Əzabları ilə ümidli olmağı bacaran İNSAN - Məmməd Talıblı yazır...

Əzabları ilə ümidli olmağı bacaran İNSAN - Məmməd Talıblı yazır...
 

Yaşasaydı, bu ay 71 yaşı tamam olacaqdı...

Ad günündə insan insana nə arzu edər? Hansı diləklərin çatdırar?

Azərbaycanın maarifçilik hərəkatının banilərindən olan Həsən bəy Zərdabiyə babası Rəhim bəy ona bağışladığı qılıncın üstündə bu sözləri yazdırır: “Tanrıdan sənə ağlının və dilinin iti olmasını arzu edirəm.”

İbrahim bəy üçün “ağlın itiliyi” şüurlu həyatı və parlament dövründə təcrübə ilə çulğalaşmışdı. “Dilinin itiliyi” isə onu ölkə ictimaiyyəti tanıyandan ən üstün keyfiyyəti olaraq yaddaşlarda qalıb.

“Zeynəddin kəndinin müəllimi” epitetinə qonaq olandan böyük siyasətin subyekti olana qədər onu tərk etmədi. Əksinə, bu dil siyasətin bir aləti olaraq nəinki kortalmadı, əksinə ildən-ilə itiləndi. Bu onun əlində bir alət kimi haqsız sözləri dilinin itiliyi ilə kəsmək ustadına çevirdi.

Fitrətində ədalət anlayışı olan insan üçün ədalətsiz məmləkət cəhənnəm odunda yanmaq kimi bir şeydir. Vicdanlı insanların bu dünyadakı bədəlləri böyük olur. İçində ədalət anlayışı gəzdirən və qidalandıran insanlar üçün ədalətsiz davranışlar və qərarlar daha böyük mənəvi əzab yaradır.

Haqsızlıq yer üzündə ən şiddətli əzabdır. Fiziki ağırlığından daha çox mənəvi ağrıları olur. Əksər hallarda haqqın yerinin tapması üçün uzun illər zaman laızm olur.

Həmin zamanın yaxınlaşması üçün əlindən gələni edən vicdanlı insanlardan biri istiqlalçı millət vəkili İbrahim İbrahimli idi. İbrahim bəy, məhz beləcə ədalətə təşnə insanlardan idi.

Hər yerdə, hər addımda ədalət axtarırdı. “Praqmatizm” bazarlığı və oynamaq onun üslubu deyildi. Ona görə sevilirdi, dəyərləndirilirdi.
Onunla görüşəndə hər dəfə ölkədəki vəziyyəti dəyərləndirməklə yanaşı ədəbiyyatdən də danışardıq. Ədəbiyyat hadisələrini yaxından təqib edirdi. Ən yeni nəşrləri və müasir Azərbaycan ədəbiyyatdakı yazarların əsərlərin müzakirə edərdik. Təkcə ədəbiyyatımı? Xeyr!

Onun əbədiyyət düşüncəsi də dərinə işləmişdi. İnsanın hansı adla bu dünyada yaşaması və əbədiyyətdə xatırlaması onun üçün mühüm prinsiplərdən sayılırdı.

Bütün bu dəyişməz prinsipin və əbədiyyət düşüncəsinin olması onun ora necə hazırlaşdığını hamıya işarə edirdi. O, yaddaşlarda qalmanın təsvirini çox aydın sürətdə çəkə bilmişdi.

İnsanın dəyərlər sistemi var idi. Merkantilizmə və materialist düşüncəyə aşağılayıcı nəzərlə baxırdı. Çünki o, idealist obrazında ölkə siyasətində qalmaq istəyirdi. Onun praqmatik-idealist seçimində yeri aydın idi. Xeyirlə şərin mübarizəsində mövqeyini lap çoxdan dəqiqləşdirmişdi.

Məhz buna görə Azərbaycan cəmiyyətində onun idealist düşüncəli siyasətçi möhürü mübahisə yaratmadı. Və bu adla əbədiyyətə qovuşdu.

Ruhu şad olsun, əzizimiz İbrahim bəy! Ruhunu dərin hörmətlə anırıq. Daha sənsiz olaraq sənin qapını döyürük. Sənsiz olaraq dostlarınla sənin haqqında danışırıq. Sənsiz hər şey çox solğun olub.

P.S. İnanmağa çətinlik çəkirəm ki, gün gələcək, sənin haqqında yazdığım nekroloq üçün fotonu özün olmadan sənin profilindən götürüb paylaşacam. Başa düşüməyə çətinlik çəkirəm, əziz dost!

"Paralel.az"

0.02362585067749