Fransızlar Qarabağda aktivləşir: nələr baş verə bilər? – Sabiq nazir izah edir

Fransızlar Qarabağda aktivləşir: nələr baş verə bilər? – Sabiq nazir izah edir
 

Xəbər verdiyimiz kimi, Paris şəhərinin meri Ann İdalqo daxil olmaqla, Fransanın bir neçə şəhərinin rəhbər şəxslərinin müşayiəti ilə “humanitar yük” adı altında Laçın sərhəd buraxılış məntəqəsi istiqamətinə nəqliyyat vasitələri göndərilib və həmin şəxslər tərəfindən Azərbaycana qarşı təxribatçı bəyanatlar səsləndirilib.

Fransa bu addımı ilə faktiki olaraq Azərbaycanın daxili işlərinə birbaşa müdaxilə edir.

Maraqlıdır, Fransa nümayəndələrinin Qarabağa humanitar yük gətirməsinin məqsədi nədir? Rəsmi Paris humanitar yüklərin Azərbaycana buraxılmayacağını bildiyi halda niyə israr edir?

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Globalinfo.az-a deyib ki, Fransanın bu addımı başadüşüləndir:

“Rəsmi Parisin gücü bir neçə meri Laçın nəzarət buraxılış məntəqəsinin qarşı tərəfinə göndərməkdən başqa heç nəyə çatmır. Məsələ ondadır ki, Fransaya bu məsələdə heç bir Qərb ölkəsi dəstək vermir. Belə ki, rəsmi Parisin Azərbaycandan tələbi Laçın yoluna nəzarətin Rusiya sülhməramlılarına verilməsidir. Məhz bu təklif Parisi tək qoyur. Heç bir Avropa ölkəsi indiki məqamda belə bir təklifi qəbul etməz.

Digər tərəfdən bu, Azərbaycanın suveren hüquqlarının pozulması və daxili məsələsinə birbaşa müdaxilədir. Mən görürəm, bəzi insanlar bu gün Fransanın Azərbaycanı BMT TŞ-yə şikayət edib əleyhimizə qətnamə qəbul etdirməsindən çəkinir. Hesab edirəm, bu narahatlıq əbəsdir. Heç bir ölkə başqa bir ölkənin suveren hüquqlarının açıq-aşkar pozulmasını dəstəkləməz. Çünki sabah bu onun özünə qarşı da edilə bilər”.

T.Zülfüqarov Paris şəhərinin meri Ann İdalqo daxil olmaqla, Fransanın bir neçə şəhərinin merinin Ermənistana, daha sonra Laçın sərhəd buraxılış məntəqəsinin qarşı tərəfinə gəlməsinə münasibət bildirib:

“Biz həmin şəxslərin kim olduğunu və nə məqsədlə əraziyə gəldiyini yaxşı bilirik. Hesab edirəm, narahatlığa əsas yoxdur. Erməni pulları ilə lobbi və diasporanın xahişi ilə gələn fransız merlər selfi çəkib quru bəyanat verməkdən başqa heç nə edə bilməz. Biz belə “rəsmiləri” çox görmüşük. Onların bir çoxu da seçkilərdə erməni lobbisinin dəstəyini qazanmaq üçün bu addımı atır.

Hesab edirəm, Azərbaycan Fransaya layiqli cavab verib. Rəsmi nota da təqdim edilib. Bundan başqa, Fransanın bütün təzyiqlərinə baxmayaraq Bakının geri addım atmaması Fransanın nüfuzuna vurulan böyük zərbədir. Rəsmi Paris nə etməsindən asılı olmayaraq, Azərbaycan geri addım atmayacaq”.

Turan Rzayev

0.028500080108643