"Türk" termininin tarixi - Kamil Allahyarov

 

Termin nə qədər dəqiq və konkret olarsa, o qədər də yaxşı olar. "Türk" adı ilə bağlı dolaşıqlar isə çoxdur: bu adı VI əsrdə Altayda tarix səhnəsinə çıxarmış xalqın adı, müasir dövrdə bizim və türkiyəlilərin özlərini "türk" adlandırması, "türk dilləri" dilçilik termini və s. Sonuncu termin əslində "hun dilləri" şəklində olmalıdır; bu həm tarixilik baxımından düzgündür, həm də ilkin əcdadlarımız olmuş hunlara hörmət baxımından (Avropa alimləri dünya dillərinin genealoji təsnifatını düzəldən zaman hunlar barədə onların heç bir məlumatı yox idi). Qədim türklərin özləri də hunların çoxsaylı varislərindən yalnız biri olublar. Orta əsrlərdə onlardan başqa hundilli xalqlardan heç biri özünü "türk" adlandırmırdı. Sadəcə türklər Sakit okeandan Qara Dənizə qədər uzanan ərazidə böyük xaqanat yaratdıqlarına görə digər xalqlar onların dövlətinin tərkibində olan bütün hundilli xalqlara ümumi formada "türk" deyirdilər, necə ki, indi biz İrandan gələn bütün insanlara onların milliyyətindən asılı olmayaraq "iranlı", Çindən gələnlərə isə "çinli" deyirik. VIII əsrdə qədim türklər öz "qardaşları" karluq, basmıl və uyğurlar tərəfindən məhv edildikdən sonra da ərəblər və farslar türk (hun) dilində danışan bütün xalqlara istisnasız olaraq "türk" deyirdilər. Bu, onlardan uzaqda yaşayan hundilli xalqlara təsir göstərmirdi. XI əsrdə Ön Asiyaya gəlmiş oğuzlar isə fars və ərəblərlə daima təmasda olduqıarına və onların dillərində təhsil aldıqlarına görə bu, onlara təsirsiz ötüşə bilməzdı. Sonuncu amilin təsiri İranda daha güclü idi. Gündəlik həyatda tez-tez üz-üzə gələn farslar oğuzlara o qədər "türk-türk" dedilər ki, axırda oğuzların sonrakı nəsilləri artıq "türk" sözünü öz etnik adları kimi tanımağa başladılar, halbuki onların epik aləmini əks etdirən dastanlarda biz "türk" sözünə rast gəlmirik və 24 oğuz tayfasından da heç biri "türk" adlanmırdı.
Türkiyədə isə əhalinin savadlı hissəsi oxuduqları kitablardan bilirdilər ki, ərəblər və farslar onlara "türk" deyirlər. Savadsız əksəriyyət isə fars və ərəblərlə gündəlik təmasda deyildilər.Onlar böyük Osmanlı dövlətində yaşadıqlarına görə özlərinə də "osmanlı" deyirdilər. Ancaq 1923-cü ildə məlum səbəblərdən osmanlılar bu addan imtina edib, rəsmi olaraq "türk" adını qəbul etdilər və ölkələrini də Türkiyə adlandırdılar. İki xalqın eyni zamanda "türk" adlanması isə əlavə dolaşıqlara səbəb olurdu. Bu səbəbdən də 1936-cı ildə bizim adımızı dəyişib, "azərbaycanlı" qoydular.

"Paralel.az"

0.011899948120117