44 günün doğma, son 3 ilin yad-ögey oğulları

44 günün doğma, son 3 ilin yad-ögey oğulları
 

Hökumət qazilərin, şəhidlərin haqqını niyə vermir?
“Neyliyim, ey vay! Bu urusbaşdılar” (Mirzə Ələkbər Sabir)
Absurd durum yaranıb, 44 günə Şuşanı dişi-dırnağı ilə əsirlikdən qurtaran,  Qarabağı ay-ulduzlu Azərbaycan Bayrağının kölgəsinə qaytaran igidlərin haqqı , sosial təminatı tanınmır. Döşlərində-yaxalarında əsir-yesir bölgələrin sayı qədər ödül-medal gəzdirən oğulların döşlərindən elə itələyirlər, yaxalarından elə yapışırlar , elə bil, bu ödüllər savaşda yox, şabaşda qazanılıb. Qaziləri canlarına qıymağa sürükləyən də bu saymazlıq, ögeylikdir. Absurda baxın, sən doğma yurdu canınla-qanınla qoru, şəhid-qazi ol, yurdu əsirlikdən qurtar, qazancın doğma eldə sosial girovluq, pensiya-müavinət əsirliyi olsun! Dünənin doğma, bu günün yad-ögey oğulları!
Bizi şişirtmədə suçlamaq fikrinə düşənlər faktlara fikir versinlər. Qazi ölümləri  bir yana, qanun, hüquq “ölümləri”nə baxın, 44 günlük qurtuluş savaşından sonra qəbul edilən sosial yönlü aktlar, qanun dəyişiklikləri qazi-şəhid ailələrinin təminatının pisləşməsinə yönəlib. “Əmək pensiyaları haqqında” qanunun 19-cu maddəsi ilə Qarabağ savaşçılarının pensiyalarına əlavələrin 30 dekabr 2020 tarixli qanunla ləğv edilməsi ögeyliyi, yadlığı tam çılpaqlığı ilə ortaya qoyur. Savaşın qazanıldığı aydan sonrakı ayda savaş adamlarına bu “diqqət” nədən qaynaqlanır? Fikir verin, sözügedən 19-cu maddə ilə Böyük (?-M.B.) Vətən (?) müharibəsi əlillərinə və iştirakçılarına ayrılan əlavə Qarabağ əlillərinə ayrılandan 40-100 faiz çox idi. Fikrinizi ona da yönəldin ki, qanunun qüvvədə olduğu 13 ildə 55-110 manat arası vəsait Qarabağ əlillərinin pensiyalarına hesablanmayıb, 110-154 manat arası əlavə alan Böyük (?-M.B.) Vətən (?) müharibəsi iştirakçıları və əlilləri isə 19-cu maddə ləğv ediləndən sonra da pullarını alırlar.  “5-ci kolon”un, Rusiyanın əli o qədər uzundur , qanunları öz istəyinə uyğunlaşdırır. Prezidentin 26.12.2001 tarixli 613 saylı “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin  müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Fərmanının icrasında “böyük- “kiçik” Vətən müharibəsi” ayrıseçkiliyi “böyük”lərin xeyrinə daha qabarıq gözə çarpır. Fərmanla nəzərdə tutulan cüzi 26 manatın “kiçik”lərdən kəsilməsi bir yana, hələ üstəlik şəhidin  “həlak  olmuş döyüşçü” ( bu status yalnız “böyük vətən” döyüşçülərininmiş-M.B.) sayılmayaraq, şəhidin həyat yoldaşının 12 manatlıq cüzi müavinətdən məhrum edilməsi “rusbaşlı” hökumətin diqqəti kimi sırınıb. Qarabağ savaşı 1 19-cu maddə ilə 11 manat, “böyük vətən”çilərə” 10 dəfə çox, 110 manat miqdarında əlavə prezident təqaüdü ilə əvəz olunub: Qarabağ qazilərinə - 80 manat, “böyük vətən” müharibəsi iştirakçılarına 330 manat, dörd dəfədən də çox! “Neyliyim ey vay!  Bu urusbaşdılar”...Allah sənə rəhmət eləsin, Sabir!
Hökumətin “rusca” siyasəti 2021-ci, 2022-ci illərdə də sürdü. “Əmək pensiyaları haqqında” qanunun 29.2 maddəsinin 13.05.2022 tarixli qanunla ləğv edilməsi - qazi, şəhid hərbi pensiyaçıları əvvəl tutmuş olduqları vəzifələr üzrə təminat xərcliyi artırıldıqda pensiyalarının bu artıma uyğun yenidən hesablanmasından məhrum etdi. Əsas da, bilirsiniz nə olub? Xidmətdən sonra sosial sığorta haqqının ödənməməsi! Xidmət illəri ilə bağlı pensiyaya çıxanlara bu “kolxoz” diqqəti”ni, çətin də olsa, başadüşülən saymaq olar, bəs xidməti görəvini yerinə yetirərkən əlil, şəhid olandan xidmətdən sonra sığorta haqqının ödənməsinin tələb edilməsini necə başa düşəsən? Xidmətə yararsız əlil , şəhid əlil yatağından, cənnətdən hökumətə xidməti sığorta haqqını necə ödəsin?“Neliyim, ey vay! Bu urusbaşdılar”...
“Urusbaşdılığa” fikir verin, 13.05.2022-ci tarixli qanuna edilən dəyişiklik Konstitusiyanın 149-cu maddəsinin Vll hissəsinə zidd olaraq geriyə-2021-ci il 23 dekabr tarixli prezident fərmanına tətbiq olunaraq hərbi vəzifə maaşlarına müəyyən olunan 20 faizlik əlavənin pensiyanın yenidən 20 faizlik artıma uyğun  hesablanmasına yol vermir.

Belə çıxır, fərmanı icra etmək yerinə, gözləyiblər ki, 29.2 maddəsi ləğv olunsun və onu geriyə tətbiq etsinlər?! Budur dövlətin sosial müdafiə siyasəti? 30.12.2020 tarixli aktın geriyə tətbiq edilməsi , 19-cu maddə ilə Qarabağ əlillərinə veril(məy)ən əlavələrin kəsilməsi də Konstitusiyanın sözügedən maddəsinə ziddir. YALNIZ HÜQUQİ VƏ FİZİKİ ŞƏXSLƏRİN VƏZİYYƏTİNİ YAXŞILAŞDIRAN VƏ YA YÜNGÜLLƏŞDİRƏN.. NORMATİV HÜQUQİ AKTLARIN GERİYƏ QÜVVƏSİ VARDIR. Bəs Qarabağ əlillərinin vəziyyətini pisləşdirən, pensiyalarını azaldan 2020-2022-ci il tarixli normativ aktlar necə 15 il qabaqkı aktlara şamil olunur?
Qarabağ əlilləri və şəhidlərinin toplam sayı 30 -40 min civarındadır. Lap olsun, 50 min, bunların da çoxu pensiya təminatına hüquq verməyən yaşdadırlar. Onu demək istəyirik ki, bu 30 min civarında olan kateqoriyanın pensiya təminatını çözmək, xidmətdən sonra sığorta haqqı ödənməməsini Allahaın iradəsinə bağlamaq olmazdı? 29.2 maddəsinin Qarabağ əlilləri və şəhidlərin pensiyalarına ilgidə saxlanılmaması hökumətin sosial siyasətini puç edir.
Son günlər baş nazirin pensiyaların yeni qayda ilə hesablanması qərarı ilə artımın baş verəcəyi haqqında deyilənlər də boş sözlərdir. Sadəcə, vurğuladığımız kimi, “Əmək pensiyaları haqqında” qanunun 29.2 maddəsi 13.05.2022 tarixli qanuna dəyişikliklə ləğv olunub, hərbi təminat xərcliyi artanda qazi, şəhid pensiyaları sığorta haqqı ödənməməsi “diqqəti” ilə yenidən hesablanmayacaq, amma dolanışıq xərcləri indeksinin dəyişməsi faizinə uyğun hesablanacaq. Bu yeni qayda deyil, ötən ildən qüvvədədir. Onu da vurğulayaq ki, bunu diqqət və qayğı kimi sırımaq da ucuz şoudur. 2006-cı ilə kimi qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” qanunun 58-ci maddəsi dolanışıq xərcləri indeksinin dəyişməsi ilə bağlı pensiyaların hər il yenidən hesablanmalı olmasını diqtə edirdi.
Nə yazıq, qanunun diqtəsi məmurların özbaşınalıq diktaturası ilə əvəz olunub. Ən çox ziyan çəkənlər isə dünənin doğma, bu günün yad oğullarıdır.
Məğrur Bədəlsoy
 

0.041384935379028