Uşaqlar oxuduqlarını niyə dərk etmirlər?
15 yaşlı uşaqlar arasında oxuduğunu başa düşən azdır.
Bu məlumat PİSA beynəlxalq qiymətləndirmənin ölkə üzrə hesabatında əks edilib. Bu hesabatda ölkələr üzrə məktəblilərinin funksional savadlıq dərəcəsi (o cümlədən oxu mədəniyyəti) göstərilir. Bizim məktəblilərin nəticələri yaxşı deyil.
PİSA qiymələndirilməsi nədir? PISA (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı - Programme for International Student Assessment) İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT (OECD) tərəfindən koordinasiya edilən tədqiqat proqramıdır. Bu proqram 2000-ci ildən başlayaraq 3 ildən bir olaraq keçirilir. Oxu savadlılığı (2009-cu ildən etibarən yazılı və elektron olmaqla 2 bölüm), riyazi savadlılıq, fənn məzmun istiqamətində biliklər, 2012-ci ildən başlayaraq isə problemi həll etmə sualları daxil olmaqla 6 səviyyəli qiymətləndirmə standartlarından ibarətdir.Hər il bir istiqaməti prioritet olan bu qiymətləndirmə 15 yaşlı yeniyetmələrin məktəbdə qazandıqları bilik və bacarıqların həyatda necə tətbiq edəcəyini müəyyən edir. Bu yanaşma müasir iqtisadi cəmiyyətdə akademik bacarıqların yüksək peşəkar səviyyədə tətbiqini əks etdirir.
PİSA qiymətləndirilməsinin əsas məqsədi: 1) Dünya təhsil sistemində təlim metodlarını standartlaşdırmaq və inkişafı artırmaqla yanaşı dünyada eyni yaşlı məktəb şagirdlərinin uğurunu test etmək, müqayisə etmək və inkişaf strategiyasını müəyyən etmək, 2) Şagirdlərin məktəbdə öyrəndikləri bilik və bacarıqları gündəlik həyatda istifadə etmə bacarığını yoxlamaq 3) Şagirdlərin öyrənmə istəklərini, dərslərdə çıxışlarını və öyrənmə şəraitləri ilə bağlı seçimlərini daha açıq bir şəkildə ortaya qoymaqdır.
Oxu mədəniyyəti, oxunmuş mətnin dərk edilməsi təlim üçün çox mühümdür. Məmurlar hər dəfə bu rəqəmləri sadalayırlar. Ümumi mənzərə yaxşı deyil və bunu hamı bilir. Cəmiyyət bilmək istəyir ki, nazirlik bu problemi həll etmək üçün nələr edir, neçə ildən sonra məktəblilərin funksional savadlılığı yüksələcək. Bu haqda heç kim, heç nə demir. Əgər bu istiqamətdə heç nə edilmirsə, valideynlər işini bilsinlər, bəlkə imkanı olanlar oxu mədəniyyətinin yüksəldilməsi üzrə də repetitor tutacaqlar ?
Bir valideynin qeydləri: “Bizim övladımızın 15 yaşı var, oxuduğunu başa düşməkdə çox çətinlik çəkir. Deyir birgə oxuyaq, sən oxuyanda daha aydın başa düşürəm. Və israrlı şəkildə dəfələrlə tarixi və coğrafiyanı mənə oxutdurur, izahını verərək oxuyuram cümlələri, hadisələri təsəvvür edirəm, misallar gətirirəm, o halda yadında qalır. Çox acınacaqlı haldır və bu prosesə xeyli vaxtım gedir. Məktəbdə dərs necə, hansı dildə izah olunur dərslər, ya da ümumiyyətlə izah olunurmu yoxsa özləri öz başının çarəsinə baxır şagirdlər? Onsuz da oxuduqlarını anlamırlar. Ona görə də yüksək bal toplayan şagirdlərin sayı azalır. Oxuyub-anlama, dərk etmə, yadda saxlama çox zəifdir uşaqlarda.”
Bu problem bütün dünyada var. Bu gün informasiyanın çoxluğu, daim onlayn olmaq həm diqqəti yayındırır, həm yaddaşı yükləyir, həm də təlimə həvəsi azaldır. Bu məsələnin həlli kompleks yanaşma tələb edir. Bizdə bu problem heç vaxt sistemli öyrənilməyib. İndi TN ETN olandan sonra ola bilsin ki, elmi fəaliyyətləri arta, problemlərin həllinə daha ciddi yanaşıla. Bu problem həmişə olub. Yadıma gəlir, hələ sovet vaxtı mən işlədiyim ATM-də təhsil nazirliyindən yeni təlimat gəlmişdi. 20 nəfərlik komissiya üzvləri bu təlimatı oxudu (hamısı elmi dərəcəyə və mühüm posta sahib idilər), heç kim o təlimatı olduğu kimi dərk edib, praktik tətbiq edə bilmədi. İnformasiyaanın tez və keyfiyyətli qavranılması bu gün çox vacidbir.
Məktəblilərin oxu savadlığının yüksəldilməsi üçün müəllimlər və şagirdlərlə xüsusi metodikalar əsasında davamlı olaraq iş aparmaq lazımdır.
Dos. İlham Əhmədov
"Paralel.az"