Tələbələrin Bakıya axını BAŞLAYIR – Universitet yataqxanalarında vəziyyət NECƏDİR? – ARAŞDIRMA

Tələbələrin Bakıya axını BAŞLAYIR – Universitet yataqxanalarında vəziyyət NECƏDİR? – ARAŞDIRMA
 

Ölkəmizdə əksər tələbələr üçün universitet yataqxanaları əlçatmaz olub. Yeni tədris ilinin başlanmasına 1 ay vaxt qaldığını nəzərə alsaq, regionlardan paytaxta kütləvi şəkildə tələbə axınının baş verməsi qaçılmazdır. Üstəlik aztəminatlı ailələrdən gələn tələbələr üçün kirayədə qalmaq da çətinlik yaradır.

Yataqxanaların vəziyyəti isə ürəkaçan deyil.

Xüsusilə də qiymətlərin baha olması və tələbələrin qəbul edilməsində yaranan çətinliklər daha çox qeyd olunur. Bəzi hallarda tələbələr üçün yataqxanada qalmaq kirayə evdə yaşamaq qədər baha başa gələ bilir.

Bizim.Media yataqxana qiymətlərini öyrənmək üçün universitetlər arasında sorğu aparıb.

Bakı Dövlət Universitetindən bildirilib ki, əsasən şəhid, qazi övladları, valideynlərini itirmiş, sosial həssas qrupa aid olanların övladları yataqxanaya qəbul edilir: 

“BDU-nun Tələbə Evi 220 nəfərlikdir. 1 nəfər üçün qiymət 75 manatdır. Yeni yataqxananın inşası istiqamətində də işlər davam edir. Yeni yataqxana təxminən 2500-3000 tələbənin qalmasına imkan verəcək”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) yataqxanasında isə 1 otağın qiyməti 100 manatdır. Otaqlarda tələbələr 2 və ya 3 nəfər qalır. Və həmin məbləğ onların arasında müvafiq olaraq 2 (hərəyə 50 manat) və ya 3 (hərəyə 33 manat) yerə bölünür. Eyni zamanda həssas sosial qruplardan olan tələbələr müraciət etdikdə, ADNSU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi yataqxana xərcini tələbələrin əvəzinə ödəyir. 

Azərbaycan Dövlət Pedaqoji Universitetində isə qiymət 85 azndır. Yataqxana sadəcə xanımlar üçündür. Yerlər məhdud olduğuna görə əsasən sosial vəziyyəti aşağı olan tələbələrə öncəlik verilir.

Azərbaycan Texniki Universitetinin (AzTU) isə tələbə şəhərciyi 1965-70-ci illərdə inşa olunmuş 5 mərtəbəli, daş konstruksiyalı 6 binadan və həmin ərazidə tikintisi 1991-ci ildən yarımçıq qalmış 546 yerlik 2 ədəd 14 mərtəbəli yataqxanadan ibarətdir. 

Bu binalarda 1988-90-cı illərdə qaçqın və məcburi köçkün ailələri məskunlaşıb. Hazırda binalarda 100-dən çox ailə yaşayır. Yataqxana kompleksi tamamilə aşınıb. Binaların vəziyyəti hər hansı yaşayış standartlarına cavab vermir. Su, elektrik və qaz xətləri, habelə kanalizasiya sistemi məcburi köçkünlər tərəfindən öz məişətlərinə uyğun dəyişdirilib. Yataqxana kompleksindəki ərazidə vaxtilə mövcud olmuş idman, sağlamlıq və ictimai iaşə obyektləri, habelə ətraf yollar və yaşıllıqlar tamamilə yarasız hala düşüb.

Qaçqın və məcburi köçkünlərin köçürülmə prosesi tam yekunlaşdıqdan sonra yataqxana əsaslı şəkildə təmir olunacaq və tələbələrin istifadəsinə veriləcək.

Bəs, ekspertlər yataqxana problemi ilə bağlı nə düşünürlər?

Bizim.Media-ya açıqlamasında təhsil üzrə ekspert Elçin Əfəndi qeyd edib ki, universitetlərdə illik təhsil haqqı verən tələbələr üçün ödənişin daxilində yataqxana xərcləri də nəzərdə tutula bilər. 

Əgər bu addım atılmayacaqsa, yataqxanalar tələbələrin yararlana bilməsi üçün minimum qiymətlərlə təklif edilməlidir:

“Universitet yataqxanalarında ödənişin yığılması və hətta yüksək məbləğdə olması qəbuledilməzdir. Əslində hər bir universitetin yataqxanası mütləq olmalıdır. Ölkəmizdə isə bəzi universitetlərdə, ümumiyyətlə, yataqxana yoxdur.Olanlarda isə Azərbaycan torpaqlarının işğalından sonra məcburi köçkün düşmüş vətəndaşlarımız məskunlaşıb.

Nəticə etibarilə tək-tük universitet var ki, onlar yataqxanalarında tələbələrini yerləşdirə bilir. Bu yerləşmə zamanı da konkret olaraq yüksək məbləğ tələb edilməməlidir. Yəni tələbənin yataqxanada yerləşməsinə imkan yaradılmalı və orda təyin olunan qiymət də ən az yataqxananın kommunal xərclərini qarşılayacaq dərəcədə təyin olunmalıdır. Təəssüflər olsun ki, bəzi universitetlər daha yüksək qiymət tələb edir ki, bu da doğru deyil”. 

Ekspert universitetlərin hər birinin tələbələri yataqxanalarla təmin etmək istiqamətində işlər görməsini də vacib hesab edir:

“Çünki təkcə Bakı şəhərində yaşayan əhali deyil, regionlardan da paytaxta gələn kifayət qədər tələbə kontingenti var. Onlardan 400-500, hətta 800-1000 manat kirayə pulu verənlər də var”. 

“Təhsil almaq üçün tələbəyə mühit yaradılmalıdır”

Təhsil üzrə ekspert Kamran Əsədovun sözlərinə görə, bir çox ölkələrdə özəl yataqxanalar fəaliyyət göstərir: 

“Belə ki, həmin yataqxanalar pullu olsa da, kirayə mənzillərə nisbətən çox ucuzdur. Təhsil siyasətimiz təhsilin hər kəs üçün əlçatan olmasına yönəlib. Bu istiqamətdə addımlar da atılır. Məsələn, ali məktəbə qəbulda iki dəfə şans verirlər, universitetlərin tərkibində hazırlıq kursları yaradılır. Bütün bunların hamısı təhsilin əlçatan olmasına xidmət edən addımlardır. Ancaq təhsilin əlçatan olması yalnız bilik verməklə deyil”.

Yataqxana məsələsi dövlət səviyyəsində həll edilməli, tələbənin əsas işi oxumaq olmalıdır:

“Təhsil almaq üçün tələbəyə mühit yaradılmalıdır. Dünyanın aparıcı universitetləri kampus şəraitində fəaliyyət göstərir. Bu da ayrıca xüsusi şəhərcikdir. Hansı ki, orada tələbələr yataqxana, tıxac, kitab problemi ilə üzləşmirlər. Hətta tələbələr həmin şəhərcikdə işləyib pul da qazana bilərlər. Kampus şəraitində tələbənin heç bir problem ola bilməz. Kampusların tikilməsi bizdə də dəfələrlə gündəmə gəlib. Hətta şəhərin mərkəzində bəzi ali məktəblər üçün yataqxanaların tikilməsi nəzərdə tutulub.

Eyni zamanda bir sıra universitetlərin şəhərdən kənara köçürülməsi gündəmə gəlib. Bu istiqamətdə işlər gedir. Ümumiyyətlə, təhsilin əlçatan olması abituriyentin ali məktəbə daxil olması ilə məhdudlaşdırıla bilməz”. 

K.Əsədov çıxış yolu kimi Bakıda tikilən hündürmərtəbəli binaların bir neçə mərtəbəsinin universitetlər tərəfindən alınaraq yataqxana kimi istifadəyə verilməsini mümkün hesab edir: 

“Düşünürəm ki, iş adamları da yataqxana tikib tələbələrin ixtiyarına verə bilər. Dövlətin də bu işdə onlara yardımı olmalıdır. Məsələn, dövlət bu məqsədlə torpaq sahələrini pulsuz verə bilər. Tələbə qayğı ilə oxumamalıdır. Sosial problemlər təhsilin keyfiyyətinə təsir göstərən amildir. Təhsilin əlçatan olması üçün bu problemlər həllini tapmalıdır. Bu yolla tələbələr üçün yaranmış bir neçə ciddi problem öz həllini tapa bilər”.

 

0.018311977386475