Mükafat alanlara cəmiyyətdə münasibət - İqtisadi Təhlil İnstitunun rəhbəri

Mükafat alanlara cəmiyyətdə münasibət - İqtisadi Təhlil İnstitunun rəhbəri
 

Məmməd Talıblı yazır...

Normal məntiqlə insan uğur qazananda sevinməlidir. Zəhmətinin qarşılığı qiymətləndiriləndə məmnun olmalıdır. Ona mükafat veriləndə ictimai nüfuzunun artmasının şahidi olmalıdır.
Və nəticədə bu mükafatlar onu yeni uğurlara motivasiya etməlidir.

Bir ətrafımıza baxın, tanınmış sənət sahibləri min əziyyətlə uğur qazanırlar. Ovuclarında od daşıyıb öz sahələrində seçilirlər. Min bir əziyyətlə sənətlərinin zirvəsinə çatırlar. Lakin ödül törenindən sonra ictimai rəy elə bil onları göydən yerə vurub mübahisəli adama çevrirlər.

Halbuki vicdanla yanaşdıqda əslində həmin sənətçilər verilən rəsmi adlara çoxdan haqq ediblər. Amma ictimai rəy bu mükafatı onların az qala burnundan gətirir. Onları qınayan kim, solaxay sual verən jurnalist kim, ondan üz döndərən kim və daha hansı ağır ittihamlar...
Az qala həmin şəxsləri toplum "şişə"taxır.

Mənə elə gəlir ki, cəmiyyətin tanınmışlardan daha böyük gözləntiləri var. O problemlərinin həllini daha dəqiq və ünvanlı tələb etmək məsuliyyətini hansısa sənət adamlarından daha çox gözləyir. Bunun əsas günahını mükafata alıb şəxsi qayğısının azaltmaq istəyənlərdə görür.

Xüsusilə də burada Rasim Balayevin özü də ironiya ilə, ritorik sual kimi qoyduğu "bəlkə mən ziyalı deyiləm" fikri özündən mühüm gözləntilərinin olmamasına da işarədir.

Bu zaman gündəmə “ziyalı kimdir” sualı çıxır. Açığı bu mübahisəli deyil. Onun kriterləri əsasən dəqiqdir. Bu sual və mövzu ətrafında bəzi fikirləri 2 il bundan öncə işıq üzü görən “Elm-kitab-müəllim üçbucağı” kitabımda daha geniş olaraq aydınlıq gətirməyə çalışmışam.
Qeyri-təvazökarlıqla hər birinizdən üzrxahlıq edib, mövzu ilə əlaqəli bəzi iqtibasları verməyi vacib bildim;

• İntellektuallar ziyalıların yanında özlərini daha çox oxumuş, ziyalılar isə onların arasında özlərini daha cəsarətli sayırlar.

• Oxumuş insanlar əsasən intellektual olurlar. Necə deyərlər, oxumuş insanlar intellektuallardırlar. İntellektualların zehni maraq dairəsinin əhatəliliyi və fəaliyyətləri dərinliyi ilə seçilir. İntellektualın əqli mühakimələri, bilik istehsalı, və yaradıcı düşüncə tutumu ziyalılardan, adətən, daha irəlidə olur. İntellektualların fikirləri daha iti və qabaqcıl olması ilə seçilir.

• Ziyalını intellektualdan fərqləndirən əsas əlamətlərdən biri həqiqətin axtarışı zamanı onların nümayiş etdirdikləri əzmkarlıq və iradə gücü ilə bağlıdır. Əgər oxumuş adam haqqı aramırsa, onu sadəcə informasiya daşıyıcısı saymaq olar. İntellektualın düşünə bildiyini ziyalı özünün mənəvi və düşüncə süzgəcindən keçirərək deyən şəxsdir. Ziyalıya “ayıya” “dayı” dedizdirə bilməzsən.

• Ziyalılar əsasən nurlandırılmış hazır düşüncələrə bağlı olurlar. Həmin düşüncəni özü istehsal etməyə də bilər, amma ziyalı dediyimiz şəxs onu deyə bilmək bacarığını özünə missiya seçən şəxsdir. Bu baxımdan ziyalıda tənqidi ruh güclü olur.

• Bizim cəmiyyətin indiki bəlalarının əksəriyyətinin səbəbləri intellektualların ziyalılardan sayca çox olmasından qaynaqlanır. İntellektualların fərdi nailiyyətləri var. Hansısa çətir altında özlərini reallaşdırırlar. Ziyalılar isə kirpicləri ilə od götürüb yaşamağa məhkum edilib.

Həyat onsuz da belədir:
Ya haqqın, yaxud yalanın bir hissəsi olursan.
Ya inkişafın, yaxud tənəzzülün bir hissəsində yer tutursan.
Ya problemin, yaxud həllin bir hissəsinə çevrilirsən.

"Paralel.az"

0.0096769332885742