XƏYANƏT
(hekayə)
FƏRHAD ƏSGƏROV (RAMİZOĞLU),
yazıçı-jurnalist
Tünzalə aran rayonlarından birinin ucqar kəndində anadan olmuşdu. Atası Fərrux kişi ferma müdiri, anası Güllü isə evdar qadın idi. Üç bacısı, iki qardaşı vardı.
Tünzalə at minməyi çox xoşlayırdı. Onların qəşəng bir boz atı vardı. Fərrux kişi hər il yay aylarında kolxozun naxırını yaylağa aparırdı. Bu dəfə Tünzaləni də özü ilə aparacağını söylədi. Qızcığaz atası ilə dağa gedəcəyini eşidib çox sevindi. Evdən çıxıb uşaqların oynadığı yerə qaçdı ki, sevincini onlarla bölüşsün. Qonşularının qızı Xumar da uşaqların yanındaydı. Onun on iki yaşı vardı. Anası Sənəm xala fermada sağıcıların briqadiri idi. Xumar anası ilə hər il yaylağa gedirdi. Bu il Tünzalə də onlarla dağa gedəcəyini deyəndə Xumar yaylaqda gördüklərini maraqla danışmağa başladı. Sonra Xumar beş yaşlı Tünzalənin əlindən tutub evlərinə apardı, sabah dalınca gələcəyini deyib, getdi. Tünzalə həmin gecə sevincindən rahat yatdı. Bir də gözlərini açdı ki, artıq səhərdir. Atası evdə yox idi. Tünzalə çox narahat oldu. Elə bu vaxt qonşuları Sənəm xala qızı Xumarla onlara gəldi. Anası axşamdan hazırladığı yol tədarükünü Sənəm xalaya verdi və Tünzalənin üzündən öpüb küçə qapısınadək ötürdü.
Üstü çadırlı maşın fermanın qabağında dayanmışdı. Yaylaqda istifadə etmək üçün lazım olan əşyalar maşına yüklənirdi. Qadınları və uşaqları da həmin maşına oturtdular. Amma Tünzalənin ürəyindən boz atı minmək keçirdi. Sənəm xala Tünzalənin bikef halda uşaqlardan ayrı oturduğunu gördü. Mehribanlıqla “Tünzalə, niyə uşaqlarla oynamırsan?” – deyə soruşdu.
Sualı eşidən sağıcılar və uşaqlar Tünzaləyə baxdılar. Sağıcılardan biri Tünzaləyə yaxınlaşıb saçını tumarladı və kimin qızı olduğunu soruşdu. Tünzalə uşaq sadəlövhlüyü ilə cavab verdi: “Atamın”. Hamı güldü. Sənəm xala həmin qadına Tünzalənin Fərrux kişinin qızı olduğunu söylədi.
Sənəm xala Tünzalənin başını sığalladı və başa saldı ki, çobanlar və Fərrux kişi ala-qaranlıqdan yola düşüblər. Onlar mal-qaranı başqa yol ilə aparırlar.
Uşaqlar maşındaca oynayır, yolda kimi görsələr, “biz dağa gedirik” – deyə qışqırırdılar. Birdən maşın dayandı. Fərrux kişi yolun kənarında göründü. O, maşına qalxıb hal-əhval tutdu. Hər şeyin qaydasında olduğunu biləndən sonra qızı Tünzaləni çağırdı, onu qucağına alıb boz ata mindirdi.
İki gündən sonra yaylağa çatdılar. Bir dağın ətəyində dayandılar. Bu dağ çox hündür idi, baxanda adamın gözü qaralırdı. Hava çiskin, dağın başı isə qarlı idi. Yoxuşu qalxdılar. Mal-qara çox çətinliklə ensiz cığırla irəliləyirdi. Dağ yolu qurtardı. Burada çadırlar qurulmuşdu. Uşaqların səs-küyü, qadınların bir-birini səsləməsi, itlərin hürüşü çox aydın eşidilirdi.
Tünzalə çadırlara çatanda Sənəm xalanı gördü. Tünzalə çadıra girdi. Yay olsa da burada hava çox soyuq idi, dağların başı ağappaq qarla örtülmüşdü. Çadırlarda soba yanırdı. Hər çadırın yanında ocaq qalamışdılar, üstündə xörək bişirirdilər. Axşam düşürdü. Şam edib yatmağa hazırlaşdılar.
Artıq on gün idi ki, Tünzalə dağda qalırdı. Atası Fərrux kişi evdən nigaran olduğunu bildirib qızı ilə kəndə qayıtdı.
...Tünzaləgilin kəndi olduqca mənzərəliydi. Həmin kənd ən böyük yaşayış məntəqəsi idi.
Tünzalə yaşadığı kəndi çox sevirdi. Onun arzusu idi ki, məktəbi bitirdikdən sonra ali təhsil alıb kolxoz sədri işləsin, yaraşıqlı, doğma kəndini bir az da gözəlləşdirsin. Həmişə evlərindən yuxarı xırmana çıxar, oradan üzüaşağı kəndlərinə tamaşa edərdi. Xəyalında boz atı minib, bütün taxıl sahələrini gəzər, qoruqlara baş çəkərdi. Anasının “Tünzalə, hey” – deyə çağırması onu xəyaldan ayırar, tez cavab verib, “gəlirəm” – deyərdi. Evlərinə gəlib anasına ev işlərində kömək edər, dərslərini hazırlayıb yatardı. İllər ötdü. Tünzalə orta məktəbi başa vurdu, attestat aldı, Bakıya gəldi.
Tünzalə artıq Bakıda yaşayırdı. Təhsilini davam etdirmək üçün texnikumda təhsil alırdı.
Tünzalə texnikumu qurtaran ili valideynləri də köçüb Bakıya gəlmişdilər. O, yaraşıqlı, gözəl bir qız olmuşdu. Bakıda təhsil alan kənd adamlarından kim onu görsə idi, tanımazdı.
Bir gün xalası Büllur onlara gəlib Tünzaləyə elşi gələcəyini söylədi. Məlum oldu ki, Büllur xalanın rəfiqəsi öz qardaşı üçün Tünzaləni bəyənib. Xalası oğlanın yaxşı ailədən olduğunu söylədi. Bir neçə gündən sonra Tünzalə üçün elçi gəldi. İki həftədən sonra isə onu nişanladılar.
Nişanlısı Rasim Sumqayıtda yaşayır, elə orada da işləyirdi. Həftənin nə vaxt sona çatdığını səbirsizliklə gözləyirdi ki, istəklisi ilə görüşə çıxsın.
Bir dəfə görüşəndə Tünzalə soruşdu:
-Olar ki, sənə bir sual verim?
-Əlbəttə, - deyə Rasim dilləndi.
-Rasim, sən özün məni sevib-seçmisən, yoxsa kimsə məsləhət görüb?
-Bacım məsləhət bilib. Mən razı olmuşam, peşman da deyiləm.
Günlər bir-birinin ardınca ötüb keçirdi. Artıq Tünzaləgilin toyuna az qalmışdı.
Rasimin danışığı və hərəkətlərindəki bəzi cəhətlər elə ilk günlərdən Tünzalənin xoşuna gəlməmişdi. Qızın ürəyində ona qarşı heç bir hiss yox idi.
O, tez-tez ürəyində öz-özü ilə danışırdı: “Mən tələsdim, tələsdim, çox tələsdim, nə vaxtsa peşman olacağam, onda da gec olacaq”.
Bir aydan sonra Tünzalə gəlin köçdü. Sumqayıtda yaşayırdılar. Bir müddətdən sonra Rasim gəlib dedi ki, onu dağ rayonlarındakı süd zavodlarından birinə baş usta göndərirlər.
...Maşın dağların arası ilə uzun-uzadı yol gedəndən sonra düz yola çıxdı. Bir qədər də getdikdən sonra qəsəbə göründü. Sıra ilə tikilmiş evlər bir-birindən alçaq çəpərlərlə ayrılırdı. Böyük, üstü qırmızı kirəmitli uzun bir bina göründü. Onun ətrafına çəpər çəkilmişdi. Rasim dedi:
- Bura mənim təzə iş yerimdir.
Maşını əvvəlcə ora sürdürdü, işçilərlə hal-əhval tutub, iki oğlanla geri qayıtdı. Onlar maşındakı ev əşyalarını boşaltmağa kömək üçün gəlmişdilər.
Tünzalə evi təzəcə səliqəyə salmışdı ki, həyətdən qadın səsi gəldi. Rasimi səslədi. Rasim qadını qarşılayıb, evə dəvət etdi. Onu Tünzalə ilə tanış etdi:
-Zavodun laborantı Südabədir, - dedi.
Südabə 21-22 yaşlarında xoşxasiyyət, gülərüz bir qız idi. Tünzalə ilə tez dil tapdılar. Südabə Tünzaləyə qab-qacaqların yerbəyer olunmasında kömək etdi. Çay içdilər. Rasim zavoda getdi.
Günlər keçirdi. Tünzalə evə öyrəşirdi. O, qapını açanda qarşıdan dağın mənzərəsi görünürdü. Hündür dağa baxanda göz qaralırdı. Tünzalə Rasimdən icazə alıb dağa qalxar və oradan qəsəbəni seyr edərdi.
Qəsəbədə hər kəs öz həyətində çalışır, yer qazır, kartof əkir, göy-göyərti, pomidor, xiyar becərirdi. Kişilərin çoxu sovxozda işləyirdi. Bir az uzaqda qoruq görünürdü. İnsanlar qoruqdakı otu çalır, mal-qara üçün tədarük görürdülər.
Aylar keçdi. Artıq Tünzalənin azad olmaq vaxtı çatdı. Onu xəstəxananın doğum şöbəsinə apardılar. Rasim səhərədək xəstəxananın həyətində oturub gözləmişdi. Səhərə yaxın ona oğlu olduğunu xəbər verdilər. O, çox sevindi. İçəri keçib körpəni qucağına aldı, Tünzalənin alnından öpdü. Rasim bayıra çıxanda dostlarının onu gözlədiyini gördü. Onlar Rasimi ata olması münasibətilə təbrik etdilər.
Tünzalənin xəstəxanadan çıxmasına hələ bir gün qalmışdı. O, Rasim üçün darıxırdı. Növbətçi həkim ona icazə verməsə də, Tünzalə körpəni və kiçicik çantasını götürüb yola düzəldi. Evlə xəstəxananın arası 200 metr ancaq olardı.
Evə girdi. Çantanı yerə qoyub qayınanasına yaxınlaşdı, alnından öpdü. Qayınanası çox zəif görünürdü. O, körpəni nənəsinə verib, yataq otağına keçdi. Gözlərinə inanmadı: çarpayısında başqa qadın uzanmışdı, Rasim də yanında. Tünzalə biixtiyar qışqırdı: “Əclaf, sən nə edirsən?”. Əl atıb Rasimi çarpayıdan yerə saldı. Rasim tələsik ayağa qalxdı, Tünzaləyə dedi:
-Səbirli ol, özünü ələ al, dayan!
Tünzalə heç nə eşitmir, var gücü ilə Rasimi şillələyir, “əclafsan”, - deyirdi. Onun gözünə yaxınlıqda butulka sataşdı. Əl atıb onu götürdü və Rasimin başına çırpdı. Rasimin başında qanı görəndə elə bil ki, yuxudan ayıldı. Heç kəsə heç nə demədən paltarlarını yığdı, körpəni qucağına alıb bayıra çıxdı, avtobus dayanacağına gəldi. Avtobusa minib orta sırada oturdu. Qayınanası ondan əl çəkmirdi. Tünzalə yol boyu başına gələnləri götür-qoy edirdi: “Axı Rasim kişidir, niyə o dediyi sözə əməl etmədi, əhdinə vəfasız, etibarsız çıxdı?”
Qayınanasının səsi onu xəyaldan ayırdı:
-Qızım, peşman olacaqsan. Getmə!
Tünzalə düşündü: “Necə peşman olacağam? Bu hadisədən sonra peşman olmaq?”
Tünzalə evlərinə gəldi. Qayınanası da onunla idi. Bütün əhvalatı olduğu kimi evdəkilərə danışdı. Atası heç nə demədi. Trubkasına tənbəki töküb küçəyə çıxdı. Anası isə: “Uşağım bədbəxt oldu”, - deyə ağladı və sonra körpəni ondan aldı, bağrına basdı, öpdü.
Günlər ötürdü. Körpə böyüyürdü. Fərrux kişinin isə günbəgün beli bükülürdü. Anasının isə heç üzü gülmür, elə hey gözləri yol çəkirdi. Tünzalə körpəsi ilə bir otaqda qalırdı. Bəzən körpəsinə baxaraq, ötən günlərini xatırlar, gizli-gizli ağlayırdı.
Artıq Tünzalə oğlu Yunisin əlindən tutub onu yaxınlıqda yerləşən uşaq bağçasına aparırdı.
Tünzalə əvvəlki işinə qayıtdı. Onu çox yaxşı qarşıladılar, ana olduğu üçün təbrik etdilər. Həyat yoldaşı barədə ondan soruşanda Tünzalə araya söz atar, sualları cavabsız qoyardı. Ürəyində isə əzab çəkərdi.
Günlərin birində qonşuluqdakı qadınlardan biri Tünzaləni öz qaynı üçün istədi. Xeyli tərəddüddən sonra Tünzalə nəhayət ki, razılıq verdi.
Bir neçə gündən sonra Tünzaləyə elçiliyə gəldilər. İki aydan sonra isə Tünzalə ər evinə köçdü. Lakin bir sual Tünzalənin ürəyini daim narahat edirdi: “Görəsən, o, düz hərəkət etdimi? Bu dəfə də yanılmadı ki?”
Yeni həyat yoldaşı Musanı tez-tez fikrində Rasimlə müqayisə edirdi. Düşünürdü ki, bəlkə Musa Rasimə oxşamayacaq. Ancaq heç Musaya qarşı da ürəyində məhəbbət yox idi.
Tünzalə yavaş-yavaş Musaya öyrəşirdi. Musanın mənzili Bakının “Sovetski” adlanan ərazisində idi. Yeddi ailə - qohumlar bir həyətdə yaşayırdılar.
Günlər keçirdi. Musa ilə Tünzalə mehriban ailə həyatı sürürdülər. Tünzalə yenə övlad gözləyirdi. Lakin ürəyi yenə də səksəkəli idi: “İkinci dəfə ailə qurdum, görəsən mən Musa ilə xoşbəxt olacağammı?” Tünzalə ürəyində Musanı sevmirdi, daxilən çox əzab çəkirdi. Lakin bacardıqca onunla mehriban davranmağa çalışırdı.
Son günlərdə Musa spirtli içki içməyi çox xoşlayırdı. Elə vaxt olurdu ki, bir neçə gün ardıcıl olaraq içər, yatardı. Heç nə haqda düşünməzdi. Tünzalə isə buna fikir verməz, öz işi ilə məşğul olardı. Lakin Musanın tez-tez spirtli içki içməsi bir neçə aydan sonra Tünzaləni narahat etməyə başladı. O, artıq ikinci ailəsinin dağılmasından qorxurdu. Onun kişi, ər haqqında fikirləri alt-üst olurdu.
Artıq Musa ata olmuşdu, çox sevinirdi. Lakin hər gün evə sərxoş gəlirdi. Hər gün restorana gedib, dostları ilə əylənirdi.
...Səhər Musa işə gedəndə Tünzalə ona dedi:
-İşdən sonra heç bir yerə getmə, evə gəl, uşağa lazım olan bəzi şeyləri almaq üçün şəhərə çıxmalıyıq.
Həmin gün Musa evə tez gəldi, sərxoş deyildi. Tünzalə sevindi. Körpəni qayınanasının yanında qoyub, Musa ilə şəhərə çıxdılar. Lazım olan əşyaları alıb qayıdırdılar. Yolda Musa Tünzaləyə dedi:
-Sən məni burada gözlə, gəlirəm.
Musa getdi və iyirmi dəqiqədən sonra gəldi, içmişdi. Tünzalə çox pərt olmuşdu, dedi:
-Musa, bəs sən demişdin ki, içməyəcəksən.
-Pivə içmişəm, - deyə dodağının altında mızıldandı.
Tünzalə il yarım evdə oturub oğluna qulluq etdi. Sonra ikinci uşağı da bağçaya qoyub, işə getdi.
Tünzalə bəzən xəyala dalır, qız vaxtı təsəvvür etdiyi ailəni xəyalında canlandırırdı: İstədiyi oğlanla ailə quracaq, evdar qadın kimi ancaq ona qulluq edəcək, ən yaxşı illərini ona qurban verəcək. Səhər yola salıb, axşam yolunu gözləyəcək, can deyib, can eşidəcək. İndi bütün arzular puç olmuşdu. Odur ki, bütün məhəbbətini uşağına salmışdı. Uşağına görə ailəsini qoruyub saxlamağa çalışırdı.
Artıq ailədə ikinci oğlan uşağı da dünyaya gəlmişdi. Musa isə içkidən əl çəkə bilmirdi.
-Musa, daha bəsdir, mən dözə bilmirəm. Əgər bir də evə sərxoş gəlsən, biz ayrılacağıq, - Tünzalə bu sözləri demək üçün bütün güc-qüvvəsini toplamalı oldu.
Lakin aylar ötdükcə Musa daha dözülməz olurdu. İçməyi bir yana, gecələr də evə gəlmirdi. Hətta Tünzalənin qulağına çatmışdı ki, əri əxlaqsız qadınlarla da görüşür. Tünzalə bir gün Musaya dedi:
-Biz ayrılmalıyıq. Mən bir daha səninlə bir yastığa baş qoya bilmərəm. Oğlanlarımı isə əsl kişi kimi böyüdəcəyəm...
...Tünzalənin işlədiyi idarəyə yeni rəis təyin olunmuşdu. O, bütün şöbələrin işçilərini yığıb iclas çağırdı, işçilərlə tanış oldu.
Rəis tez-tez Tünzalə işləyən otağa gəlir, onun işi ilə maraqlanır, ona göstərişlər verirdi. Bir dəfə rəis zəng edib bəzi sənədləri gətirməsini Tünzalədən xahiş etdi. Tünzalə sənədləri qızlardan birinə verib göndərdi. Bir neçə dəqiqədən sonra qız qayıtdı və dedi ki, rəis sənin özünü çağırır.
Tünzalə içəri keçdi. Rəis onunla sərt danışdı, çağırılan vaxt gəlmədiyi üçün onu məzəmmət etdi. Sonra isə söhbəti dəyişdi, mülayim səslə soruşdu:
-Neçə ildir burada işləyirsən?
-14 il.
-Ailəlisənmi?
-Bəli.
-Uşaqların varmı?
-Üç oğlum var.
Rəis araya söhbət qatmaq üçün Tünzalənin şöbə müdirini çağırtdırdı. İş barədə müəyyən tapşırıqlar verib, lazımi sənədləri yoxlayıb onları azad etdi.
Bir gün yenə rəis zəng vurub Tünzaləni öz qəbuluna çağırdı. Tünzalə dedi ki, şöbədə heç kəs yoxdur, sonra gələrəm və dəstəyi asdı. Daxildən onu bir həyəcan bürüdü: “Bu məndən nə istəyir? Deyəsən, işdən çıxmalı olacağam. Çıxıb hara gedim? Bu işə öyrəşmişəm”.
...Tünzalənin başı işə qarışmışdı. Yaxınlıqda bir hənirti hiss etdi. Arxaya çevrildi və lap yaxınlıqda rəisi gördü, gülümsəyir, ağzındakı qızıl dişləri parıldayırdı. Tünzalə dəhşətə gəldi, çevrilib var gücü ilə rəisi itələdi. Bunu gözləməyən rəis özünü saxlaya bilməyib, səndələdi və yıxıldı. Səs-küyə şöbə müdiri gəldi. Rəis özünü itirmişdi, tez otaqdan çıxdı. Tünzalə başını aşağı saldı. Onu qəhər boğmuşdu. Şöbə müdiri: “Halal olsun sənə”, - deyib, otaqdan çıxdı. Bu hadisədən sonra rəis bir daha onu öz otağına çağırmadı. Və Tünzalənin işlədiyi şöbəyə də nadir hallarda gələrdi.
Tünzalə təklikdən darıxırdı. Oturub ötən günlərini yada salanda həm kədərlənir, həm sevinir, həm ağlayırdı. O, taleyindən gileylənirdi. Həyatda buraxdığı səhvlər onun ürəyini incidir, bəzən çıxardığı nəticələrə görə peşmançılıq çəkirdi. Oğlanlarına baxanda isə fərəhlənir, Allaha şükür edirdi.
Tünzalə özü üçün həmdəm, sirdaş haqqında fikirləşirdi. Amma çox qorxurdu. Tez də fikrindən daşınırdı: “Yox, elə bir qeyrətli, təəssübkeş kişi tapılarmı ki, ona inanıb etibar edəsən? O, ancaq səni sevsin, sənə olan məhəbbəti sönməz olsun”.
Tünzaləgilin işinə bəstəboy, göyçək bir oğlan gəlib gedirdi. Subay idi. Adı Valeh idi. Gec gələndə otaqdakı qızlar onun üçün darıxırdılar.
Günlərin birində Valeh qapını açıb içəri daxil oldu, əlində qızlar üçün şirniyyat alıb gətirmişdi. Qızlar çay dəmlədilər. Hamıya çay süzdülər. Valeh Həlimə ilə Cəmilənin arasında oturmuşdu. Çay içib, şirniyyat yedilər. Bir qədər söhbət etdikdən sonra Valeh getdi. Həlimənin ondan xoşu gəlirdi. O, zarafatla Cəmiləyə dedi ki, gələn dəfə Valeh gələndə ona de ki, Həlimənin səndən xoşu gəlir.
Bir neçə gündən sonra Valeh yenə də gəldi. Çay süfrəsi təzələndi, söhbət başladı. Cəmilə xəlvətə salıb Valehdən soruşdu:
-Valeh, niyə evlənmirsən? Həlimə yaxşı qızdır, səndən də xoşu gəlir.
Valeh duruxdu və dedi:
-Cəmilə, mənim Həliməyə böyük hörmətim var, bir yaxşı dost kimi. Amma hələ mənim evlənmək fikrim yoxdur.
Cəmilə Valeh getdikdən sonra onun sözlərini Həliməyə söylədi. Həlimə heç nə demədi.
Növbəti dəfə Valeh gəldikdə bir qədər çox oturdu, çay içdilər, xeyli söhbət etdilər. Cəmilə ona göz qoyurdu. Valeh gedəndən sonra Cəmilə Həliməyə dedi:
-Həlimə, mən Valehə fikir verirdim, o, bizimlə danışırdı, gözü isə Tünzalədə idi.
Tünzalə də bu baxışları hiss etmişdi.
Günlər keçdi. Valeh otağa daha tez-tez gəlməyə başladı. Artıq o, Tünzalə ilə danışır, onunla hal-əhval tuturdu. Bir gün Valeh gileyləndi:
-Evdə təkəm, darıxıram, bir zəng vuran da yoxdur.
Tünzalə dedi:
-İstəyirsən, telefon nömrəni ver, mən də verim qızlara, zəng vursunlar sənə.
Valeh telefon nömrəsini verdi.
Tünzalə nömrəni tanış qızlardan birinə vermək istədi, amma ürəyi gəlmədi.
Bir neçə gündən sonra Valeh Tünzaləyə dedi:
-Nə oldu? Heç zəng vuran olmadı ki?
Tünzalə güldü və dedi:
-Valeh, vallah, yadımdan çıxıb. Bu dəfə mütləq zəng vurarlar.
İki gündən sonra Tünzalə Valehə zəng vurdu. Bir qədər söhbət etdilər. Həmin gündən sonra Tünzalə tez-tez Valehə zəng vurur, söhbət edir, dərdləşirdilər. Valeh Tünzalənin ürəyinə yol tapmışdı. Artıq Tünzalə bir gün Valehə zəng etməsəydi, həmin gün həyatında çatışmamazlıq hiss edirdi. Onunla danışdıqdan sonra isə rahatlanır, ürəyi toxtaxlıq tapırdı. Həmin vaxta qədər heç bir kişiyə qarşı Tünzalədə belə bir hiss olmamışdı. Lakin Tünzaləni daxildən bir nigarançılıq narahat edirdi: “Bu münasibət pis bir şeyə aparıb çıxarmaz ki?..”
Bir gün Valeh Tünzaləni evinə qonaq çağırdı. Tünzalə də gələcəyinə söz verdi. Lakin bu təklifi ürəyində götür-qoy edirdi: görəsən Valehə etibar etmək olarmı? Yoxsa, o, da başqa kişilərin tayıdır.
Axşam Valeh zəng vurdu. Səhər görüşməli olduqlarını xatırlatdı.
-Söz vermişəm, deməli gələcəyəm. Ancaq bilmirəm sənə etibar etmək olar, ya-yox?
Valeh güldü:
-Narahat olma, gəlib, görərsən.
Səhər Valeh bazarlıq etdi, Tünzalə ilə görüşüb evə gəldilər. O, yolda Tünzaləyə:
-Yola yaxşı bax, gələn dəfə özün gələ biləsən.
Tünzalə dedi:
-Hələ bilmək olmaz. Mən bu yolu bir də gələcəyəm, ya-yox.
Evə daxil oldular. Köməkləşib xörək hazırladılar, nahar edib, çay içdilər. Sonra divanda əyləşib söhbət etməyə başladılar. Söhbət edə-edə Valeh Tünzalənin əlindən tutdu. Tünzalə əlini çəkmək istədi, bacarmadı, elə bil bədənindən nəsə bir cərəyan keçdi. Valeh onu özünə sıxdı və Tünzalə onun isti nəfəsini öz sifətində hiss etdi. Tünzalə çırpındı, amma Valehin möhkəm qollarının arasından çıxa bilmədi. Bir göz qırpımında Valeh onu özünə tabe etdi.
Ayılanda Tünzalə utandı, xəcalət çəkdi. Bir anlıq xəyala getdi: “Nə üçün Valeh belə etdi? Axı onların arasında çox böyük yaş fərqi vardı. Valeh cavandır, gələcəyi qabaqdadır. Tünzalənin isə artıq bağrı yanıb, kösöv olub.” Tünzalə çox qısqanc idi. O, istədiyini heç kəslə bölüşə bilmirdi. Bəs, görəsən onda bu münasibətin axırı hara aparıb çıxaracaq?
Tünzalə qalxdı və stolun üstündən çörəyi götürüb dedi:
-Valeh, sən məni dəvət etdin, mən də gəldim. Amma məndən başqa bura qadın gətirsən, qoy bu çörək əhdini pozana qənim olsun.
Valehin rəngi dəyişdi, başını aşağı salıb susdu. Tünzalə də çaşıb qalmışdı, bilmirdi nə etsin. Evə getmək istəyir, burdan uzaqlaşmaq, bu səhnəni unutmaq istəyirdi. O, hazırlaşdı. Valeh də onunla birlikdə çıxdı.
Yolboyu Tünzalə danışmırdı. Valeh ona nə isə deyir, nə isə soruşurdu. O, isə elə hey ürəyində götür-qoy edirdi: “Bu işin axırı necə olacaq? Nə üçün o, Valehlə dostluq etdi?” Yolboyu özünü danlayırdı: “Yox, mən düz etmədim, mən onun evinə getməməliydim. Onsuz da bu münasibətin axırı yoxdur. Biz nə vaxtsa ayrılmalıyıq.”
Birdən Valehin səsi onu xəyaldan ayırdı:
-Zəng vurarsan, yaxşı?
Tünzalə dinmədi. Sağollaşıb ayrıldılar.
Tünzalə öz-özünü danlayırdı: “Axı, sən niyə Valehi yaxına buraxdın? Mənim ağlım hisslərimə qarşı çıxa bilmədi. Məndə ona qarşı bir hiss var, həmin hiss mənim iradəmi qırdı, məni ona tabe etdi. Bəlkə elə sevgi budur.”
Tünzalə heç kimi sevməmişdi, indisə bu hiss qəlbini alovlandırmışdı. Xəyalında yaşatdığı insanı o həyatda tapmışdı. Lakin onun qəlbində bir qorxu da var idi. O, bütün bu sevincləri, bu xoş hissləri itirməkdən qorxurdu. Həyatda çox çətinliklərlə qarşılaşan qadın, bu sevincin də ömrünün az olacağından ehtiyat edirdi.
...Bir gün Tünzalə Valehlə evdə oturmuşdu. Birdən evin telefonu zəng çaldı. Valeh dəstəyi götürdü. Qadın səsi idi, nəyi isə soruşdu. Valeh də qısaca cavab verdi, sağollaşıb dəstəyi qoydu. Tünzalə dözə bilməyib soruşdu:
-O qadın kim idi, Valeh?
-Heç, köhnə tanışlardandır.
Hər ikisi susdu. Axşam Tünzalə evə getdi. Evə çatan kimi Valehə zəng vurdu, amma düşə bilmədi, telefon “məşğul” idi. Tünzalənin beynində cürbəcür pis fikirlər dolaşmağa başladı. İyirmi dəqiqədən sonra Valehə zəng edə bildi:
-Bu qədər kiminlə danışırdın?
-Heç kimlə, bəlkə düşə bilməmisən.
Bir qədər söhbət edib, sağollaşdılar. Həmin gecə səhərədək Tünzalənin gözünə yuxu getmədi. O gündən Tünzalə rahatlığını itirdi. Valehin bütün hərəkətləri ona şübhəli görünməyə başladı.
İstirahət günlərinin birində Tünzalə Valehin evinə gəldi. Həmin gün həm də Yeni il bayramı idi. Bir az söhbətləşdilər. Sonra Valeh kiməsə zəng etdi və onu təbrik etdi, bir neçə dəqiqə onunla danışdı. Telefonda qadın səsi eşidilirdi.
Ortaya sakitlik çökdü. Tünzalə çalışırdı ki, pərtliyi üzdə bilinməsin, yalandan gülümsünürdü, amma daxilindəki nigarançılıq onu üzürdü. Qorxulu bir fikir keçirdi ürəyindən: “İlahi, kişilər hamısı bir-birinə bənzəyir. Yox, mən yanılmışam, o da başqa kişilərin tayıdır.”
Bir qədər sonra Valeh Moskvanı yığdı:
-Alo, İradır?
Nə isə dedilər. Valeh dəstəyi asdı. Tünzalə heç nə soruşmadı. Çox peşman idi, xəyalından keçirdi ki, kaş dünyaya təzədən gələydi, buraxdığı səhvləri bir də təkrar etməyəydi.
Tünzalə düşünürdü ki, elə əvvəlki həyat yoldaşlarının hərəkətlərinə dözə bilərdi, onların biri ilə yaşaya bilərdi. O, daim xəyalında canlandırdığı kişini axtarırdı. İdeal şəxsiyyət sorağındaydı. Tapa bilmədi, çünki eləsi yox idi. Tünzalə bu həqiqəti çox gec başa düşmüşdü.
O, daha heç bir kişi ilə yaxınlıq etməyəcəyinə qərar verdi. Üç oğlu vardı. Daha ona nə lazımdır ki? Vaxtını onlara sərf edər, elə onları xəyalında canlandırdığı kişi kimi tərbiyələndirər. Onlara baxıb fərəhlənər...
1997-ci il
"Paralel.az"