Bəkir Orucov Mais Bərxudarova sifariş göndərib: “Mais Bərxudarova de ki, mən hamısını açıb deyəcəm” - 

Bəkir Orucov Mais Bərxudarova sifariş göndərib: “Mais Bərxudarova de ki, mən hamısını açıb deyəcəm” - 
 

2017-ci ilin mayında Tərtərdə yüzlərlə hərbçiyə qarşı kütləvi şəkildə işgəncələr baş verərkən eyni hadisələr həmin vaxt paralel olaraq, Beyləqanda da yaşanıb. Orada da çoxsaylı əsgər və zabit “düşmənlə əməkdaşlıq” adıyla işgəncəyə məruz qalıb. Nəticədə onlardan biri – baş leytenant Adil Sabirli işgəncə nəticəsində həyatını itirib.

2021-ci ilin dekabrında “Tərtər işi” üzrə icraat təzələnəndə Beyləqan hadisələri də yenidən araşdırıldı. Həmin hadisələrlə əlaqədar beş nəfər cinayət məsuliyyətinə cəlb olunub ki, onun da biri general-mayordur. Söhbət 2022-ci ildə həbs ediləndə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən Bəkir Orucovdan gedir. O, 2017-ci ildə Beyləqan korpusunda qərargah rəisi olub. Onunla birlikdə məhkəmə qarşısına çıxarılan daha dörd nəfər isə Müdafiə Nazirliyinin təhqiqatçısı olmuş, 2017-ci ildə Beyləqana ezam edilmiş mayor İntiqam Məmmədov, korpusun təhqiqat bölməsinin rəis müavini olmuş Rahib Məmmədov, snayper bölüyünün keçmiş komandiri Ziya Kazımov və Ülvi Rəşidovdur.

Həm Tərtər, həm də Beyləqandakı hadisələri Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev və hakimləri (Camal Ramazanov və Rafiq Abbasov) araşdırır. Lakin məhkəmə iclasları Sumqayıt Məhkəmə Kompleksində keçirilir.

Avqustun 7-də keçirilən məhkəmə iclasında bir neçə şahid dindirilib. Qulu Mirzəyev, Xaqani Əmrahov, Ceyhun Ərşadlı və digərləri təqsirləndirilən Ziya Kazımovun vəkilinin vəsatəti əsasında çağrılmışdı.

Ziya Kazımova mərhum Adil Sabirliyə işgəncə verilməsi və nəticədə onun ölməsiylə bağlı da ittiham verilib. O isə Adil Sabirlinin ölümünə aidiyyəti olmadığını deyir.

Ceyhun Ərşadlı bildirib ki, mərhum Adil Sabirlinin ölümüylə bağlı müxtəlif versiyalar eşitmişdi: “Gah dedilər pilləkəndən yıxılıb, gah dedilər, ürəyi tutub, sonra məlum oldu ki, sorğulamada olub…”.

Təqsirləndirilən İntiqam Məmmədov ailə üzvlərilə telefon danışığı və görüş qadağasına etiraz edib. O bildirib ki, istintaq dövründə onun telefon danışığına qadağa qoyulmuşdu. Amma istintaq fevralda yekunlaşıb. Artıq məhkəmə də başa çatmaq üzrədir. Lakin Bakı İstintaq Təcridxanasında ona yenə də ailəsilə əlaqə saxlamağa imkan verilmir:

“O qadağa istintaq başa çatana qədər qoyulmuşdu, artıq məhkəmə də qurtarır. Deyirlər ki, məhkəmə icazə verəndən sonra bərpa edəcəyik. Məhkəməyə də bu problemlə əlaqədar müraciət elədim. Mənə cavab verilib ki, “vəkilinlə görüşə bilərsən”. Mən orada ailə üzvlərimlə görüşü yazmışam. Vəkilimlə onsuz da görüşə bilirəm. Mən neyləyim, özümə xəsarət yetirim?”

İntiqam Məmmədov bir sıra şəxslərin, o cümlədən həmin dövrdə Beyləqan korpusunun komandiri olmuş general-leytenant Mais Bərxudarovun şahid qismində dindirilməsi barədə vəsatət qaldırıb.

Ardınca təqsirləndirilən general Bəkir Orucov çıxış edib. O narazılıq edib ki, cinayət işinin materiallarında ona aid telefon anten dairələrilə bağlı məlumatlar dəqiq deyil. Bəkir Orucov da Mais Bərxudarovun məhkəmədə dindirilməsini istəyib:

“Mais Bərxudarov o zaman düşmənlə əməkdaşlıqda şübhəli bilinən şəxslərin siyahısını Baş Qərargah rəisinə göndərib. Xahiş edirəm, o siyahı iş materiallarına əlavə olunsun. Bundan başqa, mən prokurorluğa çağırılanda Mais Bərxudarova zəng elədim. Mənə bildirdi ki, “get, nə necə varsa, eləcə də danış, məni çağırsalar, nə necə olub, kim əmr verib, nə deyib – hamısını açıb deyəcəm”. Ona görə də çağırın, gəlsin, danışsın. Bir də cinayət işinin materiallarında yazılıb ki, guya mən Baş prokurorluğa çağırılanda yanımda vəkil olub. Orada müşahidə kameraları olur. Xahiş edirəm, görüntüləri qoysunlar ortaya, vəkil nə vaxt gəlib. Mənim yanımda vəkil olmayıb”.

Bəkir Orucovun vəkilləri də Mais Bərxudarovun dindirilməsi haqda vəsatət qaldırıblar. Vəkillər bildirib ki, cinayət işində “yuxarı komandanlığın yaratdığı mütəşəkkil dəstədən” bəhs olunur. Lakin “yuxarı komandanlığın” kimlərdən ibarət olduğu bilinmir.

Bundan başqa, təqsirləndirilən Ülvi Rəşidov ifadəsində deyib ki, işgəncə otağının hazırlanması haqda göstərişi Mais Bərxudarov vermişdi:

“Belə olan halda, niyə Mais Bərxudarov dindirilməyib, bu məsələlər araşdırılmayıb?”

Vəkillərdən biri vəsatətində Müdafiə Nazirliyinin Hüquq İdarəsinin keçmiş rəisi Rauf Kişiyevin ifadəsinə istinad edərək göstərib ki, istər Tərtərdə, istərsə də Beyləqanda işgəncələrin baş verdiyi yerlərdə bir sıra yüksək vəzifəli şəxslər, o cümlədən generallar olub. Yəni işgəncələr onların gözünün qarşısında baş verib.

Vəkil müdafiə naziri Zakir Həsənov, o dövrdə nazirin birinci müavini və Baş Qərargah rəisi olan Nəcməddin Sadıqov, Müdafiə Nazirliyinin keçmiş idarə rəisləri, general Rasim Əliyev, Ramil Əsgərov (Nəcməddin Sadıqovun bacısı oğlu), Natiq Əliyev, Hilal Nəcəfov, hərbi prokuror Xanlar Vəliyev, onun müavini Şəfahət İmranov, keçmiş Baş prokuror Zakir Qaralov, birinci müavini olmuş Rüstəm Usubov, o dövrdə Tərtər və Füzulinin hərbi prokurorları olan Fuad Məmmədovla Natiq Həsənov, korpus komandirləri Mais Bərxudarov və Hikmət Həsənovun məhkəmədə dindirilməsinin vacib olduğunu vurğulayıb.

Lakin Bəkir Orucov vəkilinin vəsatətini müdafiə etməyib. O bildirib ki, yalnız Mais Bərxudarovun dindirilməsini istəyir.

Prokuror bildirib ki, işgəncə nəticəsində həyatını itirən Adil Sabirli öldürüldüyü gün Mais Bərxudarovun Beyləqan ərazisində olmadığı anten məlumatlarından görünür. Həmin məlumatlara əsasən, Bəkir Orucovla Mais Bərxudarov arasında telefon danışığı olub. Bu zaman Bərxudarov hava limanı ərazisində olub.

Prokuror deyib ki, o, həmin vaxt hadisə yerində olmadığına görə dindirməyə də ehtiyac yoxdur.

Daha bir vəkil isə bu işin ümumiyyətlə, istintaqa qaytarılması barədə vəsatət qaldırıb. Lakin hakim Zeynal Ağayev bildirib ki, qaldırılmış vəsatət qanuna uyğun deyil. Bu üzdən ümumiyyətlə, müzakirəyə çıxarılmayıb.

Məhkəmə prosesi avqustun 24-də davam etdiriləcək. Növbəti iclasda Beyləqan işgəncələrilə bağlı məhkəmə istintaqının yekunlaşacağı istisna olunmur. (meydanTV)

Paralel.az

0.01400089263916