğdir ki, sakinlər onu mənzilə xidmət pulunun içində verir və dəqiq məbləği bilmir.
Xatırladaq ki, əhali qrupunda tullantıların daşınması üçün hər nəfərə ayda 30 qəpik xərc məzərdə tutulur. Bu bir nəfərlik yolpulundan 10 qəpik azdır. Yəni, tullantıların daşınması üçün əhali rəmzi məbləğ ödəyir. Ona görə də Bakı şəhərində BMTİE ilə məşğul olmaq özəl şirkətlər üçün maraqlı deyil.
Röyal Əsədli
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə, "Təbiətdə zibil yox, tullantı - xammal var" layihəsi çərçivəsində hazırlanmışdır.
Yazida əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
"Paralel.az"