Köhnə proses, köhnə dalan... - Qəzənfər Həmidoğlu

Köhnə proses, köhnə dalan... - Qəzənfər Həmidoğlu
 

Köhnə prosesdən təzə bir şey, eyni proseslərdən eyni iştirakçılarla fərqli sonuc çıxmaz. Bizim sülh prosesi də fırlandı, dolandı və yenidən sürünüb girdi dalana. 

2023-cü ilin ilk yarısında Qərb formatlarında (Vaşinqton və Brüssel) effektivliyi və dinamizmi ilə ümidləri artıran Ermənistan-Azərbaycan danışıqları yayda “Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin təminat” məsələsində və Laçın yolunda dalana dirəndi.
Moskva “fürsətdir” deyib təşəbbüsü ələ almağa girişdi, hətta bir qədər “konstruktivləşdi”. Azərbaycan və Ermənistan XİN başçıları ilə üçtərəfli görüşündən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Brüssel və Vaşinqtonda əldə olunanları ehtiva edən və bir az da irəli gedən mesajlar verdi - Moskva ilk dəfə Bakıya birbaşa jest edərək Qarabağın etnik ermənilərini faktiki olaraq Azərbaycana tabe olmağa çağırdı: “Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyinin təminatları məsələsinin həllinə Azərbaycanın ərazi bütövlüyü kontekstində yanaşılacaq”; “Ermənistanda Qarabağ ermənilərini tez bir zamanda Azərbaycan nümayəndələri ilə qarşılıqlı əlaqədə olmağa inandırmaq, onların hüquqlarını Azərbaycanın hüquqi sahəsi və beynəlxalq öhdəliklər çərçivəsində əlaqələndirmək üçün dərhal səylərin vacibliyini başa düşürlər” kimi Bakının qulağına xoş gələn sözlər sərf etdi.
Qərb platformalarında Azərbaycanın ərazi bütövlüyü vurğulanır, amma “Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyinin təminatı”ndan danışanda bunun ardı gətirilmir, fikir bitirilmir - yəni, bu təminat üçün Azərbaycanın ərazi bütövlüyünün çərçivəsi vurğulanmır. Bu qeyri-müəyyənlik, sürüşkənlik nəticəsində erməni tərəfi “hüquq və təhlükəsizliyin təminatı”nı fərqli interpretasiya edir, bunu “status” kimi də yoza bilirlər. Qərb platformalarında Laçın yolu ilə bağlı ABŞ və Avropa İttifaqının mövqeyi isə şübhələrə yer qoyur. Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə Ali təmsilçisi Cozep Borrel Azərbaycanın Laçın yolundakı sərhəd-nəzarət məntəqəsini “atəşə tutmaq”la məşğuldur, Ağdam-Xankəndi yolunu Laçın yoluna alternativ saymır. Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “biz Dağlıq Qarabağ əhalisinin hüquqlarını və təhlükəsizliyini təmin edəcək həll yolu üzərində işləyirik ki, insanlar öz evlərində özlərini təhlükəsiz hiss edə bilsinlər” deyir və Laçın yolunun Azərbaycanın nəzarətində olması qanını qaraldır. İstənilir ki, ermənilərin istəyinə uyğun olaraq Laçın yolu eksterritorial dəhliz olsun. Aşkar şəkildə Laçın yolunun Azərbaycanın yurisdiksiyasında olması həzm edilmir, Rusiyanı düşmən sayırlar, amma yolun onun sülhməramlı kontingentinin (RSK) nəzarətində qalmasına çalışırlar. Konsepsiya belədir - RSK “dəhliz”də qalır, ta ki Qərb missiyası onu əvəz edənədək...
Laçın yoluna nəzarətini bərpa edən Azərbaycanın suveren iradəsinə müqavimət göstərilməsinə, təzyiqlər edilməsinə, manipulyativ polemikalara gedilməsinə cavab kimi Laçın yolunun əhəmiyyətinin azaldılması fonunda “Laçın dəhlizi” narrativi siyasi leksikonumuzdan birdəfəlik çıxarılmalıdır. Aydındır ki, Xankəndinin İrəvana bağlılığı minimuma endirilmədən reinteqrasiya prosesinə başlamaq mümkün olmayacaq.
Lavrovun mesajlarına gəldikdəsə, Rusiyanın motivi aydındır: vasitəçi monopoliyasını bərpa etmək. Azərbaycan üçün fərqi yoxdur, sülhə hansı formatla nail olacaq. Amma mahiyyəti etibarı Moskva danışıqlarda konstriktiv ola bilməz, çünki sülh Rusiyanın Cənubi Qafqazdakı geosiyasi maraqları baxımından nonsensdir. Tarixi təcrübəsi belədir ki, Rusiyanın vasitəçiliyi də, qarantiyası da, öhdəliyi də, bəyanatları da, konstruktiv ideyaları da manipulyativ gedişlərdir. Moskva olan yerdə yalnız geosiyasət var, sülh yoxdur. Sülh – Rusiyanın antonimidir.
Lavrov sülh prosesini sürətləndirmək mesajları səsləndirir, onun işçisi - RF XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar isə şefindən fərqli düşünür: “Tələm-tələsik hazırlanmış çiy sülh müqaviləsi bölgəyə davamlı sülh gətirməyəcək. Əksinə, gələcəkdə yeni münaqişələrin, faciələrin əsasını qoyacaq".
Moskvanın planı Qarabağ məsələsini gələcək nəsillərə saxlamaqla özünü də bölgədə saxlamaq idi. Amma Kreml gördü ki, proses onsuz da gedir, özünü ortaya atdı ki, prosesi birbaşa dalana pərçimləsin. Qarabağ keysinin (separatçı rejim və qanunsuz silahlı dəstələri, RSK, etnik ermənilərin hüquq və təhlükəsizliklərinin təminatı, Qarabağ ermənilərinin reinteqrasiyası və Azərbaycanın təklifləri, Bakı-Xankəndi dialoqu və məkanı, “humanitar yollar”ın savaşı - Ağdam-Xankəndi trassı vs Gorus-Laçın-Xankəndi, “blokada”, “humanitar böhran” psevdonarrativi, İrəvanın 19 TIR “humanitar yardım” dirənişi, Qarabağ separatçıları içərisində ixtilaflar, ayrı-ayrı fiqurların (Arayik Harutyunyan, Samvel Babayan, Ruben Vardanyan və s.) guya müstəqil oyunları, Qərbin və Rusiyanın separatçı rejimlə oyun və gedişləri, Azərbaycanın qapatdığı Qarabağ mövzusunu beynəlmiləlləşdirmək istəkləri, bütün bu zəmin və şərtlərin hərbi əməliyyatlara və ya savaşa aparması təxmin və iddiaları) ön plana çıxması ilə sanki sülh danışıqlarını ( delimityasiya müzakirələri, xəritə çəkişmələri, kommunikasiyaların açılması) iflic vurdu...
Aydındır ki, problem Laçın yolunda, “blokada”da və ya Azərbaycanın “anti-humanist obrazı”nda deyil. Etnik ermənilər reinteqrasiya olunmaq istəmirlər – onların böyük hissəsi Azərbaycanın tərkibində həyatlarını görmür, amma Qarabağdan da çıxıb getmək istəmirlər. Vasitəçilərin maraqları, qeyri-adekvat mövqeləri nəticəsində yaranan situasiya separatçı rejimdə oyunçu, mövcud geosiyasi reallıqda “subyekt”liyi illüziyasını artırır. Nəticədə Arayik Harutyunyan Ermənistan İctimai Televiziyasına müsaibəsində yekəbaşlıq edir, “müstəqillik uğrunda mübarizə”dən danışır, Azərbaycanın ünvanına insinuasiyalar səsləndirir...
Azərbaycan postsavaş dönəmində danışıqlar masasında nə əldə edibsə, meydandakı pressinqi və başqa hərbi-siyasi manevrləri ilə əldə edib. Danışıqlar masasında yalnız sülh ümidi var, başqa heç nə yoxdur. Belə görünür ki, prosesi irəlilətmək üçün Bakı hərbi-siyasi opponentlərinə, onların iddialarına adekvat mesaj və kontrarqumentlərlə reaksiya verməyə məcburdur. Yalnız ekzistensial sarsıntı Ermənistanı ağlını başına yığmağa məcbur edir. Təcrübə belədir ki, gücün varsa və bu güc vaxtında meydandadırsa, nəticə də olacaq, həzm də ediləcək, hətta narazılar tərəfindən də...

"Paralel.az"

0.019505977630615