Netanyahu İsraili savaşla hədələyən HƏMƏS liderinə cavab verdi

Netanyahu İsraili savaşla hədələyən HƏMƏS liderinə cavab verdi
 

İsrailin Baş naziri Binyamin Netanyahu HƏMƏS-in liderlərindən birinin İsraillə müharibəyə hazır olması ilə bağlı son bəyanatına münasibət bildirib və qeyd edib ki, terrorla mübarizədə bütün vasitələrdən istifadə olunacaq və bunun əvəzini terrorçular tam ödəyəcəklər.

“Report” xəbər verir ki, bu barədə hökumət başçısı Nazirlər Kabinetinin iclasında deyib.

“HƏMƏS lideri Arurinin Livandakı gizləndiyi yerdən öyündüyü sözlərini də eşitdim. O, dostlarının niyə məxfi yerlərdə gizləndiyini yaxşı bilir. HƏMƏS və İranın digər marionetləri yaxşı bilirlər ki, onların Yəhudeya və Samariyada, həmçinin Qəzza sektoru və digər istənilən yerdə terror fəaliyyəti göstərmək cəhdlərinə qarşı bütün vasitələrlə mübarizə aparacağıq”, - Baş nazir qeyd edib.

Netanyahu əmin edib ki, terror hücumlarını maliyyələşdirmək və təşkil etməklə İsrailə zərər verməyə çalışan hər kəs “tam bədəlini ödəyəcək”:

“İsrail vətəndaşlarına da müraciət etmək istəyirəm: həm daxildən, həm də xaricdən terror dalğaları ilə üz-üzəyik. Bu, ağır günlərdir. Bu bizə meydan oxunan günlərdir. Ərəb sektorunda terrorla, cinayətkarlıqla, İranın marionetləri vasitəsilə təşkil etdiyi xarici və daxili təhdidlərlə mübarizədə qüvvələrimizi birləşdirməliyik”.

Xatırladaq ki, Fələstinin hakim HƏMƏS hərəkatının Qəzza zolağında siyasi büro rəhbərinin müavini Saleh əl-Aruri cümə günü Livanın “Al Mayadeen” telekanalına deyib ki, hərəkat “tammiqyaslı müharibəyə hazırlaşır və bunu bağlı qapılar arxasında müzakirə edir. Aruri həmçinin İsrailin “misli görünməmiş məğlubiyyət”lə üzləşəcəyini söyləyib.

Qeyd edək ki, HƏMƏS (Hərəkat əl-Müqavimə əl-İslamiyə) Qəzza zolağında (2007-ci ilin iyulundan) hakim olan Fələstin islamçı hərəkatı və siyasi partiyasıdır.

HƏMƏS ABŞ, Avropa İttifaqı, İsrail, Kanada, Yaponiya və bir sıra digər ölkələr tərəfindən terror təşkilatı kimi tanınır. Həmçinin İordaniya və Misirdə də qadağandır. Avstraliya və Böyük Britaniyada yalnız HƏMƏS-in hərbi qanadı terrorçu kimi tanınır.

 

0.015408992767334