Yoxdur (Köhnə qoşma yeni rədifdə)-Hafiz Rüstəm 

Yoxdur (Köhnə qoşma yeni rədifdə)-Hafiz Rüstəm 
 

Yaxşını yamandan seçə bilməyən
Yalanınız vardır, düzünüz yoxdur.
Siz də bu aləmdə baxar korsunuz,
Baxırsız, bəsirət gözünüz yoxdur.

Dilavərlik deyil mindilli olmaq,
Hər muzda satılan könüllü olmaq.
Binadan gərəkdir özüllü olmaq,
Özülünüz yoxdur, özünüz yoxdur.

İblis də, mələk də fitrətdən gəlir,
Başa gələn bəla xislətdən gəlir.
Həya dərindədir, surətdən gəlir,
Utanan, qızaran üzünüz yoxdur.

Bu dünyanın da öz Qıl körpüsü var,
Bilir bu körpüdən keçən yolçular.
Bu körpüdən keçir yalnız doğrular,
Görünmür, iziniz-tozunuz yoxdur.

"Paralel.az"

0.09145188331604