Bir şirin arzum var (Bu şe'rin yazılmasından 50 il keçdi) - Hafiz Rüstəm
Mirxas Həsənov (o dövrdə necə olubsa ona anamın familiyası verilib və sonralar bu soyad dəyişdirilməyib) hazırda "Unikal klinika"da həkim terapevtdir.
Buna qədər Sumqayıtdakı Bərpa xəstəxanasında uzun müddət həkim terapevt, şöbə müdiri vəzifələrində çalışıb.
70-ci illərdən yaşadığı Saray qəsəbəsində də, qohumlar arasında da yaxşı bir ürək həkimi kimi tanınır, ona müraciət edən xəstələrə əlindən gələn şəfaları əsirgəmir, elə buna görə də xalq içində böyük hörmət və nüfuz sahibidir.
O, həkim fəaliyyətinə başladığı gündən indiyədək ilk növbədə həm də öz bacı və qardaşlarının ailə həkimidir. Biz bu qardaşımızla fəxr edirik.
Şəxsən mənim stenokardiyadan müalicə olunmağım, anjudan keçməyim məhz onun təkidli məsləhəti ilə baş tutub.
Həcc və Kərbəla ziyarətlərində olub, namaz vaxtlarını ötürməz, dini rituallara dəqiqliklə riayət edər.
Gənclik illərimdə bu mömin, loğman qardaşıma ithaf etdiyim aşağıdakı şerimi ilk dəfə olaraq bir sürpriz kimi paylaşıram.
Əsgər formasını geymisən artıq,
Vətənin oğlusan ev körpəsiykən.
Daha uzaqlarda qalıb uşaqlıq,
Elə bil ki, yaşa dolmuşuq erkən.
Kişilik məktəbi keçirsən indi,
Bişib-bərkiyirsən sən də həyatda.
Yaxşını yamandan seçirsən indi,
Adi gənc deyilsən, kişisən hətta!
Ancaq sən uşaqsan, mənimçün uşaq,
Yeni ayaq açmış, yeni dil açmış.
Məndən gah küsərək, gah ağlayaraq,
O, sən deyildinmi çöllərə qaçmış?
Neçə il əvvəllər olduğu kimi,
Yenidən istərdim mən səni görmək.
Dünyadan xəbərsiz, xoşbəxt, səmimi
Atalı, analı günlər keçirmək.
Bir şirin arzum var...o körpə, o şən
Daha əvvəllərki qardaş olaydın.
Mənə diqqətini əsirgəməyən
Yaxın dost olaydın, sirdaş olaydın.
Daşa dönməyəydin bugünkü kimi,
Mən də daş sükuta kaş dalmayaydım.
Əziz bir insandan üzüb əlimi
Belə cavan-cavan qocalmayaydım.
(1973)