Deputat: "Təxribatla məşğul olan BQXK Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əvəzlənməlidir"

Deputat: 
 

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) 1949-cu il Cenevrə Konvensiyaları, onun 1977-ci il Protokolları və 2005-ci il Əlavə Protokollarının iştirakçısı olan dövlətlərin mandatı əsasında fəaliyyət göstərir. Azərbaycanda isə təsisat 1992-ci ildən fəaliyyətdədir. Beynəlxalq humanitar hüquqla əsas hədəfi silahlı münaqişələrin qurbanlarını qorumaq olsa da, nə 30 illik münaqişə dövründə, nə də postmüharibə reallığında BQXK-nın Azərbaycana münasibətdə ciddi və səmərəli fəaliyyətinə şahid olmamışıq. Əksinə, “bitərəflik”, “qərəzsizlik”, “vahidlik” kimi fundamental prinsipləri rəhbər tutmaq barədə öhdəlik götürən BQXK Ermənistanla vahid tərəf kimi çıxış edib.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Bəhruz Məhərrəmov deyib ki, ötən dövr ərzində təsisat vasitəsilə müharibə dövründə və postmünaqişə dövründə hərbi əməliyyat bölgələrində kəşfiyyat xarakterli məlumatların Ermənistana ötürülməsi, Vətən müharibəsi dövründə erməni yaraqlılarına humanitar missiya adı altında dəstək verilməsinə dair faktlar mövcuddur: “Habelə qısa müddət öncə Azərbaycan Dövlət Sərhəd Xidmətinin sərhəd-nəzarət tədbirləri çərçivəsində Laçın sərhəd-buraxılış məntəqəsində Qırmızı Xaçın qaçaqmalçılıq fəaliyyətinin iştirakçısı olması, habelə beynəlxalq axtarışda olan hərbi canilərin məsuliyyətdən yayındırılması işini təşkil etməsinə dair faktlar ortaya çıxıb. Son dövrlərdə isə BQXK Qarabağ bölgəsində yaşayan erməni sakinlərin humanitar ehtiyacları mövzusu və “humanitar fəlakət” şousunun mühüm iştirakçılarından biri kimi çıxış etməklə Azərbaycana münasibətdə açıq təxribat və düşmənçilik fəaliyyəti göstərməkdədir. Baxmayaraq ki, BQXK hansısa siyasi şoulara alət olmaq yox, mümkün humanitar çətinliyin istənilən təhlükəsiz və hüquqa zidd olmayan üsul və vasitələrlə aradan qaldırılması istiqamətində fəaliyyət göstərməli, indiki halda daha qısa, daha təhlükəsiz Xankəndi-Ağdam yolunu tərcih etməklə həm də erməni sakinlərin Azərbaycanın aidiyyəti strukturları ilə birbaşa təmaslarını təşviq etməklə gərginliyin azaldılmasına töhfə verməlidir. Amma görünən odur ki, BQXK qarşılıqlı etimadın yaranması və bununla da bölgədə yekun sülhə nail olunmasından narahatdır. Görünən odur ki, BQXK regionda artıq faydadan çox zərər verir və bu baxımdan Qızıl Aypara Cəmiyyətinin üzərində fokuslanmaq daha doğru olar. İdarəetmə Şurasının 21 avqust 2023-cü il tarixli Bəyanatı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti də bu humanitar missiyanın həyata keçirilməsi üçün milli cəmiyyət olaraq bütün potensialını səfərbər etdiyini və bu missiyanın öhdəsindən gələ biləcəyini bəyan edir. Nəzərə alaq ki, Hərəkatın hüquqi bazislərindən sayılan 1997-ci il Seviliya Razılaşmasına ötən il edilmiş müvafiq dəyişikliyə əsasən də, humanitar yardımların həyata keçirilməsində aparıcı rolun milli cəmiyyətlərə verilməsi qərara alınıb. Belə olan halda, siyasiləşmiş Qırmızı Xaç Komitəsinin fəaliyyətinə zərurət qalmır”.

Deputat qeyd edib ki, 100 ildən artıq bir müddətdə ləyaqətlə fəaliyyət göstərən Qızıl Ayparanın dini etiqadından, milli mənsubiyyətindən, irqindən, siyasi baxışlarından asılı olmayaraq, bütün ehtiyaclı insanlara münasibətdə zəruri humanitar missiyanı həyata keçirəcəyinə şübhə ilə yanaşmaq üçün heç bir əsas yoxdur: “Bu mənada ən qısa zamanda regionda təxribatçı fəaliyyətlərlə məşğul olan BQXK-nın “fəaliyyəti”nin Qızıl Aypara ilə əvəzlənməsi barədə qərar qəbul edilməlidir. BQXK isə Azərbaycanla imzaladığı 1996-cı il Sazişinin 9-cu maddəsinin 13-cü bəndi ilə borcludur ki, "Azərbaycan Respublikasının qanun və qərarlarına onların dövlətin ərazisində qüvvəyə mindiyi vaxtdan hörmət etsin". BQXK təxribatçılıqda israrlı olarsa, biz elə həmin Sazişinin 12-ci maddəsinə və 1961-ci il Vyana Müqaviləsinin 9-cu bəndi ilə nəzərdə tutulan addımları atmaqdan çəkinməməliyik”.

 

0.013079881668091