"Türk" etnoniminin mənası
Məşhur türkoloq V. Tomsenin fikrincə "türk" etnik adı "turuk" ("düz dayanan", yəni "sabit", "güclü") sözündən yaranmışdır. Akad. A. Kononov da bu fikirlə razılaşmışdır. Akad. V. Bartold isə bu mülahizəni tənqid edərək, "türk" sözünün "törü" ("qanun") sözündən yaranmasını güman etmişdir. Ancaq bu və bunlardan sonra irəli sürülmüş digər versiyalardan heç biri türkologiyada indiyədək ciddi qəbul edilməmişdir, çünki onlar fərziyyə səciyyəsindədirlər və inandırıcı görünmürlər.Qədim türklərin (göytürklərin) bir xalq kimi formalaşma tarixi ilə bilavasitə bağlı şəkildə izah edilən bizim versiya isə belədir:
Hun tayfalarından olan Aşina nəsli 4-cü əsrin sonlarında Şimal-Şərqi Çindən Turfana gəlib, burada hind-Avropa mənşəli toxarlarla qonşuluqda məskunlaşır və onlarla bir-birinə qız verib, qız alırlar.Ancaq 460-cı ildə bu əraziləri ələ keçirən jujanlar bu tayfaları onlara dəmir İstehsal etmək üçün Cənubi Altaya köçürürlər. Burada tayfa birliyi yaradan və sonra yeni bir hundilli xalq kimi ortaya çıxan Aşina və Toxar tayfaları 6-ci əsrin ortalarında jujanlara qarşı üsyan qaldıraraq qalib gəlirlər və böyük bir dövlət yaradaraq, "türk" adı ilə tarix səhnəsinə çıxırlar (İstoriya Vostoka. II cild, M., 1999, s. 60-61). Çinlilərin "Suy" salnaməsinə əsasən, bu tayfa birləşməsinə "türk" adı ətrafdakı xalqlar tərəfindən onların yaxınlığında yerləşən "dəbilqəyə bənzər dağın" adı ilə bağlı şəkildə verilmişdir. (Mau-tsai Liu. Çin kaynaklarına görə Doğu türkləri. İstanbul, 2006, s. 13-14). Burada başlıca məsələ bu dağın nəyə görə "türk" adlanmasını müəyyənləşdirməkdir. Toxar-sak, slavyan, kelt və bir sıra digər qədim hind-Avropa xalqlarının mifologiyasında "Tur" (Tor) adlı tanrı vardır (bəzilərində isə o totemik əcdad kultudur və "buğa" deməkdir).Bu qədim tayfalar öz tanrıları və ya əcdadları saydıqları Turun şərəfinə təpələrdə və ya yastı dağlarda mərasimlər keçirir və belə təpələrə "Turk" deyirdilər. Sondakı "k" səsi toxar dilində mənsubiyyət suffiksidir və bu söz "Tura məxsus" (rusca - "turskiy") mənasını verir. Buradan da aydın olur ki, yuxarıda qeyd edilən tayfa birliyində hun dili qalib gəlsə də, onların yeni etnik adı toxarmənşəli olmuşdur. 6-cı əsrdə tarix səhnəsinə çıxıb, 8-ci əsrin ortalarında isə uyğur, karluq və basmılların onlara qarşı eyni zamanda üsyan qaldırması nəticəsində məhv edilən bu xalqın "türk" adının sonradan ərəb və farslar tərəfindən oğuzlara da şamil edilməsinin səbəblərini isə növbəti statusda izah edəcəyik.
Müəllif: Kamil Allahyarov
"Paralel.az"