Siyasət budur! -Arzu Qaziyeva

Siyasət budur! -Arzu Qaziyeva
 

FB-a girən kimi, soruşur təzə nə yenilyin var? Ha istəyirsən nəsə pozitiv bir şey yazasan, alınmır. Yəqin ki, təkcə içdən gəlməyi azdır, həm də təbii şəkildə pozitivin orbitində olmalısan.
Həkimə əlavə KT müayinəsi lazım oldu, özəllərdə 243 manat oxudular. Allah insaf versin. Üz tutdum TƏBİB-in siyahısında olan poliklinikaya – Binəqədi Tibb Mərkəzinə. Burdakı mənzərə təsvirə gəlmir: adamlar ət-ətə, ağız-ağıza, nəfəslər bir-birinə qarışır, əməlli-başlı xəstəlik mənbəyi. 8 ədəd qeydiyyat pəncərəsinin qarşısında iynə atsan yerə düşməz. Növbə mədəniyyəti və ənənəsi yox, qeydiyyatdan keçmək və həkimin qəbuluna düşmək üçün hamı az qalır bir-birinin başı üstündən tullansın. Dəhlizlərdə kondisioner yox, oturacaqlar tək-tük. Həkim kabinetinin qapısında isə lap pis mənzərədir. Adamlar qışqırışır, itələşir, həkimin qəbuluna bəlkə cüt-cüt girirlər. Bir kabinetdə 2-3 həkim oturur, onlar da pasiyentlərin səsinə qarşılıq olaraq qışqıra-qışqıra danışırlar, çünki öz səslərini eşitmirlər. Əl-qərəz, it yiyəsini tanımaması məsəli belə yerdə özünü doğruldur. Amma adamları necə qınayasan? Özəllərdə qiymətlər at belində olanda adamların da kütləvi şəkildə pulsuz xidmətdən istifadəyə qaçması labüddür. Ölkəyə gətirilən dərmanların satış qiymətini müvafiq qurumlar tənzimlədiyi halda, özəl klinikaların qiymətləri niyə vahid mərkəzdən tənzimlənmir? 243 manata KT olar?? 53 manata həkim qəbulu olar? Buna özəllik demirlər, buna birbaşa quldurluq deyirlər. Nə üçün özəl sistemlərə nəzarət tətbiq olunmur? Özəldir, ona görə? Sizi inandırıram ki, hamısı boş söhbətlərdir. Sadəcə, bu ölkənin səhiyyə sistemində də, digərlərində olduğu kimi heç nə xalqın rifahına, marağına və sağlamlığına xidmət etmir.
O ki, qaldı sığorta xidmətinə, əlbəttə, siz pulsuz laboratoriya müayinələrindən keçə bilərsiz, daha sonra əgər bəxtiniz gətirsə, yenə pulsuz nəsə əldə edə bilərsiz, bir xeyli gün və zaman itirəndən, ölüncəyədək yorulandan sonra. Və bütün bu prosedurlar hələ yenə də sizin məqbul bir nəticə ilə icbari tibbi sığortadan faydalanmış olacağınızın faktına çevrilməyəcək.
Bu problemləri bəlkə də zamanla yoluna qoymaq mümkündür, təbii ki, istək və siyasi iradə olarsa.
Amma əsas sual başqadır: hansı xəstəxanaya, hansı poliklonikaya girirsən, adamlar qarışqa kimi qaynaşır. Üzlərdə iztirab və beziklik oxunur. Statistika aparılsa, sağlam adam tapılmaz. Sovet dövründə, lap uzağa getməyim, 20-30 il əvvəl tibb müəssisələrində həkimlər “işsizlikdən” milçək uçurdurdular. Çünki ölkədə bu sayda xəstə adam yox idi. İndi heç olmasa bir xəstəliyi olmayan adam çətin ki, taparsız. Kimi dindirsəz, xəstəliklərinin siyahısını göstərər. Bu ölkənin xalqı xəstədir! Bu ölkənin gələcəyi xəstədir! Dövlətin müqayisə olunmayacaq ən qiymətli resursu olan əhalisi xəstədir! Ən pisi budur ki, kimsənin də vecinə deyil.
Hamı bir nəfər kimi bilir ki, A-dan Z-yə qədər problemin içində üzürük. Üst-üstə qalaqlanır, düzəlmir ki, düzəlmir, əksinə, qəsdən qulaqardına vurulur, bir az da yoğunlayır. Görünən budur ki, çıxış yolu kimi adamları problemlərə zorən uyğunlaşdırırlar, alışdırırlar, vərdişə, ənənəyə çevirirlər. Siyasət budur!

0.043951988220215