FETÖ ilə bağlı gizli məlumatlar: – Xüsusi telefonlar, qruplar, mobil oyun üzərindən əlaqə...
Terror təşkilatı olan FETÖ-nün deşifrə edilən strukturunda bir sıra maraqlı detallar üzə çıxıb.
“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, FETÖ Türkiyədəki 15 iyul dövlət çevrilişi cəhdindən sonra əvvəlki fəaliyyətini davam etdirmək üçün müxtəlif yollara baş vurub.
Terrorla Mübarizə Şöbəsinin istintaq fayllarına əsaslanan hesabatlarına görə, terror təşkilatının hər bir üzvünə Türkiyənin müxtəlif şəhərlərindən xüsusi telefonlar göndərilib.
Sözügedən telefonlarda GSM xəttinin və digər lazımi proqramların olduğu, təşkilat üzvləri arasında əlaqənin əsasən “Sıgnal” proqramı vasitəsilə təmin edildiyi məlum olub. “Sıgnal”, “Vıber” və “Telegram” kimi tətbiqlərin isə xaricdəki GSM xətti ilə aktivləşdirildiyi ortaya çıxıb. Qrup üzvlərinə verilən telefonlarda kilid açma şifrəsinin 3 dəfə səhv daxil edildiyi halda özünü sıfırlamaq kimi xüsusiyyətinin olduğu bildirilir. FETÖ üzvlərinə deşifrə olunduqları halda, bu yolla telefondakı məlumatları silmək tapşırılıb.
Təşkilat üzvlərinin etirafları və texniki ekspertiza nəticələri əsasında müəyyən edilib ki, FETÖ-nün hazırkı strukturu 3 şəhərdən - İstanbul, Ankara və İzmirdən idarə olunur. FETÖ-nün hazırkı strukturunun - “Feda” qrupu, “Tələbə Quruluşu”, “Həbsxana Ailələri Quruluşu”, “Maliyyə Quruluşu”, “Qaybubet (Ruh-red.) Quruluşu”, “Serdengeçti” qrupu, “İbn-i Erkam” qrupu və “Baş Yüceler” qrupundan ibarət olduğu bildirilir. Məlumatlara görə, təkcə “Serdengeçti” qrupunun 600 nəfər üzvü var.
FETÖ strukturunda bu qrupların bir-birindən üstün olduğu deyilir. Məsələn, “Serdengeçti” qrupunun üstündə “İbn-i Erkam” qrupu, ondan üstdə isə 13 nəfərdən ibarət “Baş Yüceler” qrupu var. Sözügedən 13 nəfərin təşkilatın lideri Fəthullah Gülənin yaxın çevrəsindən olan şəxslər olduğu bildirilir.
Hesabatlarda göstərilir ki, “İbn-i Erkam” qrupu FETÖ-nün əsas nöqtəsidir və bu qrup dağılacağı təqdirdə FETÖ-nün çökmə ehtimalı yüksəkdir. Sözügedən qrupun üzvlərinin indiyənə kimi düşifrə edilə bilmədiyi, qrupun güclü maliyyə imkanlarının olduğu, qrup üzvlərinin ən azı 2 dildə danışdığı, beynəlxalq əlaqələrinin və xarici ölkələrə çıxışlarının olduğu, əsasən ticarət fəaliyyəti ilə məşğul olduqları bildirilir.
Bundan əlavə, FETÖ üzvlərinin məşhur mobil oyun LOL (League of Legends) üzərindən söhbət otaqlarına girərək virtual görüşlər təşkil etdiyi də müəyyən edilib.
Həmçinin FETÖ -yə bağlı müəllimlərin təşkilata xüsusilə orta məktəb şagirdlərini cəlb etdiyi qeyd edilir. Son vaxtlar teror təşkilatına cəlb edilən tələbələrin sayında da artım müşahidə olunduğu bildirilib. FETÖ-ya cəlb olunan orta məktəb şagirdlərinin hüquq fakültəsi, eləcə də polis və hərbi məktəblər üzrə hazırlandılqları deyilir.